Laçın rayonundan məcburi köçkün Elman Kərimovun ailəsinin ağır vəziyyəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət ünvanlanıb. DİA.AZ bildirir ki, müraciət sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Həmin müraciəti təqdim edirik:
“Şəki rayonunda məskunlaşmış Laçınlı məcburi köçkün Kərimov Elman Kərim oğlunun ağır vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Elman Kərimov həyat yoldaşı Balaxanım Kərimova ilə birlikdə Şəki rayonu Çələbixan qəsəbəsində Su idarəsinin köhnə və yararsız binasında məskunlaşıb. İndi Su idarəsinin rəhbərliyi onlara təzyiq edir, zorla yaşadıqları yerdən çıxarmaq istəyir. E.Kərimov onlara bildirir ki, bizim getməyə yerimiz yoxdur, ya ev verin gedək yaşayaq, ya da icazə verin gedək Laçında alaçıq quraq yaşayaq. Bu zavallı insanların ümidi hər yerdən kəsilib, bilmirlər nə etsinlər.
E.Kərimovun oğlu Kərimov İsgəndər müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət keçir. Məcburi köçkünə, hərbçi ailəsinə bu cür münasibət dözülməzdir və Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının kobud şəkildə pozulması deməkdir.
Xahiş edirik ki, məcburi köçkün və hərbi qulluqçu ailəsinə köməyinizi əsirgəməyəsiniz, onların bu ağır vəziyyətdən çıxması üçün tapşırıqlarınızı verəsiniz”.
Qeye deək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də əslən Laçın rayonundandır…
DİA.AZ