Naxçıvan Muxtar Respublikasında yaşayış şəraitinin dözülməz olduğu, insanların incildiyi və buna görə də əhalinin kütləvi şəkildə öz yurd-yuvasını tərk etdiyi ilə bağlı fikirlər səsləndirilir.
Zirveyolu.info ovqat-com-a istinadən xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrində müxtəlif vaxtlarda məlumat verilib. Naxçıvanın sürətlə boşalması son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdəndir. Rəsmi qurumlar Naxçıvanda 400 mindən çox əhalinin yaşadığı ilə bağlı saxta rəqəmlər açıqlayırlar. Ancaq reallıq başqadır. Bu gün Naxçıvanda vur-tut 150 min insan qalıb. Muxtar respublika əhalisinin bir hissəsi Bakıda və Azərbaycanın digər regionlarında, bir hissəsi də Türkiyənin İstanbul şəhərində məskunlaşıb.
Bəs Naxçıvanda bu qədər insan yoxdursa, o zaman rəsmi qurumların açıqladığı rəqəmlər hardan götürülüb?
Naxçıvan əhalisi kağız üzərində “yaşayır”
Əslində bölgəni tərk edən insanlar kağız üzərində orada “yaşayır”. Naxçıvanda heç kimin qeydiyyatdan çıxmağına imkan verilmədiyindən rəsmi rəqəmlərdə əhalinin sayı 400 mindən çox göstərilir. Amma bugünkü mövzumuz bu deyil. Növbəti yazımızda naxçıvanlıların qeydiyyat problemini də işıqlandıracağıq. Bu gün isə Naxçıvandan əhalinin kütləvi şəkildə köç etdiyini sübut edən bəzi faktları açılayacağıq.
Muxtar Respublika əhalisinin kəskin şəkildə azaldığını sübuta yetirən faktlardan biri də Naxçıvandakı kadr böhranıdır. Muxtar respublikada 15-20 ildir, vakant saxlanılan vəzifələr, iş yerləri vardır. Məsələn, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları və daimi komissiyalarla iş şöbəsinin müdiri vəzifəsi 13 ildir ki, vakantdır. Həmin şöbənin sonuncu müdiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin hazırki başçısı Mirsənani Seyidov olub. M. Seyidov həmin vəzifədən çıxarıldıqdan sonra 11 il Nəqliyyat naziri vəzifəsində çalışıb, 3 ildir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısıdır.
Ali Məclis Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Emin Zeynalov 2005-ci ildə tutduğu vəzifədən azad edildikdən sonra 12 il boş qalan bu vəzifəyə 2017-ci ildə Röya Səfərova təyin edildi. Ancaq təyin olunan kadr cəmi 6 ay işləyə bildi. Həmin vəzifə 4 ildir ki, yenə də vakantdır. Bu şöbədə bir müdir, bir baş məsləhətçi və bir məsləhətçi vəzifəsi var. Acınacaqlı vəziyyət odur ki, şöbədəki baş məsləhətçi və məsləhətçi vəzifələrinə də 10 ildən çoxdur kadr təyin edilmir. Bu gün həmin şöbədə heç kim fəaliyyət göstərmir. Yəni şöbənin adı var, ancaq özü yoxdur.
Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi isə 2 ildən çoxdur ki, vakant saxlanılır. Hələ biz Ali Məclisin müxtəlif şöbələrinin illərdir vakant saxlanılan baş məsləhətçi və məsləhətçilərini demirik.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsi 18 il vakant saxlanıldıqdan sonra ötən il həmin vəzifəyə kadr təyinatı həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin 2007-ci ilə 20 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Televiziya və Radio Şurasının Əsasnaməsi elə həmin fərmanla da təsdiq edilib. Əsasnamənin 11-ci bəndində yazılıb: “Şura Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 3 üzvdən ibarət tərkibdə yaradılır”. 13-cü bənddə göstərilib ki, üzvlərdən biri iki il, biri dörd il, bir nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır.
Şura 3 üzvdən ibarət olsa da 2007-ci ildən bu günədək Şurada bəzən bir, bəzən iki üzv olub. Yəni Şuranın 3-cü üzvü vəzifəsi həmişə vakant saxlanılıb. Yuxarıda sadaladığımız vəzifələrin vakant olması da ciddi nöqsandır, amma hansısa qanun pozuntusu deyil. Televiziya və Radio Şurasının isə bütün üzvlərinin təyin edilməməsi qanun pozuntusudur. Ona görə ki, Şurada qərarları üzvlər birlikdə qəbul edirlər. Əsasnamənin 17-ci bəndində bildirilir ki, Şuranın üzvləri öz aralarından sədr seçirlər. Bu zaman sual olunur. İki üzv və ya bir üzv öz aralarından sədrlərini necə seçirlər? Bu problemi “həll etmək” üçün Vasif Talıbov öz təsdiqlədiyi Əsasnaməni atıb bir kənara Şura sədrini özü təyin edir. Vasif Talıbovun 26 noyabr 2019-cu il tarixli Fərmanı ilə Rauf Feyzulla oğlu Əliyev Televiziya və Radio Şurasının sədri təyin edilib. Şuranın əsasnaməsinin heç bir yerində yazılmayıb ki, Şuranın sədrini Ali Məclisin sədri təyin etməlidir. Xatırladaq ki, həmin Şuradan Bakıda da var. Paytaxdakı Teleradio Şurasının üzvlərini Prezident təyin edir, sədri isə Şura üzvləri özləri seçirlər. Hər halda formal olsa da qanun-qaydaya əməl olunur. 2020-ci il aprel ayının 6-da Azərbaycan Respublikası Televiziya və Radio Şurasının iclası keçirilib, İsmət Səttarov şura sədri seçilib. Bəli, məhz seçilib, təyin olunmayıb. Həmin iclasdan bir qədər əvvəl isə İsmət Səttarov Prezident İlham Əliyevin sərəncamı ilə 6 il müddətinə Şuranın üzvü təyin edilib.
Bu fakt onu göstərir ki, Talıbov təkcə Azərbaycan qanunlarına deyil, özü qəbul etdiyi qərarlara və imzaladığı fərmanlara da məhəl qoymur. Bu faktlar bizim səsləndirdiyimiz fikirləri tamamilə təsdiqləyir – Vasif Talıbov Naxçıvanı “xan” kimi idarə edir.
Mövzudan çox yayınmayaraq araşdırmamızı davam etdirək. Naxçıvanda uzun müddət boş qalan vəzifələrdən biri də Daxili İşlər nazirinin əməliyyat işləri üzrə müavini vəzifəsidir. Qaçay Quliyev 2016-cı ildə təqaüdə göndərildikdən sonra bu vəzifə vakant saxlanılmışdı. Ta ki bu il Rəşad İsmayılovun bu vəzifəyə təyin edilməsinədək.
Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktorunun yerli-dibli müavini olmayıb. 2017-ci ildə Agentliyə çevrilən, bundan əvvəl isə İdarə kimi fəaliyyət göstərən qurumun rəhbərinin 10 ildən çoxdur ki, müavini vəzifəsi vakant saxlanılır.
Biz bu siyahını daha da uzada bilərik. Ancaq oxucuları çox yormadan bu yazını yekunlaşdırmaq, digər faktları növbəti yazımızda təqdim etmək istəyirik. Yuxarıda sadaladığımız, uzun illərdir ki, boş saxlanılan vəzifələr çox ciddi mətləblərdən xəbər verir. Bütün bunlar onu göstərir ki, Naxçıvan əhalisinin əksəriyyəti bölgəni tərk edib və Muxtar Respublikada ciddi kadr böhranı yaranıb. Vasif Talıbov istedadlı kadrları ləkələyərək işdən çıxarıb və Naxçıvandan perik salıb.
Əgər Naxçıvanda kadr varsa, bu vəzifələr 15-20 ildir ki, niyə boş saxlanılıb? 15-20 il bir vəzifənin vakant saxlanılması nə deməkdir? Bu vəzifələrdə bir naxçıvanlı balası işləyə bilməzmi? Bəlkə Vasif Talıbovun standartlarına uyğun kadr tapılmayıb? Yox əgər bu vəzifələrə ehtiyac yoxdursa, o zaman niyə həmin ştatlar saxlanılıb və illərlə dövlət büdcəsindən onlara əməkhaqqı fondu ayrılıb? O ştatlara ayrılan əməkhaqqı vəzifələr vakant qaldığı üçün büdcəyə geri qaytarılıbmı? Biz bu sualların cavabını Naxçıvandan yox, Bakıdan gözləyirik. Ümidvarıq ki, nəhayət Bakı Naxçıvandakı bu bərbad vəziyyətə son qoyacaq və bölgəni xanlıq rejimindən xilas edəcəkdir. O zaman Naxçıvanı tərk edən istedadlı adamlar öz yurdlarına geri qayıdacaqlar və muxtar respublikada kadr böhranı aradan qaldırılacaqdır. Bu baş verməsə, biz Naxçıvanı elə itirə bilərik ki, onu bərpa etməyimiz dövlətimizin uzun illərini ala bilər.