“AZAL prezidentinin sifarişilə oğlum haqqında ədalətsiz hökm çıxarılsa, intihara əl atacam” – İş adamının anasından ETİRAZ
“İdeal” mağazalar şəbəkəsinin təsisçisi, həbsdə olan iş adamı İlqar ismayılovun anası Somaz İsmayılova deyir ki, əgər yenə də AZAL prezidenti Cahangir Əsgərovun sifarişilə oğlu haqqında ədalətsiz hökm çıxarılsa, ölüm aclığına başlayacaq. Zirveyolu.info bizimyol.info-ya istinadən xəbər verir ki, Solmaz İsmayılova yanvarın 11-də Baş Prokurorluğun rəhbərliyilə görüşmək üçün bu quruma gedib. Baş Prokurorluğun qəbul şöbəsinə gedən anaya deyilib ki, bu iş artıq məhkəmədədir. Ona görə də Solmaz İsmayılovanı Baş Prokurorluğun məhkəmələrdə dövlət ittihamını müdafiə idarəsinə yönləndiriblər.
Baş Prokurorluğun qarşısında jurnalistlərə açıqlama verən Solmaz İsmayılova bildirib ki, oğlunu heç bir sübut-dəlil olmadan, Cahangir Əsgərovun sifarişilə həbs ediblər. İndi də onun sifarişilə haqqında uzunmüddətli həbs hökmü çıxarmağa hazırlaşırlar: “Bizdə məlumat var ki, Cahangir Hacıyevə söz veriblər, oğlum haqqında uzunmüddətli azadlıqdan məhrumetmə hökmü çıxarılacaq. Prokuror 9 il iş istəyəcək, məhkəmə də 8 il verəcək. Buradan deyirəm, eşitsinlər, kim rüşvət alıbsa, qaytarsın. Çünki oğlum haqqında sifarişlə ədalətsiz hökm çıxarılsa, ölənə qədər aclıq edəcəm, intihara əl atacam. İnsanın günahsız balasının həbsdə çürüməsi nə deməkdir? Onsuz da hər gün ölürəm buna görə. Prezident deyir ki, sahibkarlara mane olmayın, işləsinlər, biznes inkişaf eləsin, bunlar biznesmenin biznesini də, ailəsini də, özünü də məhv edirlər. Prezident xəbər tutmalıdır ki, Cahangir Əsgərov və həyat yoldaşı Zərifə Həmzəyeva oğlumu saxta ittihamla həbsə atdırıb, dişi-dırnağıyla qazandıqlarını ələ keçirdi. Bununla da qalmadılar. Oğlum şikayətçi olduğuna görə onu təkrar həbsə atdırıb, bir ailəni məhv edirlər”.
Anasının sözlərinə görə, İlqar İsmayılov “İdeal Kompani”ni 1999-cu ildə təkbaşına yardıb, illər keçdikcə mağazalarının sayını artırıb. 2011-ci ildə AZAL prezidentinin xanımı, uzun illərdir kosmetik məhsulların istehsalıyla məşğul olan “Gazelli Group”un rəhbəri Zərifə Həmzəyeva “İdeal”a da 50 faiz şəriklik əldə edib: “Zərifə Həmzəyeva şirkətə 50 faizlə girdi, daha sonra isə payını yavaş-yavaş artıraraq, 75 faiz etdi”.
Solmaz İsmayılova deyir ki, Zərifə Həmzəyevanın rəhbərlik etdiyi o vaxtkı “Silk Way”, indiki “Premium Bank”dan şirkətin inkişafı üçün kredit ayrılıb. Lakin həmin kreditlər İlqar İsmayılovun adına rəsmiləşdirilib: “Ortada sübutlar var ki, o kreditlər bankdan götürülüb, birbaşa şirkətin xəzinəsinə köçürülüb. Kredit sənədlərdə 5 illik ayrılsa da, qısa müddətdə ödəməyi tələb elədilər. Oğlum məcbur olub, payının 25 faizini də verdi. Bununla da kifayətlənmədilər. Əmtəə nişanını, qalan payı da istəyəndə, oğlum vermədi. Ona görə oğlumu saxta ittihamla həbs elədilər ki, guya “İdeal” şirkətindən pul götürüb, digər təsisçinin – Zərifə Həmzəyevanın xəbəri olmayıb. Oğluma həbsdə sənədlərə imza atdırıb, qalan 25 faizi, əmtəə nişanını da əlindən alandan sonra buraxdılar. Oğluma demişdi ki, “səninlə halallaşacam”. Bəs hanı halallıq? Sonra da dedi ki, “sus, otur, səsini çıxarsan, səni yenidən içəri atdıraram”. Oğlum susmadı, haqqını tələb elədi. Mən kirayədə yaşayıram. Oğlumun ailəsinin, uşaqlarının yaşadığı ev bankda girovdadır. 10 aydır oğlum həbsdədir. Heç oğlumun yanına yemək də aparmağa imkanım yoxdur. Bir insana, bir vətəndaşa bu zülm niyə edilir? Bütün hüquq sistemi yaxşı bilir ki, oğlum sifarişli həbs olunub. Bu həbsin heç bir qanuni əsası yoxdur. Cahangir Əsgərovun bir sözüylə, sübutsuz-filansız oğlumu içəri saldılar. İndi də sifarişlə 9 il iş istəyəcəklər”.
Solmaz İsmayılovanın sözlərinə görə, 2021-ci ildə oğlunu təkrar həbs edəndə yenə də əvvəlki ittihamdan istifadə olunub. Cinayət işində iddia olunur ki, İlqar İsmayılov 2013-2016-cı illərdə digər şəriki Zərifə Həmzəyevanın xəbəri olmadan şirkətin kassasından 680 min manat götürüb, öz ehtiyaclarına xərcləyib. Anası isə deyir ki, İlqar İsmayılov 2013-2016-cı illərdə oğlu əksinə, şirkətin kassasına 5 milyon manatdan çox pul köçürüb: “Birincisi, ittiham yalandır. Oğlum pul götürüb, şəxsi ehtiyaclarına xərcləməyib. İkincisi, hətta 680 min götürübsə belə, 5 milyondan çıxsınlar. Ona görə eləmirlər ki, ittiham yalandır. Deyirlər ki, guya Zərifə Həmzəyeva gəlir götürməyib. Yalan danışırlar. Aktlar var ki, 2014-2015-2016-cı illərdə şirkətin gəliri miliyonlarla olub. Zərifə Həmzəyevanın şirkətdə nümayəndəsi Fuad Əliyev idi. Məhkəmədə dindirilən bütün şahidlər – baş mühasib Samirə Əliyeva, baş mühasibin köməkçisi Həbib Qarayev təsdiq edirlər ki, hər ay Zərifə Həmzəyevanın gəliri ayrılıb. Həbib Qarayev bildirdi ki, bir neçə dəfə şəxsən özü Zərifə Həmzəyevaya çatdırmaq üçün nümayəndəsi Fuad Əliyevə 500 min manat pul verib. Sənədlər var ki, üç il ərzində Zərifə Həmzəyevaya 5 milyon 800 min pul verilib. Necə olur, Zərifə Həmzəyeva 5 milyon 800 min manat götürür, sübutlu-faktlı, amma bu mənimsəmə olmur. Mənim oğlumun adına rəsmiləşdirilən, əslində isə şirkətin inkişafına xərclənən kreditlərin qaytarılmasına xərclənən, heç 680 min eləməyən məbləğ mənimsəmə olur?”
Ötən ilin aprelindən həbsdə olan İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir, həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.
Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.
“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.
AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, “Gazelli Group”un da rəhbəridir.