Cəmiyyət Manşet

“Bunlar kömək edən olsaydılar, mən Prezident Administrasiyasına yazmazdım ki…” – İmişlidən ŞİKAYƏT

“Qışda evdə palto ilə otururuq. Məcburuq, çünki soyuqdur. Gətirib odun sobası qoymuşam. Onu da yandırmağa nəsə tapmırıq. Körpə uşaqlarla qışın günü qalmışıq pis durumda”.

İmişli şəhəri Tofiq İsmayılov küçəsi 20 ünvanında yaşayan Mirhasil Məmmədov belə deyir. Bildirir ki, problemi ilə bağlı şikayət etmədiyi dövlət qurumu qalmayıb. Hətta sonda Prezident İlham Əliyevə də məktub ünvanlayıb, ancaq bir işə yaramayıb:

“Küçə süpürüb, ayda 300 manatadək maaş alıram. Heç bir neçə il öncəsinədək evim də yox idi, küçədəydim. İndi rayonun Azot Gübrə İdarəsinin binasında özümə sığınacaq tapmışam. Başımın üstündə dam var, ancaq o damın altında istilik yoxdur”.

Şikayətçi rayonda ən xırda şeylərə belə dəfələrlə müraciətlər, şikayətlər, dava-dalaş, əsəb gərginliyindən sonra nail ola bildiyini deyir:

“Astma bronxitdən əziyyət çəkirəm. Dövlət dərmanlarımı pulsuz verir. Bir ay normal vaxtında alanda, ikinci ay süründürməçiliyə məruz qalıram. Şikayət məktublarına gələn cavablar evdə qalaq-qalaqdır”.

Şikayətçi deyir ki, əvvəllər də rayonda başına gələn haqsızlıqlardan, süründürməçilikdən bəhs edən məktublar yazıb. Hətta etdiyi çoxsaylı şikayətlərə görə bundan əvvəlki icra başçısı Vilyam Hacıyev onu məhkəməyə də verib:

“İddia edirdi ki, guya rayonun adını batırıram, olmayan şeylərdən danışıb, şikayətlər edirəm. Onun uğurlu siyasətinə, adına kölgə, ləkə gətirirəm. Zaman kimin doğru danışdığını sübut etdi. İndi o gedib, başqası gəlib. Ancaq yenə süründürməçilik, çək-çevirdir. Bu dəfə heç qəbula düşmək olmur. Pandemiyadır, qəbul etmirlər”.

Mirhasil Məmmədov deyir ki, bəlkə də qəbula düşə bilsə, dərdini desə, bir çarə tapılar. Ancaq bu, mümkün olmur:

“Bu gün İmişli rayonu çox baxımsız durumdadır. Problem çox, çarəsi yoxdur. Prezident həmişə çıxışlarında deyir ki, problemlə rastlaşan vətəndaş bizə məlumat versin. Problem nədirsə, həll edərik. Elə Prezident Administrasiyasına da dəfələrlə məktub yazmışam. Onlar da yönləndiriblər yerli qurumlara, deyirlər, vətəndaşa kömək edin. Bunlar kömək edən olsaydılar, mən Prezident Administrasiyasına yazmazdım ki…”

Mirhasil Məmmədov yaşadığı evin vəziyyətinin də pis olduğunu deyir. Tavanı damır, döşəmə nəm çəkir:

“Pul da yox, bu problemləri həll edə bilmirəm. Çarə qalır məktublara. Düzdür, problemlər həll olmur və hər dəfə özümə söz verirəm ki, daha yazmayacağam, bəsdir. Yenə də olmur. O an gəlir, çarəsizlikdən bilmirsən nə edəsən. Başlayırsan məktub yazmağa ki, bəlkə bu dəfə eşitdilər”.

Salyan Qaz Regional Qaz istismarı İdarəsinin İmişli sahəsinin rəisi Ümidvar Rüstəmov Meydan TV-yə bildirib ki, Mirhasil Məmmədovun evinə küçə ilə 84 metrlik qaz borusu çəkiblər. Onların işi bununla bitib:

“Qalan işi podratçı şirkət və yaxud özü həll etməlidir. Yəni biz öhdəmizə düşəni etmişik”.

Mirhasil Məmmədov təsdirləyir ki, küçə ilə evinin yaxınlığına qaz xətti çəkilib. Ancaq sayğac qoyulmayıb və hələ də evdə qaz yoxdur:

“Xətt birləşməlidir, sayğac qoyulmalıdır, onu etmirlər. Yenə bu gün-sabaha salır, məni yubandırırlar. Əziyyətini də biz çəkirik”. //meydan tv//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir