“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, hesabı açaraq, komandasını qələbəsinə töhvə verən xorvatiyalı futbolçu artıq ikinci təsnifat mərhələsindəki rəqibləri “Dundalk” barədə düşündüklərini söyləyib.
– Oyun haqda nə deyə bilərsiniz?
– “Partizani” bizə çətinliklər yaratdı. Yaxşı rəqiblə qarşılaşırdıq. Taktiki cəhətdən və müdafiədə çox yaxşı oynadılar.
– İlk hissədə qol vura bilməməyinizin səbəbi nə oldu?
– Əsas odur ki, lazım olan qolları ikinci hissədə vurub, qələbə qazanmağı bacardıq.
– Baş məşqçi Qurban Qurbanov fasilədə hansı tapşırıqları verdi?
– Bildirdi ki, sakit oynamaq lazımdır, hər şey yaxşı olacaq.
– Başla vurduğunuz qol “Qarabağ”ın mərhələ adlamasına kömək oldu…
– Uzun müddət idi başla qol vurmurdum (gülür). Ancaq ən önəmlisi qələbə qazanmaq idi. İndi II təsnifat mərhələsini gözləyirik.
– Növbəti mərhələdəki rəqibiniz İrlandiya “Dundalk”ı barədə məlumatınız varmı?
– Hələ ki, xeyr. Ancaq öyrənəcəyik. Yaxşı hazırlaşmaq lazımdır.
– “Partizani”nin II mərhələdəki rəqibdən güclü olduğunu düşünənlər var. Siz bu barədə hansı fikirdəsiniz?
– Bunu deyə bilmərəm. Hər mərhələdə çətin rəqib olur. Əsas bu matçlara yaxşı hazırlaşmaq və baxımlı oyun göstərməkdir.
– “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi real görünür?
– İndi bu barədə danışmaq üçün erkəndir. Oyun-oyun, mərhələ-mərhələ irəliləmək lazımdır. Sonrasını birlikdə görəcəyik.
– “Qəbələ”də olarkən “Dalğa Arena”da avrokubok matçına çıxmısınız. Bura sizin üçün necədir?
– Bəli, “Maribor”a qarşı burda oynamışam. Ancaq “Tofiq Bəhramov”da oynamağı sevirəm. Hələ ki, “Dalğa Arena”dayıq. Sonra necə olacaq, bilmirəm. Stadionla bağlı bir problemimiz yoxdur.