SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə
Azərbaycanın Türkmənistan neftinin tranzit hüququnu itirməsi 2018-ci ilin noyabrında “SOCAR Trading S.A.”-nın tenderə girməməsinin nəticəsi idi. O zaman şirkətin rəhbərlərinin başının üstünü “qara buludlar” almışdı, SOCAR-ın bəzi strukturlarında yoxlamalar başlamışdı və nəticədə “SOCAR Trading” Türkmənistandakı tenderə hazırlaşmamışdı.
Bu ilin yanvarında Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə tranziti dayandırıldı. Azərbaycan gözlənilmədən ildə təxminən 4 milyon ton türkmən neftinin Dübəndi terminalı üzərindən aşırılması imkanından məhrum oldu. Hazırda neft Rusiyanın Mahaçkala limanıdan boru kəməri ilə Novorossiysk limanına, oradan isə dünya bazarına çıxarılır. Ekspertlər hesab edirlər ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Türkmənistan neftini itirməsi kəmərin istismar xərclərini artırmaqla yanaşı, Azərbaycanın tranzit gəlirlərinin azalmasına da ciddi təsir göstərəcək. Amma bunun “SOCAR Trading S.A.” şirkətinin rəhbərliyində təmsil olunan bəzi şəxslərin şəxsi biznesinə təsiri olmayacaq.
Azərbaycanlı neftçi fəhlə
Ədnan Azəri oğlu Əhmədzadə 2010-cu ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisidir. O, ölkə daxilində və xaricində neft və neft məhsulları satışı ilə məşğul olan bu qurumda 1997-ci ildən çalışır. 2011-ci ildən isə neftlə ticarət etmək məqsədilə İsveçrədə yaradılmış “SOCAR Trading S.A.” şirkətində məsul vəzifələr tutub. 2018-ci ilin mayında şirkətin icraçı sədri təyin olunan Ədnan dekabrda, Türkmənistan neftinin tranzit hüququnun itirilməsindən sonra “SOCAR Trading S.A.” şirkətində bir çoxu kimi onun da səlahiyyətləri dayandırılıb.. O zaman SOCAR-da aparılan vergi yoxlamaları gedişində Ədnan Əhmədzadənin saxlanılması barədə gəzən şayiələr isə təsdiqini tapmadı.
Antalyanın və Londonun daşınmaz əmlak bazarında ilk addımlar
Dövlət şirkətində işləmək qırx bir yaşlı Ədnana şəxsi biznesini qurmağa mane olmayıb, bəlkə də kömək edib. Britaniya şirkətlər reyestrinə təqdim etdiyi məlumatlarda Ə. Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərinin vergi ödəyicisi ödəyicisi olduğunu açıqlayıb. Bu, 2015-ci ildə Londonda özəl biznesə girişərkən baş verib. Bunadək isə o, Antalyada daşınmaz əmlak bazarında özünü sınamışdı.
2006-cı ilin avqustunda Ədnan Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan Qərib Orucovla birlikdə “Ahmadzada Turizm Gida Petrol Ticaret Sanayi Limited” şirkətini yaradır.
Sənəd: Türkiyə Ticarət Reyestri qəzeti
30 min lirəlik ilkin kapitalın 21 minini Ədnan (Vergi ödəyicisi nömrəsi: 0100396070 ) yatırır. Sonralar ortaqlığa Zaur Səmədov və Fərəh Hacıyeva da qoşulurlar. Nəticədə şirkətin kapitalı 1 milyon türk lirəsinə qaldırılır. 2012-ci ilin yanvarında isə Ədnan bu şirkətdəki nominal qiyməti 175 min lirə olan 70 ədəd payının hamısını Z. Səmədova açıqlanmayan qiymətə satır. Dörd ay keçər-keçməz Z. Səmədov və F. Hacıyeva şirkətin ləğvi barədə qərar verirlər.
2015-ci ilin dekabr ayında Ədnan Əhmədzadə Britaniyada 100 funtluq kapitalla “AA Properties 2000 Ltd” şirkətini (qeydiyyat nömrəsi: 09903368 ) təsis edir.
Mənbə: AA Properties 2000 Ltd şirkətinin reyestr məlumatı
İki ay sonra Ədnan Londonda, Lanterns yolu, Denison House, ev 20 ünvanında yerləşən 409 nömrəli mənzili satın alır. İnvestisiya əmlakının satın alınmasını “SG Hambros Bank (Channel İslands) Limited” ofşor bankı maliyyələşdirir. Kredit Bakı şəhəri, Nəcəf bəy Vəzirov küçəsi, ev 11D, mənzil 22 ünvanında qeydiyyatda olan Ədnanın adına rəsmiləşdirilsə də, mənzil onun şirkətinin adına qeydə alınır və kreditin təminatı kimi həmin mənzil girov qoyulur. 577,6 min funt məbləğində qiymətləndirilən bu əmlak 2016-cı ilin avqustunda Battle House, 1-dən (poçt ünvanı EN48RR) Old Burlington küçəsi, 32 ünvanına (W1S 3AT) köçürülən “AA Properties 2000 Ltd” şirkətinin yeganə aktividir. 2016-2017-ci illərdə Ədnan Əhmədzadə ipoteka öhdəliklərinin bağlanmasından ötrü 22,4 min funt ödəyir. 2017-ci ilin yanvarından etibarən bu daşınmaz əmlak şirkətinə 25 yaşlı Nigar Kərimli rəhbərlik edir. N. Kərimli müxbirimizə şirkətin daşınmaz əmlak bazarında fəal əməliyyatlar apardığını bildirsə də, Ədnan Əhmədzadənin bu şirkətin idarə olunmasında iştirakı haqda suala cavab verməyib.
Əhmədzadələr ailəsinin Londonun əmlak bazarına ikinci gəlişi
Əhmədzadə ailəsinin Britaniyada əmlakı bununla məhdudlaşmır. “SOCAR Trading” və İsveçrədə təsis olunmuş digər bir şirkətin (“STL Oil and Gas SA”) menecmentində təmsil olunan böyük qardaşı Xəyal 2018-ci ilin noyabr ayında “PC Assets Limited” şirkətinə (şirkət nömrəsi: 08715209) nəzarət etməyə başlayıb. “Bloomberg” agentliyinin məlumatına görə, Xəyal Əhmədzadənin SOCAR-a gəlişi 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil illərinə təsadüf edir. O, SOCAR-da 1995-ci ildən işləyir.
Kapitalı 1 milyon funtdan çox olan “PC Assets Limited” şirkətində payların 25 faizdən az olmayan hissəsi Əhmədzadə qardaşlarının atasına məxsusdur. Ötən ilin dekabrında 70 yaşını qeyd edən Azəri Əhməd oğlu Əhmədzadə uzun illər Mədəniyyət Nazirliyində rəhbər vəzifələrdə çalışıb. “PC Assets Limited” şirkətinə “SOCAR Trading” şirkətinin daha iki azərbaycanlı əməkdaşı: Toğrul Rzayevvə Elmir Ağamalıyev də sərmayə qoyublar.
Əhmədzadə qardaşlarının Bakıda da bir çox kommersiya əmlakının olduğu bildirilir. Onların arasında Xəyal Əhmədzadənin direktor olduğu “Valentis” şirkəti də var.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə
Beş ildə 90 neftçi həlak olub
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı dəniz neftçilərinin maaşının onların əmək şəraitinə adekvat olmadığına diqqət çəkir:
“Ağır şərtlər altında çalışan neftçilərə dəniz özüllərində yaradılan yaşayış şəraiti acınacaqlıdır. Söhbət köhnə platformalardan gedir. Neftçilər sanitar qovşaqların yararsız olmasından narazılıq edirlər. Hamam otaqlarındakı su qızdırıcıları tez-tez sıradan çıxır. 28 May və Neft Daşları NQÇİ-lərin platformalarında çalışanlara gündəlik 15 manat ezamiyyə haqqı işçinin özünə verilmir. Həmin vəsaiti SOCAR işçilərin qidalanması üçün ödənilməli olan 3 manat 80 qəpiyin üstünə əlavə edib birbaşa “Xəzər İaşə” MMC adlı özəl təchizatçının hesabına köçürür. Təşkilatımıza daxil olan məlumata görə, təkcə ötən il SOCAR-da bədbəxt hadisə nəticəsində 4 nəfər həlak olub. Bu il daha bir neftçi həyatını itirib. Ümumiyyətlə, son beş ildə ölkənin neft sektorunda 90 nəfər həlak olub. Bunun 90 faizi SOCAR-ın işçisidir. Bax, bu şəraitdə işləyən dəniz neftçiləri yemək xərci də daxil olmaqla 1000-2000 manat əmək haqqı alırlar. Bu, kiməsə çox görünə bilər. Amma bəzən həyatı bahasına neft çıxaranlar üçün bu, heç də zəhmətin əvəzi deyil”. Meydantv
[center][thumb]https://xeberfakt.az/uploads/posts/2021-11/1638040096_whatsapp-image-2021-11-27-at-22_54_11.jpeg[/thumb]
[thumb]https://xeberfakt.az/uploads/posts/2021-11/1638040060_whatsapp-image-2021-11-27-at-22_54_10.jpeg[/thumb][/center]