Cəmiyyət

Məktəblərdə 8 Mart həyəcanı: Buket, yoxsa “paket”? – AKTUAL

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Günü gəlir. Hər il bu ərəfədə məktəblərdə pul yığılmasıyla abğlı müzakirələr açılır. Xüsusən də valideyn komitələri bu prosesdə fəal iştirak edirlər. Yığılan vəsaitin miqdarı isə məktəbə görə dəyişir.

Bununla bağlı müəyyən tədbirlər görülsə də, yenə də eyni problemlər yaşanır. Hətta ötən gün Təhsil Nazirliyi də çağırış edib. Nazirlik valideynlərdən bu cür neqativ hallarla bağlı onları məlumatlandırmağı xahiş edib.

Maraqlıdır, bu cür mənfi halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Yenisabah.az-a açıqlamasında deyib ki, məktəblərdə pul yığmaq aşağılayıcı bir əməldir:

“Hər il belə əlamətdar günlər yaxınlaşanda sosial şəbəkələrdə bu kimi müzakirələr gedir. Hətta nazirlik xəbərdarlıq da edir, əmrlər də verir. Pul yığılması məsələsi neçə illərdir ənənə halını alıb. Söhbət təkcə 8 Martdan getmir. İstər Müəllimlər Günü olsun və ya hər hansı bir müəllimin ad günü. Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması bu və ya digər formada vəsait toplanması bimənalı şəkildə yolverilməzdir. Pul yığmaq aşağılayıcı bir hərəkətdir. Müəllim adına yaraşmaz”.

Ekspertin sözlərinə görə, valideynin və şagirdin əziz saydığı müəllimini təbrik etməsində qəbahət yoxdur:

“Bəzən biz çox böyüdürük. Müəllim də insandır. Hər bir insan hansısa əlamətdar hadisə ilə bağlı təbrik edilə bilər. Tutaq ki, hər hası bir şagird və ya valideyn əziz saydığı müəllimini təbrik edir. Niyə görə, qınaq obyektinə çevrilir? Bu məsələ başa düşülən deyil. Elə qadağa yoxdur. Bu müəllim üçün mənəvi qidadır. Lakin sırf hər hansı bir şəkildə pul yığılması müəllim adına ləkədir”.

N.İsrafilov müəllimi təbrik etməyi vacib sayır:

“Bəzən adi hədiyyəni korrupsiya, rüşvətə bağlayırıq. Belə hallara yol vermək olmaz. Müəllimi bu dərəcədə aşağılamayaq. Niyə müəllimlərin üstünə düşmüşük? Müəllimi təbrik etməyi vacib sayıram. Amma müəllimi təbrik etmək üçün pula ehtiyac yoxdur. Təbrik ayrı, pul yığmaq ayrı. Bunları qarışdırmamalıyıq.”.

Yenisabah.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir