Manşet

14 ay gecikdirilən VETERAN STATUSU: NARAZILIQLAR ARTACAQ… – İndidən görünür…

“Mən 2016-cı ilin aprelində baş verən döyüşlərin iştiraskçısıyam. Müddətdən artıq xidmət edən hərbçi kimi artilleriya briqadasında xidmət etmişəm. İki ay döyüş əmri altında xidmət keçsəm də veteranlıq statusu ala bilməmişəm. Hesab edirəm ki, prezidentin müharibə veteranlarının statusu ilə bağlı son sərəncamları bizə də şamil olunmalıdır”.

Zirveyolu.info-ın məlumatına görə, bu sözləri Pressklub.az-a açıqlamasında Daşkəsən rayon sakini Sofi Məmmədov bildirib. O, qeyd edib ki, məsələ ilə bağlı bir neçə dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətində (SHXÇDX) olub: “Mən aprel döyüşlərində iştirakıma görə Fəxri fərmanla təltif olunmuşam. Amma Xidmətdən bildirdilər ki, bizə veteranlıq statusu düşmür. Hərbi biletimizə də bu döyüşlərin iştirakçısı olduğumuz barədə möhür vurulmayıb”.

“Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli də deyir ki, oğlu Vahid Mirələmov aprel döyüşlərinin iştirakçısı olsa da, ona veteranlıq statusu verilməyib: “Hətta bir dostumuzun oğlu da həmin döyüşlərdə xəsarət alıb, amma məhkəməyə müraciət etsə belə, veteran statusu ala bilməyib”.

Xatırladaq ki, prezident İlham Əliyevin ötən ilin sonunda verdiyi sərəncamlara görə, aşağıdakı şəxslərə “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulur:

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində:
– hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə);

– döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda:
– döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxslərə;

– hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (yuxarıda qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə.

Aidiyyəti dövlət orqanları tərəfindən yuxarıda qeyd olunan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin şəxslərin siyahısı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilmiş şəxslərə dair məlumatlar həmin adı və vəsiqəni verən dövlət orqanları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir.

Beləliklə, sərəncamların tətbiq dairəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan müddəti, yəni müharibənin getdiyi 44 günlük müddəti nəzərdə tutur. Sənəddə aprel döyüşlərinin iştirakçılarının nəzərə alınmaması ilə bağlı başqa ziddiyyətli məqamlar var.

Məsələn, Gədəbəy, Tovuz, Qazax istiqamətində dislokasiya olunmuş hərbi birləşmələr müharibə günlərində tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Ölkə müharibəyə cəlb olunduğuna görə, düşmənlə sərhəd olan bütün istiqamətlər potensial müharibə zonası hesab olunur. Elə müharibədən 2 ay əvvəl Tovuz döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 14 hərbçisi, o cümlədən general Polad Həşimov şəhid olub, bir neçə hərbi qulluqçu yaralanıb.

Yaxud, müharibədən sonra təmas xəttində və Ermənistanla sərhəddə atışmalar zamanı bir neçə hərbçimiz şəhid olub, yaralanıb. Həlak olanlara “Şəhid” statusu verilib, yaralanaraq əlil olanlar isə “Müharibə əlili” hesab edilərək, müvafiq müavinət təyin edilib. O zaman ortaya sual çıxır: həmin hərbi hissələrdə xidmət edib tərxis olunan hərbçilər niyə müharibə veteranı sayılmamalıdırlar? Axı onlar da potensial olaraq şəhid və ya əlil ola bilərdilər?

Daha bir sual Prezident təqaüdünün müharibənin bitməsindən 1 il 3 ay zaman keçdikdən sonra hesablanmasıdır. Yəni, müharibə veteranı hesab edilən şəxslərə ötən müddət üçün müavinət hesablanmayacaq. Bu, nə dərəcə ədalətli yanaşmadır?

Hərbi ekspert Ədalət Verdiyev Pressklub.az-a bildirib ki, aprel döyüşlərində iştirak etmiş şəxslərə veteran statusunun verilməsi prosesi artıq başa çatıb. Onun sözlərinə görə, sadəcə, həmin zaman məhdud sayda hərbçi birbaşa döyüş əməliyyatlarında iştirak etdiyinə görə, onların sayı 44 günlük Vətən Müharibəsi iştirakçıları ilə müqayisədə kifayət qədər azdır. Ədalət Verdiyev qeyd etdi ki, aprel döyüşlərində iştirak edən, amma veteranlıq statusu almayan hərbçilər məhkəməyə müraciət edə bilərlər. “Mən də çox adamla görüşürəm, söhbət edirəm, bu statusu alanlar da var”, – hərbi ekspert qeyd edib.

Ə.Verdiyev bildirib ki, Tovuz-Qazax istiqaməti ilə yanaşı, Bakıda, Şəkidə olan qoşunlarımız da müharibə zamanı döyüş hazırlığı vəziyyətində olublar: “Buna görə də dünyanın heç bir ordusunda veteranlıq statusu verilmir. Veteranlıq statusu birbaşa döyüş əməliyyatlarında iştirak etmək üçün müvafiq əmr alaraq hərbi əməliyyatlarda iştirak edən heyətə verilir. Qazax-Tovuz istiqamətindəki hərbi hissələrdə xidmət edənlər döyüş hazırlığı vəziyyətinə gətirilə bilər, bu normal haldır. Amma döyüş əmri almadıqlarına və döyüş əməliyyatlarında birbaşa iştirak etmədiklərinə görə, onların veteran statusu alması gözlənilmir. Onlar müharibə veteranı sayılmırlar”.

Hərbi ekspert vurğulayır ki, hərbçilərin veteran statusu və onların ödənişləri müharibənin başa çatdığı gündən hesablanmalıdır: “Mən bu barədə dəfələrlə yazmışam, amma sərəncamdan görünür ki, müavinətlər 13 ay sonradan hesablanaraq ödəniləcək. Nəticədə döyüşdə iştirak edən veteranlarımız 1000 manatdan çox vəsaitdən məhrum olacaqlar. Hesab edirəm ki, aidiyyatı qurumlar bu ədalətsizliyi aradan qaldırmalıdırlar”.

Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a bildirib ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin, habelə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün 2022-ci il yanvarın 1-dən etibarən təyin edilməsi düzgün hesab edilə bilməz:

“Həmin döyüşlərdə iştirakla bağlı müharibə veteranı adının və Prezident təqaüdünün verilməsinə dair hüquq döyüşlərin başa çatdığı vaxtdan yaranır. Ona görə də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı, vəsiqəsi, habelə Prezident təqaüdü 2020-ci il noyabrın 10-dan etibarən təyin edilməlidir. 1 yanvar 2022-ci il tarixdən hesablanma bu kateqoriyaya daxil olan şəxslərin hüquqlarının məhdudlaşdırılmasıdır. Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə isə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz və Prezidentin normativ aktları da, Konstitusiyaya və qanunlara zidd olmamalıdır”.

Hüquqşünas vurğulayıb ki, indiki halda bu Sərəncam müharibə veteranı adının və vəsiqəsinin, habelə müharibə veteranı təqaüdünün verilməsinin müddətilə bağlı hissəsinin Konstitusiya və qanunlara uyğunluğu məsələsi Konstitusiya Məhkəməsi qaydasında mübahisələndirilə bilər.

Ekspertin sözlərinə görə, aprel döyüşlərinin iştirakçısı olmuş şəxslərə müharibə əlili və şəhid statusu verilsə də, döyüşlərdə iştirak edən şəxslərə müharibə veteranı adının verilməməsi qanunsuzdur: “Çünki “Veteranlar haqqında” qanunda və digər müvafiq normativ hüquqi aktlarda hər üç hal üzrə, yəni şəhid statusunun verilməsi, müharibə ilə əlaqədar əlillik statusunun verilməsi və müharibə veteranı adının verilməsi üzrə hüquqi əsas eynidir: Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmə. Ona görə də, aprel döyüşlərində iştirak edən şəxslərə müvafiq olaraq şəhid və əlil statusu verilibsə, müharibə veteranı adı da verilməlidir. Bunun olmaması Konstitusiyanın 25-ci maddəsi ilə təsbit edilən bərabərlik hüququnun pozulmasıdır və bu kimi hallarla bağlı qərarlardan məhkəməyə şikayət verilə bilər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir