İdman

Üç idman növü Olimpiadaya daxil edilə bilər

Üç idman növü Olimpiya Oyunlarına daxil edilə bilər.

ZirveYolu.info xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iclasında sambo, lakros (Kanadanın milli oyunu) və kikboksinq üç il müddətinə tanınıb.

Beynəlxalq Sambo Federasiyası, Kikboksinq Təşkilatlarının Dünya Assosiasiyası (WAKO) və 2008-ci ildə yaradılmış Beynəlxalq Lakros Federasiyası üç il müddətində özlərinin inkişaf proqramlarını maliyyələşdirmək üçün BOK-dan maliyyə alacaq. Onların tam üzvlüyü, yəni bu idman növlərinin Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi məsələsi daha sonra müzakirə ediləcək.

Onu da bildirək ki, sambonun Olimpiya Oyunlarına daxil edilməsi üçün ilk müraciət 2009-cu ildə edilib. Kikboksinq üçün isə iki il əvvəl belə müraciət olub.

Ancaq boks 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər. Artıq BOK Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) maliyyəşdirilməsi, bilet satışı, test tədbirləri və oyunların yekun qrafikinin hazırlanması proseslərini dayandırıb. Sözügedən qurumun Olimpiya obyektləri, reklam materialları üçün rəmzlərindən istifadə qadağan edilib.

Bu qadağaya əsas səbəb AIBA-nın yeni seçilmiş özbəkistanlı prezidenti Qafur Rəhimovdur. 67 yaşlı özbək biznesmen 2012-ci ildə ABŞ-ın Maliyyə Departamenti tərəfindən “Qardaşlar Dairəsi” (“Bratski Kruq”) adlı kriminal qruplaşmanın üzvü kimi tanınaraq maliyyə sanksiyası ilə üzləşib. Həmçinin AIBA-nın idarəetmə, maliyyə və antidopinq üzrə hesabatları BOK-u qane etməyib.

Qeyd edək ki, 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək növbəti iclasda boksun Olimpiadada qalıb-qalmayacağı ilə bağlı yekun qərar veriləcək.

Onu da bildirək ki, Tokio Olimpiadasında ilk dəfə olaraq karate, beysbol, qayaya dırmanma, sörfinq və skeytbordinq idman növləri üzrə yarışlar keçiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir