Cəmiyyət

Tələbələrin köçürülməsi, əslində, niyə dayandırılıb? – Cinayətkar şəbəkə İŞ BAŞINDA

Məlum olduğu kimi, Təhsil Nazirliyinin qərarı ilə tələbələrin köçürülməsi müvəqqəti olaraq dayandırılıb.
Bu məsələ ilə bağlı bir sıra sosial media səhifələrində geniş müzakirə açılıb.
Bəzi təhsil ekspertləri bu qərarın özəl universitetlərin təzyiqi ilə verildiyinə dair fikirlər səsləndirib.
Digər mövqe isə odur ki, Təhsil Nazirliyi bu sahədə özbaşınalığı, neqativ halları aradan qaldırmaq üçün bu addımı atıb.
Qeyd edək ki, dövlət universitetlərinə qəbul olmaq istəyən tələbələr ixtisas seçimi zamanı bir çox hallarda bu işlə məşğul olan kodlaşdırma mərkəzlərinə müraciət edirlər. Təəssüf ki, bu mərkəzlərin bəziləri valideynlərin etimad və məlumatsızlığından sui-istifadə edərək, biznes maraqlarını təmin edirlər. Bəzən valideynlərə vəd edilir ki, əgər, abituriyent dövlət universitetinə qəbul olmasa, özəl universitetə qəbul olduqdan bir semestr sonra dövlət universitetlərinə köçürülməni təmin edəcəyik. Təxminən belə də olur. Tutaq ki, valideyn istəyir onun övladı BDU-nun hüquq fakültəsinə qəbul olsun, amma ola bilmir, daha sonra bu kodlaşdırma mərkəzlərinin köməyi ilə həmin ixtisaslara transfer olurlar. Burada kiminsə haqq etmədiyi nəticəyə yiyələnməsilə yanaşı, həm də özəl universitetlərin iqtisadi durumuna böyük zərbə dəyir. Çünki, məsələn, 25 nəfərlik qrup köçürülmə nəticəsində 1 semestrdən sonra 12 nəfərlik qrupa çevrilir. Belə olan halda universitet müəlliminə maaş verməkdə, vergi, kommunal və digər öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkir. Kodlaşdırma mərkəzləri bu köçürmə prosesini təbii ki, böyük məbləğ qarşılığında həyata keçirir. Hansı ki, Təhsil Nazirliyi transfer.edu.az saytını tələbələrin müstəqil şəkildə və məmur-vətəndaş kontaktı olmadan – yəni şəffaflığı təmin etmək üçün həyata keçirilməsi üçün yaradıb. Mərkəzlər bu sistemdən öz maraqları, maddi mənfəətləri üçün istifadə edir və özəl universitetlərdə 1 semestr köçürülmə üçün “yer tuturlar”. Nəticədə həmin yerə qəbul olunmaq, 4 il təhsil alaraq peşəkar mütəxəssis kimi əmək bazarına daxil olmaq istəyən abituriyent kənarda qalır. Qənaətlərdən biri budur ki, Təhsil Nazirliyinin qərarı təhsil eksperti kimi tələbələrin köçürülməsi ilə məşğul olanların, o cümlədən kodlaşdırma mərkəzlərinin maraqlarına toxunduğu üçün onlar buna kəskin reaksiya verir.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə guya, köçürülmə məsələsində təzyiq göstərmiş universitetlərdən biri Xəzər Universiteti ilə əlaqə saxladıq.
Universitetin ictimaiyyətlə əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli bildirdi ki, özəl universitetlərin tələbə köçürülməsini istəməsilə bağlı yayılan məlumatlar şayiədir:

“Bu, ağıla sığmayan, məntiqə uyğun olmayan bir xəbərdir. Transfer.edu. az vasitəsilə həyata keçirilən tələbə köçürülmələri həm dövlət, həm də özəl universitetlərdə də eyni qayda ilə gedir. Bizdən başqa universitetə gedən və yaxud bizə gələn xeyli tələbələr də var. Yəni, bunun bizim üçün mənfi-müsbət məsələsi yoxdur. Tələbə müstəqildir və biz tələbənin müstəqilliyinə üstünlük veririk. Bilirsiniz ki, Xəzər Universiteti Avropa, Asiya və digər ölkələrin universitetləri ilə birbaşa əlaqələr quran universitetdir. Tələbə istədiyi vaxt, istənilən ölkəyə, universitetə köçürmələrini həyata keçirə bilər. Amma Təhsil Nazirliyinin tələbə küçürülmələrinin olmaması ilə bağlı qərarı düşüncəmə görə, bir az yanlışdır. Yəni, Təhsil Nazirliyi buna imkan verməlidir. Bu dayandırılır, yaxud ildə bir dəfə edilirsə, məntiqlə qəbul etmək olar. Amma bunu öncədən, yəni sentyabr ayından elan etməli idilər ki, tələbələr də ona görə işini müəyyənləşdirərdilər. Mən elə güman edirəm ki, bu açılmalı və tələbələr də öz işini görməlidir. Əgər Təhsil Nazirliyi arqumentlərini ona yönəldirsə ki, bu qeyri-qanuni, şəffaf olmayan metodlara gətirib çıxarır, mən hələ ki, elə bir şeylə rastlaşmamışam. Transfer.edu.az-da sənədlərini verir, tələbənin, Təhsil Nazirliyinin kriteriyalarına uyğun məsələ həyata keçirilirsə, transfer.edu.az-dan keçə bilirlər, yox əgər kriteriyalar uyğun deyilsə, kimsə oradan keçə bilməz. Bunu hər hansı bir başqa bir şeylə əlaqələndirmək məncə doğru deyil”.
Digər adıçəkilən Qərbi Kaspi Universitetindən isə bildirdilər ki, Təhsil Nazirliyi universitetlərə tövsiyə və tapşırıqlar verir, universitetlərin nazirliyə təzyiqi barədə danışmaq məntiqli səslənmir və Qərbi Kaspi Universiteti tələbələrin köçürülməsinə qarşı deyil:

“Biz tələbələrin köçürülməsinə qarşı deyilik, əksinə, bu təşviq olunmalıdır, tələbəyə keçid imkanı verilməlidir. Bəli, məsələ aktuallaşmışkan, demək istərdik ki, universitet olaraq biz hansısa möhtəkirlərin qanunsuz fəaliyyətinə vasitəçi olmaq istəmərik. Yəni, tələbə bizim universitetə qəbul olunaraq başqa universitetə köçməyi hədəfləyirsə, bu halda, bu yerə düşməyi və 4 il burada təhsil alamağı arzulayan tələbənin yerini tutmuş olur. Qaldı köçürmələrə bizdən tələbələr köçdüyü kimi bizim univesitetə də gələnlər olur. Bizim üçün hazırda say yox, təhsilin keyfiyyətinin ardıcıl olaraq artırılması, yeni çağırışlara uyğunlaşdırılması və bu cür təhsil və inkişaf arzusunda olan tələbələrin seçimidir”.
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov sözügedən məsələ ilə bağlı qeyd edib ki, problem var idi və bunu da nazirliyin əməkdaşları hər halda müşahidə edirdilər. Bunun qarşısını almaq üçün belə bir addım atılıb:

“Ümumiyyətlə, demək istəyirım ki, tələbə köçürmələri yenidən açılacaq. Çünki bu, dünyada çox normal qəbul olunan bir praktikadır. Yəni, tələbələr bir universitetdən, digər universitetə keçid edə biləcək. Amma bu hansı formada olacaq, hazırda bunun üzərində iş gedir. Nəticədə balı zəif olan tələbənin, balı yüksək olan ixtisasa, universitetə keçmək mümkün olmamalıdır. Xüsusilə də xaricdə təhsil alan diplomları həmin ölkənin akkriditasiyasında tanınmamış universitetlərdən tələbələr gəlib Azərbaycan universitetlərinə küçürmə edə bilməməlidirlər.Çünki onlar ora qəbul olarkən atestat nəticələri ilə qəbul olublar. Ölkəmizdə isə onların yaşıdlarının imtahanda yüksək bal toplayaraq daxil olduğu universitetə, atestat ilə Dağıstanda, Ukraynadan oxuyan tələbələrin köçürmə ilə Azərbaycan universitetində oxumasının qarşısının alınması üçün hazırda işlər gedir. Dünya praktikası araşdırılacaq . Bu araşdırıldıqdan sonra transfer.edu.az yenidən işlək vəziyyətə düşəcək. Yeni formada, yeni şəkildə köçürmələr edə biləcəklər. Düşünmürəm ki, bu universitetlərin təzyiqi ilə olub. Sadəcə bir problem var idi və bunu da nazirliyin əməkdaşları hər halda müşahidə edirdilər. Ona görə də bunun qarşısını almaq üçün belə bir addım atılıb”.
Məsələ ilə bağlı Məktəb Guşəsi jurnalının və saytının baş redaktoru Məzahir Məmmədli bildirib ki, nazirliyin yaratdığı fürsətdən öz maraqları üçün istifadə edən dəllallar var:

“Yəni, qəbul zamanı həyəcanlı valideynlər qəbul balı aşağı olan abituriyyentlər özlərini harada görməklə bağlı yer axtarırlar. Lakin nəticədə gedib o dəllalların yanına çıxırlar. Bu işlə məşğul olan bəzi adamlar var, həqiqətən vəd verirlər ki, əgər sizin uşağınız BDU-nun və yaxud digər dövlət universitetlərin hüquq fakültəsinə qəbul olmasa biz onu özəl universitetlərin hüquq fakültəsindən köçürülməsini gələcəkdə təmin edə bilərik. Təəsüflər olsun ki, hər dəfə qəbul imtahanı ərəfəsində abituriyentlər üçün xüsusi bir şəbəkə fəaliyyətə keçir. Bu şəbəkə onların imtahanda qazandığı balların, yəni 150 baldan yuxarı toplayanlara təklif edirlər ki, bizim imkanlarımızdan istifadə edin. Biz sizin üçün elə kodlaşma apararıq ki, siz qəbuldan kənarda qalmazsınız. Bu kimi güclü təbliğatlar az bal toplayan adamların hamısında çaşqınlıq yaradır. Nəinki az bal toplayanların, təəssüflər olsun, bizim müşahidələrimiz göstərib ki, təxminən 600 bal nəticə göstərmiş abituriyyentlərin özləri belə kənarda qalıblar. Bu hal iki dəfə baş verib. Azərbaycan universitetlərinin ən yüksək fakültələrini ödənişsiz yazıblar və iki ixtisası seçməklə həmin abituriyyentlər kənarda qalıblar. Həm Təhsil Nazirliyi, həm də aidiyyatı qurumlar həmin o fırıldaqçılara qarşı mübarizə aparmalıdır. Ümumilikdə bu məsələ özəl universitetlərin də işinə təsir edir. O ki, qaldı Təhsil Nazirliyinin özəl universitetlərin təzyiqi ilə bu köçürülməni dayandırmağa, mən buna inanmıram. Təhsil Nazirliyi, bu məsələ ilə bağlı ola bilsin ki, balansın pozulduğunu özü müşahidə edir və daxili narahatçılıqdan bu addımı atıb”.
Baku Post

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir