Cəmiyyət

Bir mənzili bir neçə şəxsə satan MTK-lar: Aldanmamaq üçün nə etməliyik? – ÖZƏL AÇIQLAMA

Bir mənzilin MTK-lar tərəfindən bir neçə şəxsə satılması və vətəndaşların aldadılması hər zaman müzakirə mövzusu olub. Bu kimi hallarla qarşılaşan vətəndaşlar hüquqlarını çox zaman məhkəmələrdə arasalar da, heç də hər zaman müsbət nəticə əldə edə bilməyiblər. Nəticədə isə vətəndaş evsiz qalmaq məcburiyyəti ilə üzləşib. Bəs bu kimi hallarla niyə qarşılaşırıq və sözügedən problemdən çıxış yolları hansılardır?.

KONKRET.az-ın suallarını daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı cavablandırıb. O bildirib ki, burada əsas məsələ tikinti şirkətlərinin hələ də ikitərəfli müqavilə ilə mənzil satmasıdır: “Bunun heç bir reyesterinin aparılmaması, satılan mənzillərlə bağlı məlumatların internet resurslarına və reklam bazalarına yerləşdirilməməsi, vətəndaşlara bu haqda heç bir informasiyanın verilməməsi problemin yaranmasını şərtləndirən amillər sırasındadır. Çıxış yollarına gəlincə, Azərbaycan Respublikasının mülki qanunvericiliyində bu məsələ ilə bağlı dəyişikliklər edilib. Amma çox təəssüf ki, qanunvericiliyin bu istiqamətdə tətbiqi sahəsində çox ciddi problemlər mövcuddur. Orada ilkin qeydiyyat arayışının verilməsi, elektron məlumat bazasına satılan mənzillərlə bağlı informasiyanın yerləşdirilməsi, bütün insanların çıxış imkanlarının təmin edilməsi məsələləri öz əksini tapıb. Hətta yeni başlayan yarımçıq tikililərlə bağlı ödənişlərin hissəvi şəkildə həyata keçirilməsi ilə bağlı məqamlar da mövcuddur. Amma bu qanunların tətbiqi sahəsində ciddi problemlər mövcuddur”.

Ramil Osmanlı əlavə edib ki, vacib məqamlardan biri də mənzil alarkən müqavilələrin notarial qaydada bağlanmasını və bu məlumatların internet resurslarına inteqrasiya olunmasını, hətta mümkün olarsa elektron hökumət portalına yerləşdirilməsini təmin etməkdir: “Düşünürəm ki çıxış yolu bununla bağlıdır. Nə qədər ki MTK-lar öz istədikləri kimi mənzil satışını həyata keçirəcəklər və bu barədə hesabat aparılmayacaq, o cümlədən heç bir quruma məlumat verilməyəcək, bu halda bir mənzilin bir neçə şəxsə satılması hallarını müşahidəedəcəyik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir