Qarayevi istənilən vaxt qandallaya bilərlər… – sabiq MTN rəhbəri ilə bağlı məsələ isə bir qədər qəlizdir
İllər öncə vəzifəsindən çıxarılan nazirlər Eldar Mahmudovla Əbülfəs Qarayevin adları yenidən medianın gündəmindədir. Ə.Qarayevin müavini, uzun illər Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi olmuş Zakir Sultanov məhkəməsində Qarayevə 2 milyon 500 min manat rüşvət verdiyini açıqlayıb. Onun sözlərinə görə, aldığı pulları keçmiş nazirin xidməti otağında ona şəxsən təqdim edib.
Eldar Mahmudovun adı keçən məhkəmələrdə onun rüşvət alması ilə bağlı belə ifadələr yoxdur. Amma belə ifadələrin olmayacağını istisna etmək də mümkünsüzdür.
Hazırda Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Prosesdə Mövlam Şıxəliyev birbaşa olaraq Eldar Mahmudovun adını çəkməsə də, “mən kim olmuşam” şəklində ifadələr verməkdən çəkinmir. Demək istəyir ki, o, verilən göstərişləri icra edib. İstintaq Baş İdarəsinin rəisinə vəzifəcə özündən aşağıda dayanan kimsə göstəriş verə bilməzdi. Mövlam Şıxəliyev konkretləşdirməsə də, Eldar Mahmudova işarə etdiyi göz qabağındadır. Bu iki sabiq nazirlə bağlı baş verənlərin arxasında, mahiyyətində nə dayanır?
Zirveyolu.info məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, 2004-cü ildən 2015-ci ilin oktyabrına qədər Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Eldar Mahmudov qurumu mahiyyətindən, təyinatından çox uzaq bir şəklə salıb. Dövlətin, millətin təhlükəsizliyinə cavabdeh olan təşkilat faktiki olaraq dövlət üçün də, millət üçün də təhlükə mənbəyinə çevrilib: “Aydın oldu ki, qanunsuz dinləmələr, şantaj, nazirlərin ”verbovkası”, nazirliklərin qeyri-rəsmi Eldar Mahmudova tabe etdirilməsi, onlardan aylıq, illik xərac toplanması, sahibkarlara qan uddurulması, qanunsuz həbslər həyata keçirilməsi, saxta, uydurma cinayət işləri üzərindən şəxsi ambisiyaların gerçəkləşməsi, ölkədən milyardlarla pul çıxarılması sabiq nazirin mütəşəkkil cinayətkar qruplaşmasının gündəlik işi olub. Vəzifədən çıxarılandan sonra hakimiyyətin Eldar Mahmudovla bağlı qərarları da maraq doğurur. Məlumdur ki, Baş Prokurorluq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən 2 il sonra apelyasiya protesti verib. Bununla bağlı dövlət ittihamçısı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Belə ki, Baş Prokurorluq birinci instansiya məhkəməsinin Vüqar Mahmudovun əmlakları ilə bağlı çıxardığı hökmdən narazı qalıb. Məlumata görə, apelyasiya protestinin verilmə müddəti başa çatıb. Prokurorluq isə müddətin bərpası üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib. Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və sabiq nazir Eldar Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudova Cinayət Məcəlləsinin xeyli ağır maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Vüqar Mahmudov istintaq dövründə cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Hökmdə, həmçinin, qeyd edilib ki, Vüqar Mahmudova məxsus əmlaklar müsadirə olunub. Məhkəmə hökmündən narazı qalan sabiq MTN əməkdaşı apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra o, kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Vüqar Mahmudovun əmlaklara münasibətdə şikayətini qismən təmin edib. 2 il sonra bu məsələyə yenidən baxılması Eldar Mahmudovla bağlı da oxşar addımların atılacağı ehtimalını yaradır. Bilirsiniz ki, hazırda Bakı Hərbi Məhkəməsində Eldar Mahmudov nazir olarkən ən yaxın ətrafına daxil olan, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin cinayət işi üzrə proses keçirilir. Eldar Mahmudovun ən yaxın ətrafı ilə bağlı çıxarılacaq məhkəmə qərarları və hökmlərinin sabiq nazirin taleyinə də birbaşa təsiri olacağı şübhəsizdir”.
Hüquqşünas deyir ki, bu günə qədər “MTN işi” üzrə həbsə alınan “mahmudovçu”ların barəsində çıxarılan hökmlər əsasında Eldar Mahmudova ittiham elan ediləcəyini istisna etmir.
Natiq Ələsgərov Əbülfəs Qarayevin azadlıqda qalmasını isə onun o qədər də “yırtıcı” nazir olmaması ilə izah edir: “Əbülfəs Qarayevlə Eldar Mahmudovun müqayisə olunması doğru deyil. Bu gün Eldar Mahmudovun ailəsinin 100 milyonluq biznesindən söhbət açılırsa, Əbülfəs Qarayevin uzağı 3-5 milyonluq varidatından danışıla bilər. Yəni Əbülfəs Qarayevi istənilən vaxt həbs edə bilərlər. Eldar Mahmudova gəldikdə isə məsələ bir qədər qəlizdir. Onun həbsi üçün çox ciddi şəkildə iş aparılmalı, əlində olan resurslar neytrallaşdırılmalıdır. O, hakimiyyət üçün hələ də təhlükə mənbəyi olaraq qalmaqdadır. Nazir işlədiyi dövrdə ələ keçirdiyi məlumatları paylaşmaqla təhdidlər də səsləndirib. Buna baxmayaraq, gec-tez Mahmudovun həbsə alınacağını da istisna etmirəm”.