Qafandan Xocavəndə: Ermənistan Qarabağa üçüncü yolu çəkir – ARAZBOYU ƏRAZİLƏRİ MƏSKUNLAŞDIRMAQ PLANI
Ermənistan Qarabağa üçüncü yolun çəkilişinə hazırlaşır.
Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün iyulun 25-də “Azadlıq” radiosuna müsahibəsində deyib. Qriqoryanın bildirdiyinə görə hökumət 2020-ci ildə Dağlıq Qarabağı Ermənistanla birləşdirən üçüncü yolun çəkilişini planlaşdırır. Bu yol Ermənistanın Qafan şəhərini işğal altındakı Hadrut rayonuna (Xocavənd) birləşdirəcək, uzunluğu 150 kilometr olacaq.
Təhlükəsizlik Şurasının katibi onu da bildirib ki, hökumət yolun çəkilişi haqda qərarı artıq qəbul edib və müvafiq maliyyə tapıb. Hərçənd Ərazi İnkişaf və İnfrastruktur Nazirliyi bildirir ki, layihə hələ işlənib hazırlanma mərhələsindədir, əlavə detalllar barədə açıqlama verə bilməzlər.
Ermənistanı işğal altındakı Qarabağla birləşdirən üçüncü yolun çəkilişi ideyası düşmən ölkədə neçə vaxtdır müzakirə olunurdu. Lakin bu ideya Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra reallaşma mərhələsinə daxil olub. İlin əvvəllərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunun ərazisinə gələrək “Arazboyu ərazilərin məskunlaşdırılması” planı haqda danışmışdı. Vanetsyan bildirmişdi ki, onun hazırda dayandığı ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz, əksinə, həmin əraziləri məskunlaşdırmaq planı hazırlanır.
Bu baxımdan Qafanı Xocavəndlə birləşdirəcək üçüncü yolun çəkilməsi Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları məskunlaşdırmaq planlarına xidmət edir. Belə görünür ki, Yerevanda “bir qarış da torpaq qaytarmamaq” prinsipindən geri çəkilmirlər və danışıqlar ancaq formal əhəmiyyət daşıyır, vaxt udmağa xidmət edir.
Son dövrlərə qədər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yol Gorus-Laçın-Xankəndi yolu idi. Lakin bir neçə il əvvəl Ermənistan Qarabağa ikinci yolu çəkdi, bu yol qədim Göyçə mahalını işğal altındakı Kəlbəcər rayonu ilə birləşdirir. İndi isə üçüncü yol planı açıqlanır.
Rəsmi Bakı Ermənistanın bu nümayişkarənə, təcavüzkar addımına kəskin reaksiya verməli, hətta beynəlxalq vasitəçilər üzərindən xəbərdarlıq etməlidir ki, Arazboyu ərazilərin məskunlaşdırılmasına, ora yeni yolun çəkilməsinə çox sərt cavab veriləcək. Azərbaycanın tamamilə haqqı və ixtiyarı var ki, bu yol çəkilişinə hərbi vasitələrlə qarşı çıxsın.