Cəmiyyət

“Fikirlərimi oğurlayıb, başqasına ötürüblər” – Əqli mülkiyyət davası:

“Elmi əsərimin başqaları tərəfindən oğurlanması səbəbindən, yalnız 6 il sonra pedoqogika üzrə fəlsəfə doktoru dərəcəsini və diplomumu ala bildim. Mənim əməyimi öz adına çıxaranları məhkəməyə verəcəm. Ötən zaman müddətində qazandığım həm mənəvi, həm psixoloji zərərə cavab verilməlidir. Çünki elmi dərəcənin vaxtında verilməməsi mənim karyerama, həmçinin səhhətimə zərbə vurdu”.

Zirveyolu.info xəbər verir ki, bunu AYNA-ya açıqlamasında Təhsil İnstitutunun Elmi katibliyinin Baş mütəxəssisi, loqoped Lalə İmanova deyib. Şikayətçinin sözlərinə görə, o, ölkədə loqopediya üzrə çox az sayda mütəxəssislərdəndir. 2020-ci ilə qədər İnstitutun İnklüziv təhsil şəbəsinin müdiri vəzifəsində çalışıb. Onlarla elmi-metodik vəsaitin, kitabın ( Türkiyədə də çap olunub), o cümlədən elmi məqalələrin müəllifi, təlimçi, ekspertdir.

“Mən bu sahə üzrə illərdir araşdırmalar aparmışam, çox sayda tələbələrim olub. Loqopediya elə bir sahədəir ki, onu bilmək böyük təcrübə tələb edir. Mən doktoranturanı bitirdikdən sonra, 2015-ci ildə Ali Attestasiya Komissiyasına elmi işimi təqdim etmişəm. Həmin ilin oktyabrında müdafiə etdiyim dissertasiya işi “Məktəbəqədər yaşlı uşaqlarda kəkələmənin korreksiyası üzrə işin təşkili” mövzusunda olub. Təəssüf ki, müdafiəm təmin olunmadı, belə bir rəy verildi ki, guya mənim elmi işimin bir hissəsində plagiat var. Mən dəfələrlə komissiya üzvləri və sədrlə görüşüb, “oğurluq” faktının gətirilməsini desəm də, tutarlı cavab almamışam”, – deyə həmsöhbətimiz bildirib.

 “Fikirlərimi oğurlayıb, başqasına ötürüblər”

“Bu qədər zamanda niyə şikayət və başqa yollarla haqqınzı aramamısınız” sualını cavablayan İmanova bu məsələdə talesizliklə qarşılaşdığını söyləyib: “Razıyam. Bu, mənim səbrli olmağımla əlaqəli deyil. Həmin vaxt Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev xəstə idi, işə gəlmirdi. Ona dərdimi deyə bilmədim. Akademikin xəstəliyi uzun çəkdi, sonra da vəfat etdi. Daha sonra onun vəzifəsini müavini Vəli Hüseynov icra etdi. Onunla görüşümdə ekspert şurasında mənə edilən haqsızlığı dilə gətirdim. O isə elmi işimdən imtina edilmədiyini, amma orada rusdilli olduğum üçün xeyli səhv olduğunu bildirdi. Bu səbəb, əlbəttə ki, məni qane etmədi. Pandemiya sonrası yeni Komissiya sədri Famil Mustafayevlə görüşdüm”.

Şikayətçinin dediyinə görə, məlum olub ki, onun elmi işinin saxlanma səbəbi Mingəçevir Dövlət Universitetində (MDU) çapdan çıxan “Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat” adlı dərs vəasiti olub. Kitabın üç müəllifi var. Əsas müəllif Zenfira Əziziova, digərləri isə R.Cəfərova və Ş.İsmayılovdur.

“Həmin kitaba baxanda dəhşətə gəldim, fikirlərimi tanıdım, amma mənim orada nə adım, nə də soyadım çəkilirdi. Halbuki, 2008-ci ildə çap edilən dərslikdəki 15 səhifəlik hissə mənə məxsusdur və bunu mən 2007-ci ildə elmi məqalə şəkilində yazmış, sonra dissertasiyama əlavə etmişəm. Arxivdən həmin məqaləni götürüb təqdim etdim. Ekspert Şurasına sübuta yetirdim ki, mən yox, qarşı tərəf mənim əqli mülkiyyətimi oğurlayıb. Bir məqam da var ki, 2007-ci ildə məqaləmi həm çap formatda, həm də disketdə təqdim etmişdim, mənə disket geri verilmədi. Görünür, kiminsə əli ilə araşdırmam kitab müəlliflərinə ötürülüb”, – deyə müsahibimiz vurğulayıb.

Sözügedən dərs vəsaitinin əsas müəllifi olan MDU-nun kafedra müdiri Zenfira Əzizovaya isə AYNA-ya deyib ki, hər hansı plagiatdan söhbət gedə bilməz: “Bu iddia əsassızdır. Biz 2007-ci ildə loqopediya üzrə dərslik tərtib etmək qərarına gəldik, çünki tədris üçün ədəbiyyat yox idi. Həmin müddətə qədər ABŞ səfirliyinin, eləcə də bir çox təlimlərin iştirakçısı olmuşam. Hətta biz bu mövzuda xarici ədəbiyyatlardan tərcümələr topladıq, sonra başda mən olmaqla, iki həmkarımla birlikdə dərslik üzərində çalışmışıq. Biz kimsənin hansısa fikrindən istifadə etməmişik, etsəydik, mənbəni qeyd edərdik. Baxmayaraq ki, 2014-cü ildə də plagiat məsələsi ilə qarşılaşmışdıq. Defektoloq Tamella Ağayeva adlı xanım da iddia edirdi ki, kitabda onun araşdırmasından istifadə edilib, amma adı qeyd olunmayıb. O vaxt Bakıya gəldim, tələb etdim ki, qarşı tərəf mənə dediyini sübut etsin, nəticə olmadı. İndi bu xanımın da bizi ittiham etməsini ciddi qəbul etmirəm. Əminm ki, burada yalnışlıq var. Baxmayaraq ki, həmkarım Raya Cəfərova indi həyatda yoxdur, vəfat edib”.

Ölkədə müəllif hüquqlarının pozulması halı baş versə də, öz haqqını tələb edənlər az olur. Müəllif hüquqları üzrə ekspert, vəkil Əkbər Bağırov AYNA ilə söhbətində qeyd edib ki, son illər plagiat halları çoxalsa da, əqli mülkiyyət hüququnun təmin olunmasında çox müsbət təcrübə yaranıb. Söhbəti gedən məsələyə aydınlıq gətirən mütəxəssisin sözlərinə görə, müəlliflik hüququnun pozulduğunu iddia edən Lalə İmanova müvafiq qanunvericik çərçivəsində müdafiə oluna bilər: “Zərərçəkən qismində məhkəmədə iddia qaldıra bilər. Əslində, illər əvvəl Komissiya onun elmi işini qəbul etmədiyi halda da, imtina olunsaydı da, dərhal məhkəməyə müraciət edə bilərdi, yenə də gec deyil. Əgər plagiata yol verən dərs vəsaiti hələ də istifadə olunursa, bu, o deməkdir ki, müəllif hüququ pozuntusu qüvvədədir”.

 “Fikirlərimi oğurlayıb, başqasına ötürüblər”

Vəkl əlavə edib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Qanununda, həmçinin “Əqli mülkiyyıt hüququnun təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunda hüquqların bərpası nəzərdə tutulur: “Birinci qanunun 45-ci maddəsində müəlliflik hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etmək hüququ qeyd olunur. Həmin maddənin bəndlərinə görə, zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması, həmçinin zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi mümkündür”.

“Həmçinin, qanuna görə, məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda, vəkilə ödənilən haqq da daxil olmaqla, hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ var”, – deyə Bağırov vurğulayıb.

P.S. Loqopediya nitq inkişafı qüsurları haqqında elm və xüsusi təlim-tərbiyə sistemidir. Görünür, nitqdən qabaq çox adamın başqasının əməyinə hörmət etmək tərbiyəsi olmalıdır. Bunu elə-belə qeyd etmədim. Çünki ölkədə müəlliflik hüququ pozuntuları tək elm sahəsində deyil, mediada da var.

 “Fikirlərimi oğurlayıb, başqasına ötürüblər”
 “Fikirlərimi oğurlayıb, başqasına ötürüblər”
 “Fikirlərimi oğurlayıb, başqasına ötürüblər”
 “Fikirlərimi oğurlayıb, başqasına ötürüblər”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir