Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Azərbaycan və Türkiyə arasında əlaqələrin bugünkü inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından keçir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.
Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir.
İki qardaş dövlət arasındakı münasibətlərin ən yüksək səviyyədə olmasını 15 iyun 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şuşada müttəfiq münasibətlərə dair ortaq Bəyannamənin imzalanması ilə bir daha təsdiq etdi. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə siyasi, iqtisadi, ticari əlaqələr, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesindəki əməkdaşlıq, hərbi əməkdaşlıq və qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi və s. mühüm məsələlər öz əksini tapıb. Bu Bəyannamə həmçinin, yeni reallıq yaramaqla regionda sülhün və əməkdaşlığın dərinləşdirilməsinə şərait yaratdı. Qafqaz regionu iki qardaş ölkənin Prezidentlərinin təklif etdiyi formada əməkdaşlıq edərək inkişaf etmək imkanlarını əldə etdi.
Məsabə Abasov,
Salyan rayon Yenikənd bələdiyyəsinin sədri