Ölüm yolu… Zağulbadan Mərdəkan döngəsinə 500 metr qalmış yolu belə adlandırmaq olar. Burada yolun sürət həddi 110 km/saatdır. Ancaq yolu keçmək istəyn piyadalar üçün nə üst keçid var, nə piyada zolağı, nə alt keçid. Yəni bu yolda sürət həddini 110 təyin edən zaman yolu keçmək istəyən piyadalar nəzərə alınmayıb.
Hər il ərazidə piyada ölümü ilə nəticələnən avtomobil qəzaları baş verir. Ötən il də həmin yolda 4 nəfər yolun qurbanı olub. Uşağını məktəbə aparmaq istəyən, yolun o biri tərəfində işi olan kimsə ya uçaraq keçməlidir, ya da “Kәlmeyi-şəhadət”ini dilinə gətirəndən sonra. Yoxsa, başqa yol yoxdur…
Sakinlər yolda piyada keçdinin olmaması ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Görünür, bu məktublaşmalar icra hakimiyyətinin xoşuna gəlib ki, illərdir bu beləcə davam edir.
“Zağulbadan Mərdəkan döngəsinə gedərkən döngəyə 500 metr qalmış yol üzərində tez-tez piyada ölümü ilə nəticələnən qəzalar baş verir. “Mərdəkan Broyler” tərəfdə yaşayan sakinlər övladlarını məktəbə aparmaq üçün Zağulba yolunun qarşı tərəfinə keçmək məcburiyyətindədirlər”,- bu barədə Bizimyol.info saytına yaxınlıqda yaşayan sakinlər müraciət ediblər. Onlar qeyd edib ki, uzun illərdir bu məsələ ilə bağlı aidiyyatı orqanlara məktubla müraciət ediblər. Nəticə də yoxdur.
“Yolun sürəti 110 km/saatdır. Yolda piyada keçidi yoxdur. Bu yoldan yaşlıların, uşaqların, hamilə qadınların keçməsi ölüm deməkdir. Biz məsələ ilə bağlı müraciətlərimizi etmişik. Ən son Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA – red.) ərazidə piyada keçidi salacağı bildirildi. Amma heç bir nəticə yoxdur. Deyilənə görə, orada üst keçid nəzərdə tutulub, amma nə zaman bilmirik…”, – deyən ərazi sakinləri qeyd edir ki, yaxın zamanlarda da orada piyada ölümü ilə nəticələnən qəzalar baş verib. Üç nəfər – bir yaşlı qadın, bir də ana-bala yolu keçərkən avtomobil vuraraq onların həyatına son qoyub.
Vətəndaşlar artıq kimə müraciət edəcəklərini bilmirlər. Haqlıdırlar. Əgər məsul qurumlar bu məsələni ötür-ötür oyununa çeviribsə, məsələyə bir “dur” deməyin zamanı yetişib. Hər il onlarla piyadanın avtomobil qəzasına düşdüyü təhlükəli bir yolda piyada keçidi qurulmursa edilmirsə, ya aidiyyatı qurumlar işləmir, ya da ölən piyadalar onlar üçün maraqlı deyil və yaxud vəsait ayırmaq istəmirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobol Yolları Dövlət Agentliyinə sorğu göndərdik. Hələ də qurumun cavabını gözləyirik. Gözləyirik ki, görən AAYDA hər an həyat təhlükəsi ilə qarşı-qarşıya qalan sakinləri “Ölüm yolu”ndan nə zaman qurtaracaq. Cavabı sizinlə də bölüşəcəyik.
Bizimyol.info