Ötən gün Şəki Xan sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsindən sonra sosial şəbəkələrdə belə halların əvvəllər də baş verməsi ilə bağlı məlumatlar paylaşılıb. “Qafqazinfo” xəbər verir ki, elə son olaraq bu il may ayında çinar ağacının budağının qırılıb düşməsi yayılan görüntülərdə əks olunub. İstifadəçilər ağaca necə qulluq edilməsi ətrafında müxtəlif müzakirələr açıblar.
“Qafqazinfo” yaranan bütün suallara aydınlıq gətirmək məqsədilə Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva ilə əlaqə saxlayıb.
O, sosial şəbəkələrdə yazılanlardan xəbərdar olduğunu bildirib və dediklərinin ictimaiyyətə olduğu kimi çatdırılmasını xahiş edib. T. Abdullayeva camaatı şoka salmamağı tövsiyə edib: “500 yaşı olan ağacın qurumuş və yaş budaqları da olur. Çünki ağac kövrək ağacdır. Yağış yağan kimi onun budaqları suyu çəkir. Ucları ağırdır deyə, quruyub düşür.
“Xan çinarı” “Qırmızı Kitab”a düşmüş ağacdır. Qeyri-qanuni biz ona əl vura, bir dənə yarpağına da dəyə bilmərik. 2012, 2014, 2016- ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacda budama işləri aparılıb. İnkişafda olan ağacdır. İki gün Şəkiyə yağan yağış həmin budağın ağırlaşmasına səbəb olub və küləyin olması nəticəsində belə hadisə baş verib.
Burada qeyri-adi heç nə yoxdur. Problem axtarmaq lazım deyil. Bununla bağlı məktublarımız, aktlarımız var. Ağac vaxtaşırı budanıb. Bu günlərdə yenidən budanmalı idi. İnsanlar çox gəlirdi deyə, edə bilmirdilər. İndi edəcəklər.
Panika yaradıblar ki, budaq mayda da aşıb. Hamısı yalan söhbətlərdir. 20-30 santimetrlik quru budaqlar külək nəticəsində qırılıb düşüb. Nə gəldi, yazırlar, dünyaya car çəkirlər. Yalandan yazırlar ki, guya, 4 nəfər ölüb. Allah eləməsin. Yalnız bir nəfərin vəziyyəti ayağına görə ağırdır. Sağ olsun dövlətimiz helikopter göndərdi, Bakıdan həkimlər briqadası gəldi. İş dövlət başçısının nəzarətindədir. İndi dövlət başçısının tapşırığı ilə ağac qanunauyğun şəkildə budanasıdır.
Bilirsiniz, budamağa da qorxurlar. Çünki çox budama işi aparılsa, ağac quruyacaq. Bundan da ehtiyat edirlər. Axı camaat Xan Sarayı ilə yanaşı, həmin ağaclara da baxmağa gəlir. Mütəxəssislər, ekspertlər vaxtaşırı gəlib ağaca baxırlar”.
Qoruq direktoru dünən baş verən hadisədə insanların olaya laqeyd yanaşmasından təəssüfləndiyini də qeyd edib:
“Dünən digər ziyarətçilərə məəttəl qaldım. Öz məhəlləmizin uşaqları olmasaydı, bir adam bir adama kömək etmirdi. Turistlərin hamısı dayanıb hadisəni telefona çəkirdilər. Camaat ağac altında qalıb, onlara kömək etməkdənsə, durub telefona çəkirlər. Baxıram feysbuka, instaqrama nələr yazırlar. Şəki Xan Sarayı UNESKO-ya düşdüyü bir vaxtda belə hadisə baş verdi. Vallah göz dəydi, bu işlərin hamısına. Özü də qırılıb düşən sağlam budaq idi. Budaqları sizə göndərsəm, məəttəl qalarsız ki bu niyə ortadan qopub düşüb. Çətin problem də ona görə olub ki, üstdəki ağac altdakı qalın budağın üstünə düşüb. Ona görə belə ziyan olub. Üstdəki budaq çox da iri olmayıb. O tək qırılıb düşsəydi , ziyanlıq da olmazdı. Sürətlə biri o birinin üstünə düşüb deyə, belə hadisə baş verib.
Fransada Luvr muzeyi yanıb. Təbii hadisədir. Ağacdır da budağı qopub düşüb yenə yerinə gələcək, turistlər də sağalacaq. Ona görə də sosial şəbəkədə yazanlar bir az diqqətli olmalıdırlar”.