Cəmiyyət

Həbsdə olan generalın əmlakları özünə qaytarılır – MTN İŞİ…

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin(MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Qaynarinfo xəbər verir ki, proses başa çatmasa da, artıq zərərçəkənlər məhkəmənin onların mülki iddiları ilə bağlı hissədə verəcəyi qərardan danışırlar. Deyirlər ki, Bakı Hərbi Məhkəməsi Mövlan Şıxəliyevlə qeyri-rəsmi razılaşma əldə edib. Həmin razılaşmaya əsasən, mülki iddialar qəbul edilməməlidir. İbtidai istintaq dövründə Mövlan Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlaklarını Bakı Hərbi Məhkəməsi özünə qaytarılmalıdır.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ötən gün baş tutan açıq məhkəmə prosesinə jurnalistlər yenə də buraxılmayıb. Media mənsublarının hansı səbəbdən prosesə buraxılmadığı açıqlanmır. Hakim Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini qapalı keçirməsinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da susqunluq nümayiş etdirir.

Prosesdə isə hakim vəkillərə qarşı qanunsuzluq etməkdən çəkinmir. Vəkillərdən çox kobud şəkildə telefonlarının nəzarətçilərə təvil verilməsini tələb edir. Bununla bağlı zərərçəkən Nizami Kazımovun vəkili Elçin Sadıqov məlumat verib:

“Məhkəmə iclasında prosesə “sədrlik” edən hakim Elbəy Allahverdiyev özünü hakim kimi yox, etik qaydalara belə əməl edə bilməyən şəxs kimi aparır. Hər kəsdən telefonunu qanunsuz alan hakim mənim telefonumu da almasına etiraz edəndə dedi ki, səsinin tonunu kəs. Sanki mən pıçıldayaraq danışmalı və bundan üzr istəməli idim. Guya məni ilk dəfə eşidirdi və səsimin gur olduğunu bilmirdi. Hətta bu sözü deyərkən ədəbsizcəsinə sağ əlinin baş və şəhadət barmağını maqqaş formalı hərəkət etdirməyi də unutmadı. Sadəcə olaraq səbrimi boğdum. Belə ruhi-əsəb problemləri olan, özünü aparmağı bacarmayan, etik qaydalara əməl etməyən adamın nə üçün hakim kimi qalmağı məni təcübləndirdi. Vəkil yoldaşların xahişi ilə telefonu verdim. Bu telefon məsələsinə Vəkillər Kollegiyasının Rəyasət Heyəti aydınlıq gətirməyə çalışsa da, belə hakimlərin ucbatından qanunlar pozulur. Halbuki, elektron məhkəmədə sənədlərə baxılması, yüklənməsi və s. hərəkətlərin hamısı asan imza və internet vasitəsi ilə olur. Hakimin belə qanunsuz hərəkəti nəticəsində baxılan həmin iş üzrə heç bir sənədə baxmaq imkanım olmadı. Halbuki, Mövlan Şixəliyev tərəfindən verilən vəsatətlər və digər sənədlər elektron məhkəmədə olduğuna görə sənədlərə çatmaq imkanım olmadı. Məhkəmələrə vəkillərin telefonla buraxılması məsələsi bir dəfəlik həll edilməlidir”.

Vəkilin qaldırdığı digər məsələ iş üzrə mülki iddiaların qəbul edilməsi üçün rüsum tələb edilməsi ilə bağlıdır. Vəkil qeyd edib ki, bu məsələyə aydınlıq gətirməsi üçün Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib:

“Son vaxtlarda cinayət işləri üzrə məhkəmələrdə rastlaşdığım problem və ikili yanaşma ilə bağlı yazıram. Bildiririəm ki, son dövrlərdə məhkəmələr arasında cinayət prosesi zamanı mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsi ilə bağlı fikir ayrılıqları vardır. Bəzi məhkəmələr mülki iddia üçün dövlət rüsumunun ödənilməli olmadığını bildirsələr də, bəzi məhkəmələr dövlət rüsumunun ödənilməli olduğunu bildirirlər. Hətta, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin adları Hökumət Ödəniş Portalında olmadığından həmin məhkəmələrə dövlət rüsumları ödəmək mümkün deyil. Həmin məhkəmələr mülki iddiaları dövlət rüsumu olmadan icraatlarına qəbul edirlər.

Bildiyiniz kimi AR CPM-dən 182-ci maddə çıxarılıb. AR CPM-nin iddia ərizəsini qəbul etməkdən imtina edilməsini nəzərdə tutan 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.

AR CPM-nin 183.3. maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Göründüyü kimi mülki iddianın icraata qəbul edilməsindən imtina olunması əsasları arasında dövlət rüsumunun ödənilməsi göstərilməmişdir.

AR CPM-nin 179.2. maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

Qeyd edilməlidir ki, qeyd edilən maddəyə görə mülki prosessual qanunvericiliyin normasının tətbiqi imperativ xarakter daşımır. Həmçinin qeyd edilən maddə mülki iddianın icraata qəbulunu deyil, mülki iddia üzrə icraatda (!) zəruri olan qaydaları nəzərdə tutur. Yəni qəbuledilənliklə bağlı əsasları deyil prosessual əsasları nəzərdə tutur. Məsələn maddi zərərin məbləğini, xəstəxana xərclərini sübut etmək, hüquq xidməti xərclərinə dair sübutlar təqdim etmək kimi çəkişmə prinsipinin meyarlarını nəzərdə tutur.

Digər bir tərəfdən Dövlət rüsumu haqqında AR Qanununa əsasən mülki işlərdə apelyasiya və kassasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumunun 50%-nin ödənilməsi, eyni zamanda AR MPM-də apelyasiya və kassasiya şikayətləri üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğu halda AR CPM-də apelyasiya və ya kassasiya şikayəti vermək hüququ olan şəxslərin (apelyasiya, kassasiya şikayətinin kim tərəfindən verilməsindən asılı olmayaraq) dövlət rüsumu ödəməli olması nəzərdə tutulmayıb”.

Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Proses “Kapital Bank”ın “Tərəqqi” filialının müdiri olmuş Hüseyn Səfərovdan MTN-də girov saxlanılmaqla 2 milyon dollar alınması epizodu üzrə şahidlərin dindirilməsi ilə bağlı davam etdirilib.

Prosesdə ilkin olaraq Hüseyn Səfərovun övladları, yaxın qohumları dindirilib. Hüseyn Səfərovun övladları bildiriblər ki, ataları 2008-ci ilin oktyabrında MTN-ə aparılıb. Orada 67 gün “Meşə qardaşları” dəstəsi üzvlərinin yanında girov saxlanılıb. Həmin müddət ərzində onlardan atalarının azad edilməsi üçün 3 milyon dollar tələb olunub. Sonda qohum-qardaşlarından topladıqları və özlərinin əmlaklarının satışından əldə etdikləri 1 milyon 650 min dolları Hüseyn Səfərovun oğlu Rüstəm Səfərov aparıb MTN-in yaxınlığında Vüsal Ələkbərova verib. Bundan sonra ataları girovluqdan azad olunub. Hüseyn Səfərov azad edildikdən sonra evini sataraq yerdə qalan 350 min dolları da oğlu Rüstəmlə bərəbər aparıb Mövlan Şıxəliyevə çatdırıblar. Pulu onlardan MTN binası yanında Vüsal Ələkbərov alaraq binaya aparıb.

Mövlan Şıxəliyevin vəkili Ceyhun Yusifov Hüseyn Səfərovun qızına atasının nədə ittiham edilməsi ilə bağlı sual verib. Şahid deyib ki, bu haqda onlara vəkilləri məlumat verib:

“Vəkil gülə-gülə dedi ki, atanızı dələduzqluqda ittiham edirlər. Mən hüquqşünasam. Vəkilin gülməyinin səbəbini də anlayırdım. Çünki dələduzluq cinayətinin araşdırılması qanunla MTN-in səlahiyyətlərinə aid deyildi. MTN faktiki olaraq polisin səlahiyyətlərini mənimsəməklə atama qarşı qondarma, saxta ittiham irəli sürmüşdü. Hamı bilirdi ki, atamı bizdən pul qoparmaq üçün girov götürüblər”.

Vəkili digər sualı MTN-ə aparılan pullaırn hansı əsginaslarda olması ilə bağlı olub.

Hüseyn Səfərovun oğlu sualı cavablandırıb. Deyib ki, Vüsal Ələkbərova verdiyi 1 milyon 650 min dollar əsasən 100-lük əsginaslardan ibarət olub.

Mövlan Şıxəliyevin digər vəkili də Hüseyn Səfərovun övladlaırna bir neçə sual verib. Vəkillərin verdiyi suallar zərərçəkənlərin və onların yaxınlarının etirazı ilə qarşılanıb. Onlar vəkilləri işin mahiyyətindən kənar, mənasız suallar verməkdə ittiham ediblər.

Məhkəmə prosesi zamanı üzə çıxıb ki, Vüsal Ələkbərov Mövlan Şıxəliyevin göstərişi ilə Hüseyn Səfərovun ailə üzvlərini hamısını bir yerdə MTN-ə çağırtdırıb. Onların hər birindən tələb edib ki, “Texnikabank”da adlarına olan hesablardakı pullardan imtina etmələri haqda ərizə yazsınlar. Ərizədə pullarından könüllü şəkildə imtina etdikərini qeyd etsinlər.

Sonradan həmin pullar Eldar Mahhmudovun yaxın dostu Çingiz Əsədullayevin rəhbərlik etdiyi “Azəriqazbank”a köçürülüb. Məhkəmədə həmçinin bəlli olub ki, pulların bir hissəsi depozit hesablardan nağd şəkildə çıxarılıb.

Məhkəmə zamanı şahid Zaməddin Məmmədov dindirilərkən yeni hal müəyyən edilib. Məlum oldu ki, Hüseyn Səfərovun oğlu 1 milyon 650 min dollar pulu MTN-ə apararkən digər bir maşınla onu Zaməddin Məmmədov müşayət edib.

Şahid bildirib ki, Rüstəm Səfərovun əlindəki pul dolu çantanı alıb qaçma ehtimalını nəzərdən keçiriblər. Bu ehtimalı aradan qaldırmaq üçün Rüstəm Səfərov pulu Vüsal Ələkbərova təhvil verənə qədər gizli şəkildə müşayət edib.

Şahid məhkəmə zamanı bildirib ki, Rüstəm Səfərov pul dolu çantanı məhkəmə zalında əyləşən Vüsal Ələkbərova oxşayan şəxsə təhvil verib. Həmin şəxs pul dolu çantanı alandan sonra MTN binasına tərəf gedib və binaya daxil olub. Şahid deyib ki, həmin şəxs MTN binasına daxil olandan sonra o, Rüstəm Səfərovun yanına qayıdıb.

Növbəti şahid “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili olub. O, sərbəst ifadəsində bildirib ki, 2009-cu ildə Hüseyn Səfərov həbsdən azad ediləndən sonra onun yanına gəlib və MTN-çilərin başına açdıqları oyunlar haqda danışıb. Asif Mərzili Hüseyn Səfərovun başına gələnlərlə bağlı qəzetdə yazılar yazıb və həmin yazılarla bağlı onu MTN-ə çağırıb hədələyiblər.

İttihama görə, Mövlan Şixəliyev Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlan Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlan Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Mehrac Qurban oğlu Qurbanov, Etibar Vahid oğlu Cəfərov, Akif Teymur oğlu Qurbanov, Orxan Elman oğlu Abdullayev, Cavidan Mustafa oğlu Hacıyev, Railə Rafkat qızı Musayeva, Kəramət Etibar oğlu Əliyev, Zaur Ağahüseyn oğlu Əliyev, Afət Davud oğlu İsmayılov, Azad Niyazi oğlu Rəşidov, Hüseyn Nəriman oğlu Səfərov, Müsənnif Hilal oğlu Salahov, Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Etibar Mahmud oğlu Əliyev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev və Esmira Məcid qızı Bayramova zərər çəkiblər. Cinayət işi üzrə 32 zərərçəkmiş var. Onlara ümumilikdə 20 milyon manat ziyan vurulub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir