Manşet

Həbsdəki MTN generalının vəkili danışdı… – 15 min dollarlıq qızıl “Vertu” cinayəti üzə çıxdı

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində 2 aya yaxındır ki, davam edir.

DİA.AZ “Yeni Müsavat”a istinadən xəbər verir ki, bu müddət ərzində iş üzrə 5 nəfər zərərçəkən ifadə verib.

Məhkəmə açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir. Zərərçəkənlər prosesin bu şəkildə aparılmasına qəti şəkildə etiraz edirlər. Buna baxmayaraq, hakim Elbəy Allahverdiyev qanunsuz qərarını dəyişməyə tələsmir. Zərərçəkənlər istintaqda məhkəmə zalında deyə bilmədiklərini mətbuata açıqlayır, ibtidai istintaq zamanı qeydə alınmayan olduqca ciddi faktları ictimailəşdirməklə onlara qarşı baş verən cinayətlərə diqqət çəkməyə çalışırlar.

Bu müddət ərzində Mövlam Şıxəliyevin vəkilləri susub ittihamları cavablandırmaqdan yayınırdılar.

Onun vəkillərindən biri olan Ceyhun Yusifov, nəhayət ki, musavat.com-a danışıb. Deyib ki, müvəkkilinə qarşı ittihamlar tam əsassızdır.

“Mövlam Şıxəliyev heç kimdən pul almayıb, heç kimə hədə-qorxu gəlməyib, vəzifəsində, sui-istifadə etməyib. 32 zərərçəkəndən heç biri demir ki, Mövlam Şıxəliyevə pul vermişəm. İttihamlar tam əsassızdır” – deyə vəkil bildirib.

Vəkilin bu açıqlamasından sonra redaksiyamızla əlaqə saxlayan zərərçəkənlər – Hüseyn Səfərov, Əfsəl Həsənəliyev, Zaur Əliyev, Akif Qurbanov və Əhməd Mirzəyev Mövlam Şıxəliyevin şəxsən onları hədələdiyini, onlara qarşı cinayətlərin başında dayandığını bildiriblər.

Butun cinayətlər Movlam Şixaliyevin rəhbərliyi altında onun birbaşa tapşırıgı nəticəsinda baş verib və həyata kecirilib.

Sonuncu məhkəmə prosesində ifadə vermiş zərərçəkən Əhməd Mirzəyev deyib ki, Mövlam Şıxəliyevin vəkili yalan danışır.

“Vəkil nə desin? Desin ki, Mövlam Şıxəliyev MTN-də oturub quldurbaşılıq edirdi? MTN təcridxanasından şəxsi türmə kimi istifadə edirdilər? Şəxsən mənim heç bir günahım olmayıb. Dostum mənə hədiyyə göndərib, almışam. Məhkəmədə də dedim, hələ bir çox məsələlər var ki, onların üzərindən keçdim. Məni qanunsuz həbs ediblər. 500 min dollar pul aldılar və azad etdilər. Mənə qarşı bütün bu cinayətlərə Mövlam Şıxəliyev birbaşa rəhbərlik edib. Onun müavini vardı, Təhsin Ağayev. Bu gün yalandan özünü xəstəliyə vurub. Mövlam Şıxəliyevin sözlərini mənə o çatdırırdı. Məni Mövlam Şıxəliyevin kabinetinə o aparırdı. Mövlam Şıxəliyev mənə deyirdi ki, Təhsin dediyi məbləği düzəldib çatdırmalısan. Mən də məcbur olub qardaşıma ismarış yollayıb deyirdim ki, tələb etdikləri pulu düzəldin, verin. Obyektimi ”Azəriqazbank”a girov qoyub pul götürdük, əlimizdə olan pulları da qoyub verdik. Bundan sonra Mövlam Şıxəliyevin şəxsi tapşırığı ilə mənə saxta xəstəlik tarixi düzəltdilər və xəstə olduğumu əsas gətirib azad etdilər. Vəkil gedib iş materialları ilə tanış olsun, görəcək ki, yalan danışan da elə Mövlam Şıxəliyevdir”.

Zərərçəkən deyir ki, azad ediləndən sonra da Mövlam Şıxəliyev hər dəfə ona zəng vurub, ən müxtəlif hədiyyələr, villaları, restoranları üçün bahalı tikinti materialları aldırıb: “Mövlam Şıxəliyev biləndən sonra ki, mənim ”Slavyanka”da payım var, bütün villalarına, iş yerinə, restoranlarına gündəlik “Slavyanka” suyu göndərməyimi tələb etdi. Mən də məcbur qalıb onun tələbini yerinə yetirdim. 2010-cu ildən düz 2015-ci ilə kimi hər gün onun villalarına, iş yerinə, restoranlarına “Slavyanka” suyu göndərmişəm. 1 qara qəpik belə verməyiblər. Heç suyu aparan maşının pulunu da vermirdilər. Mən ya Mövlam Şıxəliyevin qanunsuz tələbini yerinə yetirib onun dediyini etməli idi, ya da biznesimi qoyub ölkədən çıxmalı idim”.

Zərərçəkən deyir ki, Mövlam Şıxəliyevin vəkili müdafiə etdiyi şəxsin cinayətlərindən xəbərsizdir: “Mənə Mövlam zəng elədi. Dedi ki, ad günümdür, mənə kostyum al. Mən də düşündüm ki, kostyumun qiyməti maksumum 4-5 min olar. Dedim ki, alıb gətirərəm. Mövlam Şıxəliyev isə dedi ki, kostyumu özüm alaram, pulunu isə sən verərsən. Razılaşdım. Yenə də deyirəm, başqa yol qoymamışdılar. Tutan da, aylarla təcridxanada saxlayan da, məhkəmədə iş verən də bunlar idi. Zərərçəkən Hüseyn Səfərova 2 ”Vertu” aldırıb. Mövlam Şıxəliyev mənə də “Vertu” aldırıb, qızıl suyuna çəkilmiş “Vertu”. Mövlam Şıxəliyev mənə zəng edib dedi ki, təzə “Vertu”lar çıxıb, qızıldan. Ondan al gətir. Başımı itirmişdim, nə edəcəyimi bilmirdim. Getdim maraqlandım, məlum oldu ki, onun istədiyi “Vertu”nun qiyməti 15 min dollardır. Əlacsız idim, kimə nə deyə bilərdim. Gedib aldım və MTN-ə getdim. Həmin “Vertu”nu Mövlam Şıxəliyevə kabinetində şəxsən özünə vermişəm. Vəkildən də xahiş edirəm, Mövlam Şıxəliyevdən həmin “Vertu”nu soruşsun. Biləcək ki, o “Vertu” mənim puluma alınıb. Mən bunun üstündən keçəcəkdim. Necə ki, məhkəmədə demədim. Amma belə həyasızlıq olmaz. Pulumuzu da alıblar, başımıza müsibət açıblar, qanunsuz həbs ediblər, məhkum ediblər, indi də çıxıb deyir ki, belə şey olmayıb. Məhkəmədə də arsız-arsız deyir ki, baş verənlərdən harasa şikayət etmisən? Dövlətdən dövlətə şikayət edəcəkdim? Oturmuşdular vəzifədə, biz onlara şikayət etməli idik. Açın ittiham aktını, oradakı sənəd-sübutlarla diqqətlə tanış olun.

Hələ mənə “Qaqarin” körpüsünün yanındakı restoranına da 50 min manatlıq İtalyan metlax-kafel də aldırıb. Özü şəxsən zəng edib deyib, mən də özümdə həmin material olmadığı səbəbdən cibimin pulu ilə ödəniş edib başqa yerdən alıb aparmışam.

Mövlam Şıxəliyev mənə tapşırmışdı ki, Novxanıdakı imarətinə bitişik bağın həyətinə beton tökdürüm, üstündən də tamet vurdurdum. Mən bu işləri də gördürmüşəm, 40 min manat pul xərcəmişəm. Bu illər ərzində Mövlam Şıxəliyevin sifarişlərinin yerinə yetirilməsinə xərclədiyim pulları vəkillərimlə birgə hesablayırıq. Bütün ziyanımı ondan tələb edəcəyəm. Mənə mənəvi baxımdan vurduğu ziyanın da qarşılığını alacağam”.

Zərərçəkən Əhməd Mirzəyev baş prokuror Kamran Əliyev, dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevdən xahiş edir ki, müraciəti əsas götürülərək yenidən araşdırılsın və yeni epizodlar üzrə də Mövlam Şıxəliyevə ittihamlar verilsin, ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilsin.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir