Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.”, – Bəxtiyar Vahabzadə
Azərbaycan Səhiyyəsinin soy ağacında 17 iyun 1918-ci ildən bu günə qədər 22 Səhiyyə naziri fəaliyyət göstərib. Bu nazirlərin arasında vaxtilə düşmən soydan olan Abram Dastakyanın (14 mart 1919 – 22 dekabr 1919) Nəsib bəy Yusifbəylinin dördüncü hökumətində Səhiyyə naziri vəzifəsinə gəlməsi və onun Bakıdakı soydaşlarının vəziyyətinin yaxşılaşdırılması müsbət addım kimi mərkəzə bildirilmişdi. Təbii ki, həmin zaman “canfəşanlıqla” öz vəzifəsini icra edən Dastakyanın ən əsas məqsədi Azərbaycan torpaqlarında, xüsusilə də Bakıda yaşayan soydaşlarının sağlamlıq vəziyyətini yaxşılaşdırmaqdan ibarət idi. Onu azərbaycanlılar maraqlandırmırdı. Hətta problemləri ilə əlaqədar tibbi mərkəzlərə üz tutan azərbaycanlıların müraciətləri görməzdən gəlinir, məlum millətin nümayəndələri önə salınır və problemləri bir göz qırpımında həll olunurdu.
Həmin dövrdəki azərbaycanlı dədə-babalarımız da bax, indiki Səhiyyə və Əmək nazirlikləri qarşısında öz haqlarımızı gözlədiyimiz kimi, gözləyirdilər. Təbii ki, həmin dövrün hakimiyyəti ciddi şəkildə artan bu ayrıseçkilik problemini, insanların narazılığını görmüş və qısa müddətdə düşmən naziri vəzifəsindən azad edib yerinə V hökumət kabinetinin üzvü olan Musa bəy Rəfiyevi gətirmişdi. Bu dəyişiklikdən sonra haqq-ədalət öz yerini tapmışdı.
Günümüzü keçmişlə müqayisə etdikdə, həmin düşmən nazirlə fəaliyyətləri üst-üstə düşən son üç Azərbaycan Səhiyyə nazirinin adını sadalamaq olar. Onlardan birincisi Əli İnsanov və ikincisi Oqtay Şirəliyevdir. O, 2005-ci ildə həbs olunan sələfinin yerinə gəldikdən sonra Azərbaycan cəmiyyəti nələrinsə dəyişəcəyinə ümid etdi. Ancaq Şirəliyevin həqiqi imtahanı 2020-ci ilin mart ayından – ölkənin pandemiya ilə əlaqədar karantin rejiminə keçməsi ilə başladı. Nə zaman ki, ölkədə karantin elan olundu, ölkə cərimə meydançasına döndərildi, Oqtay Şirəliyevdən səs-səda çıxmadı. Ölkənin xəstəlikdən qırılıb-batdığı bir dövrdə Səhiyyə naziri itkin düşmüşdü. Onun haqqında müxtəlif xəbərlər gəlirdi. Gah deyirdilər, “yoluxub”, gah deyirdilər “karantin rejiminə ciddi əməl edir”. Gah da deyirdilər ki, sağlamlığı ilə əlaqədar Almaniyaya müalicəyə gedib. Sonunda qızı Nərmin Şirəliyeva atasının müdafiəsiz qaldığını görərək mediaya açıqlama verdi: “Mənim atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan həkim, həddindən artıq müdrik, güclü və incə bir insandır. Bu qədər, nöqtə…”
Amma təəssüf ki, fantastik, Allah vergisi olan həkim Oqtay Şirəliyev insafsızlıq edərək ölkənin ən çətin günündə aradan sürüşmüşdü. Onun öldüyünü, yoxsa qaldığını belə, demək olar ki, heç kim bilmirdi. Fəaliyyəti də özü kimi məchul, səriştəsiz olan bu şəxsdən sonra həmin postu indiki çiçəyi burnunda, ancaq tərkibində fəaliyyət göstərən qurumların fərsizliyindən xəbərsiz olan Teymur Musayev tutdu.
Səhiyyə Nazirliyinin “nəsil” ağacında təmsil etdikləri qurumu bu qədər alçaldan, gözdən salan, cəmiyyət düşməni edən bu dörd nəfər – Abram Dastakyan, Əli İnsanov, Oqtay Şirəliyev və Teymur Musayev qədər başqa bir nazir olmayıb. Bir insanın yaşadığı cəmiyyətə düşmən olması, onlarla düşmən kimi rəftar etməsi üçün ya gərək Abram Dastakyan olasan, ya da Cavanşir Feyziyev kimi öz mənəvi fəzilətlərini “tender”lərdə uduzasan. Üçüncü bir ehtimal yoxdur. Bu iki ehtimal isə aidiyyatı orqanlar tərəfindən mütləq nəzarətə alınmalıdır. Bu insanların soy ağacları barədə AMEA-da araşdırma getməli, Azərbaycan cəmiyyətini bu insanların həqiqətən azərbaycanlı kimliyi daşıdığına inandırmaq lazımdır. Əks halda, 44 günlük Qarabağ müharibəsində düşmənin anasını ağlar qoymuş bu ölkənin vətəndaşları hansısa Abram Dastakyan davamçısına çox ağır şəkildə məğlub olacaqlar, necə ki, olurlar.
Gəlin, bu gün də Teymur Musayevin idarə etdiyi Nazirliyin fəaliyyətinə baxaq. Nazirliyin tabeliyində fəaliyyəti ingilislər demiş, “top secret”, yəni “tam məxfi” olan tibbi komissiya fəaliyyət göstərir. Bu komissiyanın işi peyvənd olunmaları məsləhət görülməyən xəstələri əks-göstəriş sertifikatı ilə təmin etməkdir. Həmin sertifikatla bağlı 20 gün öncə 15 saylı poliklinikaya müraciət etmiş epilepsiya xəstəsinə hələ də bir “hə, yox” cavabı gəlməyib. Poliklinikadan vətəndaşa bildiriblər ki, “ola bilsin” hansısa sənədlər yerində deyil. Halbuki lazım olan bütün sənədlər aidiyyatı üzrə təqdim olunub və sənədlərdə yaranmış problemlə əlaqədar həmin “məxfi” komissiya mütləq bir cavab verməlidir. Poliklinikada verilən cavabda təxəyyüllərə, ehtimallara dayanaraq, “ola bilsin”lə başlayan cümlədən aydın olur ki, bu nəzarətsiz qalan naməlum komissiyanın dünya vecinə deyil. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin komissiyanın fəaliyyəti, üzvlərinin kimliyi gizli saxlanılır və bu Nazirlikdə “şəffaf iş”in göstəricisidir. Mətbuat xidmətindən məsləhət görüldü ki, Nazirliyin “qaynar xətti” ilə əlaqə saxlayaq: “Vallah, siz yaxşısı budur, zəng edin, qaynar xəttə filan şikayəti edin. Yəni bu, bizim səlahiyyətimizdə olan bir şey deyil. Komissiyanın verdiyi qərarı araşdırmaq kimi bir səlahiyyətimimiz yoxdur”,- deyə Nazirliyin rəsmisi bildirib. Tövsiyə olunan yerə – Səhiyyə Nazirliyinin “qaynar xətt”inə dəfələrlə zəng etsəm də, telefon “məşğul”a verildi. Ortada sertifikat müraciəti ilə bağlı böyük bir məchulluq var. Mətbuat xidməti bu “məxfi” komissiya barədə heç bir məlumat vermək istəmir, komissiyadan poliklinikaya “hə”, ya da “yox” cavabı da verilmir, 23 yaşlı gənc isə 20 gündür ki, poliklinikanın qabağında durub cavab gözləyir. Dastakyanın nazir olduğu vaxtlardakı kimi…
Daha sonra məlum olub ki, Səhiyyə Nazirliyinin Xüsusi Komissiyasının rəyinə əsasən, əks-göstəriş sertifikatını verən qurum İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir. Bu məlumat isə “e-təbib” mobil tətbiqi proqramında öz əskini tapıb. Agentliklə əlaqə saxladım. Bildirildi ki, həmin komissiyanın rəyi olmadan, sertifikatın verilməsindən söhbət gedə bilməz.
Yeni nazirin idarə etdiyi səhiyyə sisteminin “şəffaflığı” 23 yaşlı gənci, onun ailə üzvlərini boğaza yığıb. Ortaya isə belə bir sual çıxır: bir aya yaxındır, heç bir reaksiya verməyən xüsusi komissiya və onun üzvləri sertifikat qarşılığında nə umurlar? Teymur Musayev hansı sələfinin yolunu gedir?..
Bizimyol.info