Azərbaycan Ordusunun qəfil hücumu və… – Düşməni diz çökdürəcək həmlənin inanılmaz detalları
Dünən Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş oldu. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak etdilər.
Məlumatlara görə, müzakirələr martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşünün nəticələr üzərində qurulacaq. Əsas hissəsi qapalı olacaq görüşdə Dağlıq Qarabağ münaqişənin həlli yolları müzakirə olunacaq, lakin konkret detallar bəlli deyil. Görüşün nəticələrini proqnozlaşdırmaq çətindir, lakin bəzi şərhçilər Moskva görüşündən sonra cəbhədə hərbi toqquşmaların arta biləcəyini vurğulayırlar.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi, professor Fikrət Sadıxov bildirir ki, cəbhədəki mövcud proseslərin diplomatik görüşlərlə heç bir əlaqəsi yoxdur:
“Cəbhədə vəziyyətin gərginləşməsinin görüşlə heç bir əlaqəsi yoxdur. Çünki Ermənistan cəbhədə atəşkəsi daim və sistematik şəkildə pozur. Özü də bu keçmiş rejimdən yeni rejimə qədər gələn prosesdir. Onlar dünyaya nümayiş etdirmək istəyirlər ki, təxribatları Azərbaycan törədir, Azərbaycanda hərbi ritorika kifayət qədər yüksəkdir, Azərbaycan Ermənistana hərbi potensialı ilə hədə-qorxu gəlir. Onların əsas məqsədi budur. Bu proseslər daha intensiv şəkildə həm liderlərin, rəsmilərin görüşü ərəfəsində, həm də görüşlərdən sonra gedir. Azərbaycan heç vaxt təxribatla məşğul olmur. Lakin biz heç zaman hərbi gücün istifadəsindən imtina etməmişik. Sadəcə olaraq hərbi gücümüzü təxribatlara istiqamətlənən formada yox, torpaqlarımızın azad olunması istiqamətində istifadə edə bilərik. Bu da heç bir halda görüşlərlə bağlı olmur və olmamalıdır. Lakin Ermənistan həmin mövqeyində qalacaqsa, əlbəttə, onlar Azərbaycandan hər zaman bir zərbə gözləməlidirlər. Bu, danılmaz faktdır”.