Təhsil

BU NƏDİ BELƏ: İbtidai sinifdə “din” təbliğatı!!! – Uşaqlarımızı kim öz oyunlarına alət etmək istəyir?

Özünü ilahiyyatçı kimi təqdim edən Seyid Peyman Boradigahi adlı şəxsin 2 gün öncə özünün “facebook” hesabından paylaşdığı video geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, lentə alınan görüntülərdə sinif otağında, böyük ehtimalla ibtidai sinifdə təhsil alan şagirdlərin iştirakı ilə dini təbliğatın aparıldığı öz əksini tapıb.

Görüntülərdə əsas diqqət mərkəzində olan azyaşlının adı isə, Seyyid Hüseyn kimi təqdim olunub və həmin şagirdin Peyman Boradigahinin oğlu olduğu bildirilir. Bundan əlavə videonun açıqlama qismində Seyyid Taleh Boradigahi adlı şəxsin də adı “tag” edilib.

Hadisənin hansı məktəbdə baş verməsi məlum olmasa da, videonun sonunda Hüseynin müəlliməsi Kəmalə adlı xanıma etdiyi yardıma görə təşəkkür ünvanlanıb. Ümumilikdə isə, bu cür əməlin qanunla qadağan olunduğunu qeyd etmək vacibdir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci bəndinin üçüncü hissəsində, Azərbaycan Respublikasında dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması öz əksini tapıb.

Eyni zamanda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun 6-cı maddəsi dini təhsilə həsr olunub.

Həmin qanunun ilk üç bəndində isə, aşağı sinif şagirdlər arasında bu cür təbliğatın aparılmasının qanunazidd olduğu aydın şəkildə göstərilir:

6.3. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər.

6.4. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

6.5. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər.

Belə ki, qanunda da göstərildiyi kimi, dini təhsilin ali və orta ixtisas təhsili kimi verilməsi mümkündür. Bu isə, yalnız qanuni lisenziya ilə tədris oluna bilər. Eyni zamanda, dini qurumlar tərəfindən də xüsusi kursların yaradılması yalnız, müfaviq icra hakimiyyətlərinin icazəsi ilə mümkündür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə, bu cür təbliğat, hətta təxribat adlandıra biləcəyimiz məsələ ilə bağlı səssizliyini hələ də qoruyur.

Bundan əlavə, görüntünün sinif otağında çəkildiyini ön plana çıxarsaq, Təhsil Nazirliyinin bu cür qanunsuzluğa imkan yaradan müəllimə övladlarımızın necə etibar olunduğu cavabsız qalan suallar arasındadır.

Dini yoxsa siyasi təbliğat?

Videonu izlədikdə İslam qanunlarının təhrif olunduğu da aydın şəkildə nəzərə çarpır. Belə ki, görüntülərdə İmamların adının ön plana çıxarıldığı aşkar görünür. Eyni zamanda Seyyid Peyman Boradigahi adlı şəxsin İranın Qum şəhərində təhsil aldığı ilə bağlı da etibarlı mənbələrdən əldə edilən məlumatlar mövcuddur. Üçüncü önəmli nüans isə, İslama məhz videoda əks olunan aspektdən yanaşmanın məhz İranda populyar olmasının heç kimə sirr olmamasıdır.

Bütün sadalananaları nəzərə aldıqda, dini siyasi məqsədlər üçün istifadə etməkdən çəkinməyən güclərin bu təbliğatın arxasında olması ehtimalları daha da artır. Xüsusilə də, son aylarda İranla bağlılıqları şübhə doğuran və özlərini “ilahiyyatçı” kimi təqdim edən şəxslərin vətəndaşları öz məqsədlərinə uyğun şəkildə yönləndirməyə çalışmaları ilə bağlı da iddiaları bu videodan sonra təkrar göz önünə gətirmək vacibdir. Bu səbəbdən də, vətəndaşların hələ kiçik yaşlarından bu cür çirkin məqsədlər üçün təbliğata cəlb edilməsi daha böyük narahatlıq doğurur.

Bizim.Media olaraq məsələni diqqətdə saxlayırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir