Cəmiyyət

Şəhidlərin vərəsələrinə verilən təqaüd niyə artırılmadı? – NARAZILIQ!

Şəhid Mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu öz sosial şəbəkə hesabında paylaşım edərək, şəhidlərin vərəsələrinə verilən 500 manat Prezident təqaüdünün az olması ilə bağlı məsələni gündəmə gətirib.

Zirveyolu.info  bizimyol.info-ya istinadla xəbər verir ki, o, paylaşımında bildirib ki, təqaüdlər, maaşlar 20 % artdı, amma şəhidlərin vərəsələrinə verilən 500 manat Prezident təqaüdü artırılmadı. Elyar İslamoğlunun sözlərinə görə, işıq, su qaz, yanacaq və ərzaq bahalaşdığı üçün 500 manatla dolanmaq çox çətindir və bu səbəbdən də həmin təqaüdlər də ən azından 20 % artırılmalıydı: “Ailə var ki, şəhid olan övladı 1500-2000 manat maaş alırdı, amma indi ailəsinə yalnız 500 manat verilir (ailəsində pensiya almayan subay şəhidlər üçün).

Ön cəbhədə, dağda xidmət etdiyi üçün ikiqat maaş alan hərbiçi şəhid olduqdan sonra ailəsinə maaşının bir qatının 60-80 faizi və ya təkcə 500 manat Prezident təqaüdü verilir. Əslində maaşın bir qatı da deyil, o məbləğdən də bəzi çıxılmalar olur. Nəticədə maaşın 3-dən biri qədər məbləğ qalır. Bu məbləğ isə indiki qiymətlərlə həddən çox azdır. Ona görə də bir çox şəhid ailələrinin dolanışığı hal-hazırda yaxşı deyil, ehtiyacları da günü-gündən çoxalır.

Sonuncu dəfə işıq, su və qazın qiyməti artırılarkən şəhid ailələrinə güzəşt məsələsi yada düşmədi. Haqlı olaraq şəhid ailələri də narazı qaldı.

Dəyərli millət vəkillərindən bu məsələni də Milli Məclisdə müzakirəyə çıxarmağı rica edirəm”. Deputat Fazil Mustafa məsələ ilə bağlı açıqlama verərək bildirib ki, əllbətdə ki, bu məsələni qaldırmaq da lazımdır. Amma bu, birbaşa Prezidentin sərəncamında olan məsələdir.

“Çünki Prezident təqaüdünün artırılması birbaşa Prezidentin göstərişi ilə həyata keçirilməlidir.

Hesab edirəm ki, həqiqətən də bu məbləğ artırılmalıdır. Çünki digər müavinətlər, əmək haqları, pensiyalar artırılırsa, bu sahədə də artım olmalıdır.

Bazara görə müəyyən problemlər yaşanır və şəhid ailələrinin hərhansa bir sıxıntı çəkmələrinə yol vermək olmaz. Bu, onlar üçün müəyyən mənada dolanışıq, yaşam üçün vacib olan məbləğdir”.

Detutatın sözlərinə görə, hələ bu məbləğ də yetərincə aşağıdır. Çünki bu ailələrin hansısa sıxıntı çəkmələrinə cəmiyyətimiz imkan verməməlidir.

“Bu təklifi haqlı bilirəm və düşünürəm ki, təklif yerinə yetirilməlidir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir