Cəmiyyət

Cəbrayılın icra başçısı NƏ İŞƏ YARAYIR… – İTTİHAM

Əksər icra başçıları nəinki, kəndləri gəzib problemlərlə maraqlanmırlar, heç ümumiyyətlə qapısına qədər gələn vətəndaşları belə qəbul edib, problemini dinləmirlər. Bu barədə hər gün sosial media və sosial şəbəkələrdə onlarla vətəndaş şikayətləri yayımlanır. Ən acınacaqlısı da odur ki, haqqında şikayətlər yayımlanan icra başçıları heç bir halda həmin sakinlər ilə maraqlanmırlar. Hətta, işlərini düzgün icra etməyərək, şikayətçi olmağa vadar etdikləri həmin sakinlərə qarşı kin saxlayır, onun bütün problemlərini görməzdən gəlirlər.

Əlqərəz… Söhbəti çox uzatmadan keçək yuxarıda haqqında bəhs etdiklərimizin növbəti nümunəsinə.

Belə ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun barəsində narazılıqlar hələ də davam edir.

“DogruXeber.az” redaksiyasına yerli sakinlər tərəfindən yenə də videomüraciətlər göndərilib. Bu dəfə isə redaksiyamıza təkrar müraciət edən Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini Elmira xanım Məmmədova icra başçısının “muzdlu tərəfdarları”nın onlara sosial şəbəkələr üzərindən etdikləri təzyiqlərdən danışıb.

Qeyd: Xatırladaq ki, Elmira xanım icra başçısı haqqında bir deyil, bir neçə dəfə mətbuat vasitəsilə ölkə başçısına müraciət edib.

Xanımın sözlərinə görə dəfələrlə şəxsən, həmçinin media vasitəsilə müraciət etməsinə baxmayaraq, hələ də onların sadaladıqları problemlər həllini tapmamış qalır. Yəni, nə qəsəbənin içində fəaliyyət göstərən fermaların ətrafa saçdığı üfunət qoxusu, nə içməli su problemi, nə işsizlik problemi, təsərrüfat üçün torpaq sahəsi – heç biri öz həllini tapmayıb.

“MUM.TV” YouTube kanalımızda bir neçə dəfə müraciəti yayımlanan sözügedən rayonun digər sakini Xalidə Məmmədova da hələ də yayda ilanlar yuvası, qışda bumbuz olan, yaşamağa yararsız evinin olduğu kimi qaldığından gileylənir. Xanımın sözlərinə görə, “elə hərdən bir 2-3 nəfər səlahiyyətli şəxslər gəlib baxır, ölçüb-biçir, vəd verib gedirlər. Real nəticə isə hələ ki, yoxdur. Mən nə qədər deməliyəm, nə qədər müraciət etməliyəm?! Mən hər şikayət edəndə, onlar gəlib baxıb, gedirlər. Evim başıma uçur. Balalarım, nəvələrim də ev bu halda olduğu üçün, evimdən didərgin düşüblər.”

Eyni zamanda Elmira xanım Kamal Həsənovun necə və kimlərin himayədarlığı ilə bu cür saymazyana fəaliyyətindən də danışıb. Bütün bunlara rəğmən İcra başçısının “muzdlu tərəfdarlar”ı sosial şəbəkələr üzərindən şikayətçi xanımları “yalançı”lıqda ittiham edib, ünvanlarına təhqiramiz ifadələr işlədiblər. Məhz bu səbəbdən xanım bu dəfə Kamal Həsənova “trollarına hakim olmağı” tövsiyyə edib. Eyni zamanda, xanım müəyyən şəxslərin yerli sakinlərlə ailə qurduğu halda, İcra Hakimiyyəti işçiləri ilə əlbir olaraq, rüşvət müqabilində “qaçqın” statuslarının ləğv edilməməsi məsələsinə də toxunub. Həmçinin, vurğulayıb ki, yaxın gələcəkdə, Cəbrayıl rayonuna qayıdarkən, ayrı-ayrı evlərə sahib olmaq üçün, bəzi ailələr süni şəkildə boşanıb ayrı təsərrüfat olurlar. Bütün bunlar barəsində aidiyyatı qurumların araşdırmaların aparmasını təklif edib. Əgər araşdırmalar aparılarsa, həmin şəxslərin adlarını da verə biləcəyini bildirib.

Redaksiyadan: Hesab edirik ki, aidiyyatı qurumlar tərəfindən, boşanan qaçqın ailələrinə xüsusi nəzarət edilməlidir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir