Cəmiyyət Manşet

Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır

Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.

“ASAN xidmət” fəaliyyətə başladığı gündən ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə səbəb olub. İlkin mərhələdə bu konsepsiya ölkə daxilində vətəndaş-dövlət qurumu münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasını nəzərdə tuturdusa, indi o, ölkə hüdudlarından kənarda da uğurla tətbiq olunur. Bir məkanda bir neçə məsələnin həll edilməsi, əlavə xərcə düşməmək, vaxt itkisinin minimuma endirilməsi “ASAN xidmət”i fərqləndirən ən başlıca xüsusiyyətlərdəndir. Ona görə ki, məhz bu xidmət sayəsində insanlar müxtəlif yerlərə getmirlər, artıq xərc çəkmirlər və ən əsası qızıldan da dəyərli olan vaxtlarını itirmirlər. Çünki insanlar işlərini həll etmək üçün ən rahat və ən uyğun olan məkanı hər zaman üstün tuturlar. Belə mərkəzin yaradılamsı hər bir vətəndaş üçün çox sərfəli və əhəmiyyətlidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu xidmətin uğur qazanmasının əsas sirlərindən biri isə milli cəmiyyətin xüsusiyyətlərinin nəzərə alınmasıdır. Burada xüsusi fəaliyyət normaları tətbiq olunur. “ASAN xidmət” dünyada bu qəbildən olan yeganə strukturdur və milli intellektual brenddir. Məlumdur ki, “ASAN xidmət” mərkəzləri fəaliyyətini uğurla davam etdirib və xidmət şəbəkəsini genişləndirib. Hazırda ölkəmizdə çox sayda “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Həmin bu mərkəzlər həm paytaxtda, həm də digər regionlarda müvəffəqiyyətlə fəaliyyət göstərir. Həmin rayonlardan biri də Tovuz rayonudur ki, burada “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərməsi bütün rayon sakinləri üçün sevindirici bir haldır. Ona görə ki, rayonumuzda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzində çalışan bütün işçilər öz peşələrini layiqincə yerinə yetirirlər. Onlar biz sakinlərin rahatlığı üçün əllərindən gələn hər şeyi edirlər. Mən də öz növbəmdə Tovuz rayon sakini olaraq rayonumuzda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzinin rəhbəri Güntək Məmmədov başda olmaqla orada çalışan bütün işçi kollektivinə öz dərin təşəkkürümü bildirirəm.

Onu da qeyd etmək yerinə düşər ki, hər il olduğu kimi bu il də Tovuz rayonunda fəaliyyət göstərən “Asan xidmət” mərkəzində cənab Prezidentimiz İlham Əliyevin doğum günü yüksək səviyyədə qeyd olunub.

Cənab Prezident İlham Əliyevin sərəncamları ilə “ASAN xidmət”in funksiyaları ilbəil genişləndirilir. “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən xidmətlərin təqdim olunduğu “ASAN Kommunal”, eləcə də “ASAN Viza”, “ABAD” mərkəzləri bu sıradandır.

Həmçinin “ASAN xidmət” mobil tətbiqinin istifadəyə verilməsi vətəndaşların daha da rahatlığına səbəb olub. Mobil tətbiqin əsas məqsədi vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və “ASAN xidmət” mərkəzlərinin idarəedilməsində effektivliyi artırmaqdır.

“ASAN xidmət”in işçi heyətinin əksəriyyəti gənclərdən ibarətdir. Bu xidmət fəaliyyət göstərməyə başladığı gündən bu günümüzə kimi minlərlə könüllü bu konsepsiyanın ayrılmaz hissəsinə çevrilib. Könüllülər də fəaliyyətləri dövründə 600-ə yaxın fərqli layihələr həyata keçirib, 2500-dən çox təlim və treninqlərə cəlb ediliblər. 1000-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

“ASAN xidmət”in daha bir fərqi isə həm səyyar qatar, həm də səyyar avtobuslarla fəaliyyət göstərməsidir. Bu da yaşadığı yeri tərk etmək imkanı olmayanlar üçün olduqca əlverişlidir. Bir sözlə “Asan xidmət” adından da məlum olduğu kimi sözün əsl mənasında vətəndaşların ən çətin işlərini qısa zamanda asandlaşdırır. Sonda onu da qeyd edim ki, ölkəmizdə “Asan xidmət” mərkəzlərinin yüksək səviyyədə fəaliyyət göstərməsi biz vətəndaşları çox sevindirir.

Biz də öz növbəmizdə bütün “Asan xidmət” işçilərini peşə bayramları münasibətilə təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Oktay AZAFLI

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir