Cəmiyyət

Oğuzun icra başçısının bu kənddən xəbəri varmı? – Sakinlər ÇARƏSİZ DURUMDA

Oğuzun Baş Daşağıl kəndi Azərbaycanın turizm imkanları geniş olan məkanlarından biri olsa da, problemləri də bitmir.

Yayı cənnət, qışı isə olduqca şiddətli soyuq, şaxtalı, daim qarlı kəndin ən başlıca problemlərindən biri də mavi qaz problemidir.

Təəssüflər olsun ki, qonşu ölkələrə mavi yanacaq satan Azərbaycanın bir çox bölgələri kimi Oğuz da diqqətdən kənarda qalıb, elə Baş Daşağıl kəndi buna əyani sübutdur. Amma burada əsas problemlərdən biri də yerli məmurların kəndə və onun mövcud durumuna biganə münasibətidir. Zirveyolu.info-ın məlumatına görə, sakinlər “Arqument.az”a deyirlər ki, bu problemlə bağlı dəfələrlə müraciət etsələr də, heç nəticə yoxdur.

Oğuz Rayon İcra Hakimiyyəti isə sakinləri taleyin ümidinə buraxıb. Belə ki, kənd sakinlərinin qaz problemi ilə bağlı etdiyi şikayət və müraciətlər hiddətlə qarşılanır.

Kəndin təbiəti yayda hamının diqqətini özünə çəksə də, kimlərsə bu kəndə, sadəcə, gəlir mənbəyi kimi sahib çıxmağa çalışır. Amma problemlərini dilə gətirənləri əllərinin arxası ilə geri çevirir, sakinlərin çəkdiyi əziyyəti görməzdən gəlirlər.

“Avazları yaxşı gəlir, oxuduqları “Quran” olsa…”

Sakinlər rayonun deputatı Aqiyə Naxçıvanlıya da dəfələrlə müraciət ediblər, hətta kənd sakinləri ilə görüşündə də bunu dilə gətiriblər.

Bir müddət bundan öncə isə yazılı şəkildə müraciət ediblər.

Deputat lazımi tədbirlərin görüləcəyinə dair söz verib, amma, sadəcə, söz verib və vədi elə söz olaraq da qalıb…

Bir neçə dəfə problemlə daha yaxından tanış olması üçün onu kəndə də dəvət ediblər, amma gəlməyib.

Cavabsız məktublar…

Çarəsiz sakinlər SOCAR-a, Prezident Adminstrasiyasına, Birinci vitse-prezidentə müraciət ediblər, amma deyirlər ki, şikayətləri həmin qurumlara çatmayıb.

Onların sözlərinə görə, müvafiq urumlara göndərilən saysız-hesabsız məktublar hələ də cavabsızdır.

200-ə yaxın ailə, 1300-ə qədər sakin 3 ildən çoxdur ki, qaz probleminin həllini ümidlə gözləyir. Amma belə görünür ki, daha çox gözləməli olacaqlar.

Daşağıllıların problemləri təkcə bununla bitmir.

Sakinlər deyirlər ki, kəndin məktəb problemi mövcuddur. Belə ki, məktəb binasının kiçikliyi, texniki vəsaitlərdən rahat istifadə edə bilmək üçün imkanların azlığı məktəbin və daha doğrusu, kəndlilərin başlıca problemidir.

Baş Daşağılın bütün problemlərinin həlli daşdan keçir. Daşağıl – sanki bu ad elə kəndin qismətinə yazılıb və problemləri ilə düz mütənasibdir…

Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir