Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, diplomatik münasibətlərin bərpası istiqamətində real addımlara keçilib. Artıq qarşılıqlı olaraq, bununla bağlı xüsusi nümayəndələr təyin olunub. Türkiyə tərəfindən diplomat Sərdar Qılıc Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində aparılan danışıqlarda xüsusi təmsilçi təyin edilib.
Xatırladaq ki, Türkiyə ilə Ermənistanın diplomatik əlaqələri yoxdur və onlar arasında quru sərhədi 1993-cü ildən bağlıdır. Türkiyə sərhədlərini bağlamasını, diplomatik əlaqələrini kəsməsini Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əsaslandırıb. 2008-2009-cu illərdə Ermənistan Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasına, sərhədlərin açılmasına cəhd göstərsə də, iki həll edilməmiş problem – Qarabağ münaqişəsi və qondarma “erməni soyqırımı” səbəbindən bu cəhd baş tutmadı.
Zirveyolu.info-ın məlumatına görə, iki ölkə arasında gedən normallaşma addımlarını AYNA-ya şərh edən “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, ciddi maneələr yaradılmasa, Ermənistan-Türkiyə münasibətləri normallaşacaq: “Hazırda münasibətlərin normallaşması üçün həm zəmin var, həm siyasi iradə, həm də siyasi və iqtisadi səbəblər. Bu gün Ermənistan hökuməti ölkəni Rusiya təsirindən çıxarmağa çalışır. Amma bu məsələdə İrəvanın seçim imkanları olduqca məhduddur. Bunu həyata keçirmək üçün Ermənistanla həmsərhəd olan 4 ölkə arasında öz iqtisadi, hərbi-siyasi və digər imkanlarına görə ən uğurlusu Türkiyə ola bilər”.
“Qeyd etmək lazımdır ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində cəhdlər təkcə Nikol Paşinyan hökuməti tərəfindən edilmir. Müstəqillikdən sonra Ermənistanın bütün hökumətləri buna çalışıb. Türkiyə-Ermənistan münasibətlərinin bərpa olunmasına mane olan əsas amil Azərbaycan torpaqlarının işğal altında qalması idi. Amma bu gün vəziyyət dəyişib və İrəvanda düşünürlər ki, indi buna nail olmaq üçün münbit siyasi-diplomatik şərait yaranıb”, – deyə analitik bildirib.
Onun fikrincə, Ermənistana Türkiyə ilə münasibətlər həm də Azərbaycan-Türkiyə münasibətlərinə təsir etmək üçün vacibdir: “Amma bunun mümkün olacağı indiki halda real deyil. Bütün hallarda ikitərəfli münasibətlərin inkişafında Ankara da maraqlıdır. Çünki bu, Türkiyənin Cənubi Qafqaz siyasəti üçün yeni imkanlar aça bilər”.
“Belə görünür ki, ciddi problemlər olmasa və ya yaradılmasa, Ermənistan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edəcək və biz də bunu mütləq nəzərə almalıyıq. Ermənistanın Azərbaycana qarşı iddiaları heç vaxt bitməyəcək. Şəxsən mən belə düşünürəm. Ona görə də bütün və ilk baxışdan hətta ən ağlasığmaz variantlar da ciddi-ciddi nəzərdən keçirilməlidir”, – deyə Oruclu vurğulayıb.