Cəmiyyət

Nazir rüşvəti stimullaşdırır, yoxsa şəffaf “pəncərələr açır”? – Müfəssəl İZAH

“Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi”. Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, valideynlər ümumiyyətlə məktəbin idarəolunmasında iştirak etməməlidir:

“Dövlətin hamı üçün hər şeyi etmək imkanı yoxdur. Məktəblərdə pul yığımı qanun pozuntusudur. Bunun üçün qayda olmalıdır. Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olur. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır. Valideyn-Müəllim Assosiasiyaları ictimai qurumdur, Təhsil Nazirliyinə tabe deyil. O təşkilatın müəllim və valideynləri nə qədər təmsil etməsi vacibdir”.

Ümumiyyətlə, məktəblərdə pul yığılması nə dərəcədə doğrudur? Təhsil ocaqları,valideyn komitələri və digər məsul orqanlar hansı məsuliyyətləri daşıyır?

Zirveyolu.info-ın məlumatına görə məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov “Sherg.az”a açıqlamasında qeyd edib ki, o qədər də uzaq olmayan keçmişdə ictimai xarakterli valideyn komitələri məktəb rəhbərliyi, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyirdi:

“Ümumi məktəb valideyn komitəsi ilə yanaşı hər sinifdə valideyn komitələri də fəaliyyət göstərirdi. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin valideyn komitəsi barədə Əsasnamə”də valideyn komitəsinin işinin məzmunu və vəzifələri, valideyn komitəsi işinin təşkili, valideyn komitəsinin hüquqları və digər məsələlər öz əksini tapmışdı. Yəni “Məktəb üçbucağı”- məktəb, ailə və cəmiyyət mexanizmləri işlək vəziyyətə gətiriləndə məktəb həyatı da saat kimi işləyir”.

Ekspert valideynlə müəllim arasında müəyyən uçurumun yarandığını vurğulayıb:

“Lakin sonralar bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxmağa başladı. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, virtuallıq buna şərait yaradır. Görünür, məqsəd və məzmunu düzgün başa düşmədik. Sui-istifadə hallarınamı yol verdik, yoxsa, nə oldu ki, birdən-birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu, “fond pulu”, “süpürgə pulu”, “kağız pulu”, “KSQ, BSQ pulu”, “printer üçün katric pulu” və s. bu kimi yeni anlayışlar dövriyyəyə buraxıldı. Məktəbin korrupsiyaya bulaşması haqqında fikirlər səsləndirildi, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü. Məktəblərdə valideynlərdən müxtəlif adlarla və istənilən məqsəd üçün pul yığmaq birmənalı şəkildə yolverilməzdir”.

Ekspert onu da izah edib ki, dünyanın əksər inkişaf etmiş ölkəsində valideynlər məktəbə heç bir təzyiq olmadan maddi dəstək göstərir:

“Hansısa valideyn könüllü surətdə məktəbə maddi cəhətdən dəstək vermək fikrinə düşübsə, bunu neqativ təpki ilə qarşılamamalısan. Hansısa məktəbdə hansısa direktor və ya müəllim tərəfindən pul yığılıbsa, bunu şouya çevirib bütün məktəblər haqqında ümumi rəy yaratmamalısan. Onlar təhsil ocaqlarında təlim-tərbiyə işinin mükəmməl şəkildə qurulmasına, öz töhfələrini verir. Valideynin təhsilin idarəolunmasinda iştirakı və töhfəsi məsələləri “Təhsil haqqında” qanunun və “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq bəndləri ilə tənzimlənir. Sadəcə, valideynlər məktəbə maddi dəstək göstərəndə bilməlidirlər ki, həmin pullar hara xərclənir”.

N.İsrafilov nazir E.Əmrullayevin çıxışı ilə bağlı öz fikirlərini qeyd etdi:

“Maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər təhsil prosesinin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratiya, aşkarlıq və şəffaflıq ab-havası gətirirlər. Şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq məktəbin məhsuldar fəaliyyətini tənzimləyirlər. Təhsil naziri də çıxışında bunu deyirdi. Lakin nazirin brifinqdə açıqlamasındakı fikirləri təhrif edib başqa məcraya yönəltmək, geniş ictimaiyyət arasında çaşqınlıq yaratmaq hansı məqsədlərə xidmət edir, bu maraqlıdır. Ümumiyyətlə, biz hansısa fikri təhrif edib bundan şou yaratmağa meyilliyik. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – məktəb müqəddəs məbədgah kimi öz nüfuzunu qorumalıdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir