Cəmiyyət

Bir yandan büdcəni sümür, digər yandan camaatı soyuqdan qır – Belə qurum nəyə lazımdır?!

Xəbər verdiyimiz kimi, “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov tutduğu vəzifədən azad edilib. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamla yeni sədr təyin edilənə qədər həmin vəzifənin müvəqqəti icrası ASC sədrinin müavini İlham Mirzəliyevə həvalə edilib.

Xatırladaq ki, “Azəristiliktəchizat” ASC Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etmək məqsədilə yaradılıb.

Reallıqda hazırda regionlarda ümumiyyətlə istilik yoxdur, paytaxtda isə yalnız bir qism əhali bundan faydalana bilər. Qurum istiliklə təmin etmədiyi binaların sakinlərinə də borc yazır. Hər il noyabr ayının 15-nə qədər istilik təminatına məsul olan ASC gecikmələrə yol verərək, çoxsaylı istelahkçıların hüquqlarını pozur. Açıq şəkildə söyləmək olar ki, bu dövlət qurumu Azərbaycanda ən uğursuz dövlət təşkilatlarından biridir.

Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verildikdən sonra ASC-də islahatların həyata keçiriləcəyi gözlənilsə də, bunlar baş vermədi. Bu qurum eyni zamanda Azərbaycanda ən borclu qurumlardan biridir. Məhz hökumətin müdaxiləsindən sonra “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan 25 milyon manatlıq borcu donduruldu.

Zirveyolu.info-ın məlumatına görə, iqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, belə bir qurumun fəaliyyətinə ümumiyyətlə, ehtiyac yoxdur: “Azərbaycanda müxtəlif kommunal xidmətlər göstərən dövlət şirkətlərinin yenidən dizayn olunmasına ciddi ehtiyac var. “Azəristiliktəchizat” bu gün ölkədə ən mənasız qurumlardan biridir. Nəyə görə bu cür qurumlar dövlət büdcəsinə əlavə yük olmalıdır ki?! Dünyanın heç yerində belə qurumlar yoxdu. Bizdə niyə olsun ki?!”.

“Bilirsiniz, belə uğursuz qurumlar niyə fəaliyyət göstərə bilmir? Ona görə ki, biz sovet stereotiplərindən qurtula bilmirik. Normal bələdiyyə sistemi qurulsaydı, bu idarəetmə vasitəsilə problemləri həll etmək olardı. Bu zaman həm mərkəzləşdirilmiş istilik sistemlərinin qurulması ilə bağlı əhalinin tələbləri nəzərə alınar, həm də bələdiyyələr bu sahədə nəzarəti həyata keçirib, daha keyfiyyətli xidmət göstərərdi”, – deyə həmsöhbətimiz bildirib.

Ekspertin söylədiyinə görə, təhcizatçı dövlət şirkətləri ümumiyyətlə, məsuliyyət hissini itirib: “Onlar vətəndaşların qarşısında heç bir məsuliyyət daşımadıqlarına görə belə hərc-mərcliklər artır. Təcrübədə dəfələrlə şahidi olmuşuq ki, belə qurumlar istənilən an xidməti dayandıra, vətəndaşı “qışın oğlan çağında” evində soyuqdan dondura bilərlər. Bu, təkcə istiliyə aid deyil, bütün kommunal sahələrdə belə problemlər mövcuddur. Elektrik, qaz və su verilişində yaranan fasilələr bu qəbildəndir. Buna görə heç kim cavabdehlik daşımır. Halbuki normal müqavilələr bağlansaydı, əhalinin ödəniş məsuliyyəti olduğu kimi, təhcizatçı dövlət qurumlarının da məsuliyyəti olardı. Paylayıcı şirkətlərin keyfiyyət, təminat və digər məsələlərlə bağlı heç bir məsuliyyəti yoxdur. Bütün məsuliyyət vətəndaşın üzərindədir”.

Milli Məclisin üzvü Etibar Əliyev də AYNA-ya açıqlamasında söyləyib ki, “Azəristiliktəchizat” təkcə yaşayış binalarının sakinlərini deyil, bəzən məktəbləri, xəstəxanaları da istiliksiz qoyur: “2022-ci ilin büdcəsindən bu quruma 41,1 milyon manat subsidiya ayrılması nəzərdə tutulub. “Azəristilik” Açıq Səhmdar Cəmiyyətinin​ 16 ildə büdcədən aldığı 300 milyondan çox vəsaitin necə xərcləndiyi məlum deyil. Çünki 2017-ci ildən maliyyə hesabatlarını cəmiyyətə açıqlamırlar”.

“Maliyyə Nazirliyi bununla bağlı məsələyə aydınlıq gətirməlidir. Bu quruma milyonlarla manat vəsait ayrılır, lakin borc bataqlığından qurtula bilmir. Hər şeyin bir səbəbi olmalıdır. Bunun səbəbi nədir? Hesab edirəm ki, təchizatçı dövlət şirkətlərinə nəzarət gücləndirilməlidir”, – deyə deputat vurğulayıb.

Əlavə edib ki, Bakı şəhərində 133 məktəb “Azəristiliktəchizat” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, 7 məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur: ““Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a on milyonlarla manat borcu var. İki dövlət qurumu razılaşa bilmir və buna görə əhali əziyyət çəkir. Uşaqlar məktəbdə soyuqda oturur, insanlar şəxsi mənzillərində soyuqdan donur. “Azəristiliktəchizat” çox yarıtmaz fəaliyyət göstərir. Bütün bu məsələlər nəzarətə götürülməli və ən sərt formada tədbirlər götürlməlidir. Əks halda belə qurumlarda baş verən özbaşınalıq hallarının qarşısını almaq mümkün olmayacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir