Cəmiyyət

Şimal bölgəsində həkim böhranının səbəbi nədir? – TƏBİB susur

Bir müddət əvvəl Xaçmaz rayon xəstəxanasında 26 həkim yerinin boş olduğunu və bunun da rayonda ciddi narahatlıq yaratdığı haqqında məlumat vermişdik. Bölgənin Quba və Qusar rayonlarında bu sarıdan vəziyyət heç də Xaçmazdan ürəkaçan deyil, daha çətindir – desək daha düzgün olar.

Statistika belədir:

Qusarda 46, Qubada 95 nəfər ixtisaslı həkim çatışmır.

Zirveyolu.info xəbər verir ki, Qusar rayon mərkəzi xəstəxanasının mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tibb müəssisəsində nevroloq narkoloq, dietoloq, anestizioloq, fizoterapevt, uroloq, pediatr və terapevt ixtisasları üzrə həkimlərə ehtiyac var.

Rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində anestezioloq ixtisası üzrə 6 ştatdan 3-ü boşdur. Rayonun 7 kəndinin həkim məntəqəsində, ümumiyyətlə, həkim yoxdur.

95 həkimin çatışmadığı Quba rayon mərkəzi xəstəxanasında kənd ailə həkimi, endokrinoloq, onkoloq, terapevt, psixiatr ixtisasları üzrə həkim ştatları boşdur.

Maraqlıdır, bölgənin ən gözəl guşələri və turizm məkanları olan Quba-Qusara mərkəzdən niyə gənc həkimlər işə gəlməkdən imtina edirlər?

Tibb müəssisələrinin rəhbərləri deyir ki, sadalanan ixtisaslar üzrə xəstəxanada normal şərait var, işləməyə gələn həkimlərə lazımi dəstək verməyə də hazırıq.

TƏBİB-in Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru vəzifəsini icra edən Kamran Paşayev söhbət zamanı bildirdi ki, əslən Qusardan olan bir neçə həkimlə rayona işə gəlmələri üçün danışıq aparırıq. Kamran həkim hətta məsləhət gördü ki, həkim çatışmazlığının səbəbini xəstəxanada yox, başqa yerdə axtarın.

Maraqlıdır, harada?

Bizim.Media olaraq Şimal bölgəsindəki həkim böhranı məsələsini TƏBİB-ə ünvanladıq. Cavab tapmağı lazım bildik.

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Elnarə Baxışa fevralın 17-dən ünvanladığımız suallara hələ də cavab verilməyib. Sualları TƏBİB-ə bir də xatırladaq.

1. Şimal rayonlarının xəstəxanalarında ciddi həkim çatışmazlığı müşahidə edilir. Bir çox ixtisaslarda həkim çatışmazlığı özünü daha qabarıq göstərir. Statistika var, bu nə ilə bağlıdır?

2. Qurumun Səhiyyə Nazirliyi ilə birgə Tibb Universitetinin məzunlarının rayonlara işə göndərilməsilə bağlı hər hansı bir addım atmaq fikri varmı? Yeni ideyalar və planlar nədən ibarət ola bilər?

3. Bəzi gənc həkimlər özəl xəstəxanalarda işləməyə üstünlük verirlər. İcbari Sığorta tətbiqindən sonra həkimlərin dövlət xəstəxanalarından kütləvi getməsi nəylə bağlıdır?

4. Ümumiyyətlə,TƏBİB və Səhiyyə Nazirliynin gənc həkimlərin kənd yerlərində işlə təmin edilməsi üçün hər hansı həvəsləndirici plan ətrafında düşünürmü?

Xatırladaq ki, bu təcrübə Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərin ucqar yerlərdə işə cəlb edilməsi üçün tətbiq olunur.

Cavabları gözləyirik.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir