“Nə Ənvər Seyidəliyevin vaxtında, nə də indi – Rövşən Bağırovun vaxtında biz Ağsu camaatının üzü gülmədi ki, gülmədi. Bu gün başdan-başa problemlər içində olan Ağsuda icra başçısı əməlli-başlı rejim qurub”. DİA.AZ bildirir ki, bu barədə ağsulular adından edilən müraciətdə qeyd olunur.
Sakinlər yazır ki, Rövşən Bağırov gəldiyi gündən sahibkarları açıq-aşkar hədəfə alıb:
“Ağsu elə bir rayondur ki, burda təsərrüfatla məşğul olanların əksəriyyəti kənardan gəlmələrdir. Yerli camaat da məcbur olub müxtəlif iaşə obyektləri hesabına ailəsini dolandırırdı. Amma Rövşən Bağırov gələndən Ağsuda yolkənarı biznesi qadağan etdi. Dedilər ki, guya bu obyektlər turistlərin gəlişinə mane olur. Təklif verdik ki, hansı formada istəyirsinizsə, obyektlərimizi müasirləşdirə bilərik. Amma razılaşmadılar.
Məlum oldu ki, turstlər bəhanə imiş. Başdan-başa yamaq içində olan Ağsudan turistləri qaçıran bizim obyektlər idimi?”
Sakinlər adından yazılan müraciətdə ölkə başçısından Ağsuya yeni başçının göndərilməsi də xahiş edilir:
“Sənab Prezident. Biz hər zaman Sizi dəstəkləmişik. Bundan sonra da Sizin siyasətə sadiqik. Amma Ağsu camaatı artıq yorulub. İcra başçısının qəbuluna da düşə bilmirik. Bizə xalqı eşidən bir başçı göndərməyinizi xahiş edirik”.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…
DİA.AZ