Cəmiyyət

“Laçın dəhlizinə nəzarəti ələ keçirməliyik” – Başqa yolu YOXDUR!

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Qarabağa qanunsuz səfər edib. Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib. Sözügedən səfər deputatın Qarabağa ilk qanunsuz ziyarəti deyil. O dəfələrlə Xankəndiyə gedib.

Hətta 44 günlük müharibə zamanı da Xankəndidə separatçılara dəstəyini ifadə edib. Onun yenə bu addımı atması Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Zirveyolu.info-ın məlumatına görə, rusiyalı deputatın qanunsuz səfərləri ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Rusif Məmmdəsoy bildirib ki, Azərbaycana qarşı “əsəb oyunları” davam edir:

“Rusiya tərəfi həmin ərazilərin Azərbaycana məxsusluğunu və icazəsiz səfər etməyin yasaq olduğunu çox yaxşı başa düşür. Qanunsuz səfər bizə qarşı çox böyük hörmətsizlik və saymazlıqdır. Ölkə başçısı da haqlı olaraq etiraz edib. Məncə, daha ciddi addımlar atmalıyıq. Xüsusilə, Laçın dəhlizinə nəzarəti ələ keçirməliyik. Əks halda, belə təxribatların sayı artmaqla davam edəcək, son olmayacaq”.

Analitikin sözlərinə görə, artıq rəsmi Moskva Qarabağda “rus icması” yaratması təsadüfi deyil:

“Çox təhlükəli məqamdır. Orda nə qədər rus yaşayır ki?! Bu nəyə və kimə lazımdır ? Proseslərin qarşısını almalıyıq. Təsəvvür edin, Qarabağdakı erməni separatçıların hərbi xunta başçısı Araik Arutyunyanla icma görüşür və fotolar paylaşır. Rusiya Xankəndidə büst ucaldır, park salır. Bütün bunlar sülhməramlı missiyasının başlıca öhdəliyi deyil, ola da bilməz. Rusiyaya qarşı artıq daha sərt ritorika ortaya qoymalıyıq. Başlıca vəzifəmiz Laçın dəhlizinə nəzarəti ələ keçirmək olmalıdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir