Vətən müharibəsi qazisi, eyni zamanda 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olmuş Zamir Əsgərov iki ilə yaxındır ki, torpaq sahəsi üçün müraciət etdiyini, amma ala bilmədiyini deyir.
Zirveyolu.info-ın məlumatına görə, “Qafqazinfo”ya danışan Zamir Əsgərov bildirib ki, Vətən müharibəsində keçmiş döyüşçü kimi təcrübəsi, könüllü müraciəti nəzərə alınaraq səfərbərliyə cəlb olunub. Tərtər, Ağdərə, Suqovuşan, Ağdam istiqamətində həyata keçirilən bütün əks-hücum əməliyyatlarında iştirak edib. Onun sözlərinə görə, müharibə zamanı yaralanıb, lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasında bir həftə müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb.
Qazi torpaq sahəsini əkin-biçin və ev tikmək üçün istədiyini bildirib: “Goranboy Rayon İcra Hakimiyyətindən torpaq istəmişdim. Bir neçə müraciətimdən sonra icra nümayəndəsi mənim yanımda Xoylu Kənd Bələdiyyəsi ilə əlaqə saxlayıb torpağın verilməsi ilə bağlı tapşırıq verdi. Kənd bələdiyyəsinə yaxınlaşdım, Adil adlı nümayəndə mənə torpaq yeri göstərdi. Göstərilən ərazinin durumu yaxşı deyildi. Həmin ərazini səliqəyə salmaq, əkin sahəsi etmək üçün xeyli vəsait – 2000 AZN lazım idi”.
Zamir Əsgərov qeyd edib ki, bələdiyyə tərəfindən ona 8 sot torpaq təklif edilib: “Bələdiyyə nümayəndəsi məndən torpağın sənədləşməsi üçün 1000 manata yaxın pul istədi. Mən də ona bildirdim ki, 1000 manat torpağa, 2000 isə onun səliqəyə salınmasına verməkdənsə, 3 minə başqa yerdə hazır torpaq alaram. Daha sonra Goranboy Rayon İcra Hakimiyyətindən bildirdilər ki, sənə başqa yerdən torpaq sahəsi verəcəyik. Bu məsələlərin üstündən iki il keçməsinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb”.
Qazi həmçinin əlavə edib ki, ona əlilliyin təyin olunması ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Goranboy üzrə bölməsinə müraciət edib, lakin müəyyən vaxt keçməsinə baxmayaraq onun əllilik dərəcəsi təyin olunmayıb.
Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini Rafet Qurbanov saytımıza açıqlamasında bildirib ki, Əsgərov Zamir Abbas oğlu onlara torpaq sahəsi ilə bağlı müraciət etməyib: “Həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müharibəyə çağırılıb, Vətən müharibəsində iştirak edib. Əsgərov Zamir bizə – İcra Hakimiyyətinə və Xoylu kənd icra nümayəndəliyinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etməyib. İcra Hakimiyyəti tərəfindən də bələdiyyələrimizə tövsiyə olunub ki, bütün müharibə iştirakçıları, qazilər, şəhid ailələri torpaqla bağlı müraciət edəndə onlar birinci dərəcəli olaraq torpaqla təmin olunsunlar. Əgər Zamir Əsgərov tərəfindən belə bir müraciət olarsa, ona dərhal cavab veriləcək”.
R. Qurbanov Xoylu Bələdiyyə nümayəndəsinin qazidən 1000 AZN istəməsinə dair iddiaya belə münasibət bildirib: “Ola bilər ki, bu, həyətyanı torpaq sahəsi ilə bağlı rüsum olsun. Bu rüsum həyətyanı sahə özəlləşdiriləndə, bələdiyyənin bank hesabına köçürülməli olan vəsait ola bilər”.
Qaziyə əlilliyin təyin olunmaması ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov “Qafqazinfo”ya bildirdi ki, Əsgərov Zamir Abbas oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı bu ay elektron sistemə göndəriş daxil edilib. Qeyd olunub ki, Z.Əsgərovun əlilliklə bağlı müraciəti hərbi səbəblə əlaqədardır: “Buna görə də o, qısa müddət ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət ediləcək və mövcud sağlamlıq vəziyyəti əyani şəkildə ətraflı müayinə olunacaq. Müayinənin nəticəsinə uyğun qərar veriləcək”.
Qeyd edək ki, Zamir Əsgərov Prezident sərəncamları ilə “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.