Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunda Rüşvət Əleyhinə İdarəetmə Sistemi yaradıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Fondun Rüşvət Əleyhinə İdarəetmə Sisteminin tərtib və tətbiqinə nəzarət edən məsul şəxs də təyin edib. Nazirliklə bərabər, digər tabeçi qurumlarda da bu sistem tədricən tətbiq edilir.
Rüşvət Əleyhinə İdarəetmə Sisteminin yaradılması qurumda tətəbiqinə ötən ildən başlayan beynəlxaql “İSO 37001” standartının (antikorrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi) tətbiqi çərçivəsində növbəti addımdır. Bu standart idarəetmədə şəffaflığın təminatı, korrupsiya risklərini aradan qaldırmaq üçün təlimat, prosedur və siyasət dəstəyini təmin edir.
Bu addımların davamı olaraq yaradılan Rüşvət Əleyhinə İdarəetmə Sistemi çərçivəsində nazirlikdə çalışan məmurlar qarşısında qoyulan şərtlər aşağıdakılardır:
Rüşvət – Xidməti vəzifələrin (səlahiyyətlərin) icrası ilə əlaqədar fikirlərinə və ya davranışlarına təsir göstərmək üçün başqalarına hədiyyələr və s. nemətlərin təqdim edilməsi. Rüşvətə aşağıda göstərilən, lakin bunlarla məhdudlaşmayan, “otkat”, “şirinlik”, “hörmət” və s. də daxildir.
Rüşvətxorluq – Vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və s. neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi.
Dolayı rüşvət – Vasitəçilərin (agentlərin) iştirakı ilə rüşvətin təqdim, qəbul, təklif edilməsi, rüşvətə razılığın verilməsi.
Nemət və ya imtiyaz – pul, hədiyyələr, borc, ödənişlər, qonaqlıq, xidmətlər, endirimlər, müqavilənin təltifi və yaxud hər hansı dəyərli əşya (mükafat).
Korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və s. nemətlər, imtiyazlar və ya güzəştlər əldə edilməsi və ya təqdim etməsi, yəni şəxsi mənfəət üçün həvalə edilmiş səlahiyyətlərdən sui-istifadə.
Uyğunsuz davranış – şəxsin qeyri-qanuni, qeyri-etik və qərəzli hərəkətləri və ya etibardan sui-istifadə etməsi. Uyğunsuz davranış hər hansı fəaliyyət və peşəkar fəaliyyət zamanı, ictimai funksiyalar həyata keçirilərkən, əmək münasibətləri zəminində və digər hallarda ortaya çıxa bilər.
Maraq(lar)ın toqquşması – müxtəlif tərəflərin bir-biri ilə toqquşan maraqlarının olduğu hal. Bu cür maraqların toqquşması Fond və onun İdarə Heyətinin üzvləri, işçiləri, struktur bölmələri, birgə fəaliyyət partnyorları, habelə aidiyyəti qurumlar (bundan sonra birlikdə MTT və ya “Maraqları Toqquşan Tərəf(lər)”) arasında yarana bilər.
Qeyri-qanuni mükafat və ya “Otkat” – Müqaviləni təmin etmək üçün vəzifəli şəxsə müqavilənin dəyərinin bir hissəsinin rüşvət kimi ödənilməsi;
“Şirinlik” – bir əməliyyat başa çatdıqdan sonra əməliyyat üzərində təsirin olduğunu işarə edən dəyərli əşyanın verilməsi/alınması;
Stimullaşdırıcı ödəniş və ya “hörmət” – ödəyicinin rutin inzibati əməliyyatlarının sürətləndirilməsi üçün, Fondun işçilərinə və ya Fondun işçiləri tərəfindən qanunsuz olaraq ödənilən xırda rüşvət. Sürətli xidmətin göstərilməsi üçün rəsmi qaydada təsdiqlənmiş dövlət rüsumları stimullaşdırıcı ödəniş (rüşvət) sayılmır.
Vəzifəli şəxs – (i) istənilən dövlət orqanının və / və ya hər hansı dövlətə məxsus və ya dövlət tərəfindən idarə olunan şirkətin və / və ya beynəlxalq ictimai təşkilatın istənilən rəsmi nümayəndəsi, direktoru, əməkdaşı və ya işçisi; (ii) hər hansı dövlət orqanı, agentliyi, departamenti və ya beynəlxalq ictimai təşkilat adından çıxış edən, yaxud hər hansı rəsmi, qanunverici, inzibati və ya məhkəmə səlahiyyəti olan istənilən şəxs.