Hazırda uşaqlar arasında yoluxuculuq qabiliyyəti güclü olan “influenza” virusu yayılıb. Mövsümi qrip virusu dekabrın əvvəllərindən ölkədə tüğyan etməyə başlayıb və əsasən müxtəlif yaş qrupu olan uşaqlar arasında geniş yayılıb.
Böyüklər arasında da bu virusa tutulanlar da az deyil.
Ötən gün Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev də sözügedən virusun ölkədə mövcudluğunu təsdiqlədi və infeksiyanın daha çox kiçik körpələrə, yəni 0-5 yaş aralığında olan uşaqlara təsir etdiyini bildiridi. Maraqlıdır ki, Nazirlik rəsmisi əslində “İnfluenza” virusunun donuz qripi olduğunu açıqlamadı. Hər il müxtəlif, xüsusilə qonşu ölkələrdə müşahidə edilən donuz qripinin bir aydan çoxdur Azərbaycanda tüğyan etməsinin rəsmilər tərəfindən gizlədilməsi anlaşılan deyil.
Bəs donuz qripi, yəni “İnluenza” virusu nədir?
Şimal yarımkürəsində “İnfluenza”nın (A (H1N1 donuz qripi) fəsli, epidemiyası adətən qışda baş verir, pik nöqtəsinə isə yanvar və fevral aylarında çatır. Çox ağır bronxitə səbəb olur. Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız virus qrupu budur. İlk gündən səbəbsiz yerə yüksək temperatur olur, baş ağrıyır, zəiflik, halsızlıq, əzələ ağrıları müşahidə olunur. Bu xəstəliyin əlamətləri ilk gündən insanı yatağa sala bilir. Xəstəliyin ikinci, üçüncü günündən zökəm əlamətləri baş qaldırır. Burun tutulur, asqırma, burundan selikli ifrazat, gözdən su axır.
Donuz qripi əsasən tənəffüs yolları ilə yoluxur. Xəstə insanla yaxın əlaqə, xəstənin öskürməsi və ya asqırması zamanı insandan insana keçir. Zirveyolu.info xəbər verir ki, Bizim.Media-ya mövzu ilə bağlı danışan infeksinonist Nicat Əzimlinin sözlərinə görə “İnfluenza” qripin elmi adıdır:
“”Quş qripi”, “donuz qripi” və digər qriplər də “İnfulenza”dır. Ədəbiyyatda qrip virusudur deyə keçmir. Xəstəliyin adı isə qripdir. Necə ki, koronavirus və onun variantları COVID-19-dur, burada “İnfluenza” virusun, qrip isə xəstəliyin adıdır”.
İnfeksionist ölkədə yayılan viruslarla əlaqədar ona da çox sayda müraciətlərin olduğunu deyib:
“Bilirsiz ki, ötən gün “Omikron” ştamının Azərbaycanda aşkarlandığı elan olundu. Əslində bu virus növünün də Azərbaycanda olduğu barədə bir neçə həftədir ki, şübhəmiz var idi. Çünki yoluxma sayında artım baş vermişdi.
Bu da onu göstərir ki, son vaxtlar kəskin simptomlarla özünü göstərən xəstəlik hamısında olmasa da, bir çox hallarda ya “Omikron”un özüdür, ya da mövsümi respirator infeksiyalardır.
Təbii ki, bizə də müraciət edənlər olur. Onların içərisində bəzilərinin COVID-19 olduğu təsdiqlənir, bəzilərində təsdiqlənmir. Hər bir halda əksəriyyəti yüngül xəstələrdir. Sadəcə olaraq qızdırma yüksək olduğuna və digər simptomlar yuxarı tənəffüs yollarında özünü kəskin göstərdiyinə görə xəstələr özünü pis hiss edir. Belə olan halda əsasən simptomatik müalicə ilə bir neçə gün ərzində xəstədə yaxşılaşma müşahidə olunur”.