Ömür Allahın bəndələrinə bəxş etdiyi bir paydır, Uca Allahın da hər birimiz üçün yazdığı ayrı-ayrı ömür yolu və müddəti vardır. Hər kəsə məlumdur ki, bu fani dünya biz bəndələrinə Allah tərəfindən verilmiş bir fürsətdir, hansı ki, ölümdən sonrakı həqiqi aləmdə yəni, axirət dünyasında rahat yaşaya bilməyimiz üçün hazırlıq meydançasıdır. Biz bu dünyada elə yaşamalıyıq ki, əməllərimiz saleh, imanımız kamil olmalıdır. Doğrudur heç kim mükəmməl ola bilməz, lakin yaxşı olmağa çalışmaq hər kəsin öz əlindədir. Buna görə də biz hər an ölümü xatırlamalı və ona görə yaşamalıyıq. Bilirik ki, həyatın enişli-yoxuşlu yolları var, həmçinin bu həyat bir çox çətinliklərlə doludur. Amma həyatdakı bu enişli-yoxuşlu yollara və bütün çətinliklərə baxmayaraq insan daha uzun ömür yaşamaq istəyir. Lakin insan bilməlidir ki, yaşadığı ömrün müddəti deyil, bu ömrü necə yaşadığıdır vacib olan. Çünki insan yüz il də ömür yaşaya bilər, ancaq o ömürü elə yaşamalıdır ki, yaşamağa dəysin, ilk növbədə insani keyfiyyətləri özündə cəmləşdirsin, savadlı olsun ya da ən azından bir sənətin bacarıqlı bir sənətkarı, bir sözlə peşəkarı olsun ki, insanlar da ondan faydalana bilsin. Beləcə bir insan çox böyük faydalı iş görmüş olur. Zamanı gəlincə özü bu dünyadan köçüb getsə də kimlərəsə öyrətdiyi bilik, bacarıq davamlı olaraq yaşayır, buraxdığı iz silinməz olaraq qalır və bununla yanaşı ondan faydalanan insanların da xatirələrində yaxşı bir insan kimi qalır. Bundan gözəl nə ola bilər ki?. Bir fərd olaraq insanlara vicdanı, əxlaqı, elmi və ya hər hansısa bir sənəti ən yaxşı formada öyrədəsən və dünyadan köçüb getsən belə əbədi xatirələrdə yaşayasan. Yox əgər yaşadığı istər neçə illik olursa olsun ömründə özü faydalı işlər görüb, başqalarına da həmin faydalarından verməyibsə demək ki, onun yaşadığı ömür heç bir işə yaramayıb. İnsan üçün ən acınacaqlı hal isə yaşadığı müddətcə özünə heç bir faydasının olmamasıdır. Çünki, bəzi insanlar var ki, bu həyata nə üçün gəldiklərini belə bilmirlər. Və belə bir hədis var ki, insan öldükdən sonra bütün əməlləri kəsilir, bu üç əməlindən başqa: 1) Sədəqə cəriyyəsi, 2) Faydalanılan elm, 3) Onun üçün dua edən saleh övlad. Buna görə də ömrü xeyirli əməllər etməklə səmərəli keçirmək lazımdır. Məsələn: Xeyirxahlıq etmək ilk növbədə ən böyük savabdır, təbii ki, maddi imkanı olan şəxslər xeyirxahlıq edə bilərlər imkansızlara, kasıblara əl tutmaqla. Və yaxud da hər hansısa bir şəxs, bir elmi mükəmməl bilir onu başqalarına da, xüsusən öyrənmək istəyənlərə öyrətmiş olarsa, bu özü də ən xeyirli əməldir ona görə ki, həmin elmi öyrədən şəxs həyatda olmasa belə davamçıları o elmi yayacaq, yaşadacaq. Beləcə insan həm özünə həm də başqalarına fayda vermiş olur.
Bu həyatda yaşayan bütün insanların məqsədi bir olmalıdır, bu da öləndən sonra da yaşamaq. “Öləndən sonra necə yaşamaq olar?” sualına isə xatirələrdə yaşamaq olar, deyə cavab vermək mümkündür. Çox təəssüflər olsun ki, bəzi insanlar bu həyatda necə yaşamağı ömürlərinin sonuna az qalmış anlayır və çalışırlar ki, günahlarını təmizləsinlər, daha yaxşı insan olsunlar, faydalı işlər görsünlər, lakin bu zaman gec olur. Axı faydasız həyat vaxtsız ölümə bərabərdir. Buna görə zamanında həyatı faydalı yaşamaq lazımdır. Çünki ömrün ən böyük qazancı, ömürdən sonrakı həyatın qazanılmasıdır. Həm də elə yaşayasan ki, xatırlanasan gərək, bu dünyada olmayanda belə xatırlanasan. Təbii ki, xoş xatirələrlə xatırlanasan. Əbədi qəlblərdə silinməz iz buraxasan.
Cavadzadə Seyid Sürayə