Cəmiyyət

Rusun bazarı bağlanır: Amma içərisində bizim də piştaxtalarımız var – NƏ ETMƏLİ?

Rusiya ilə Ukrayna arasında hərbi münaqişə qlobal təchizat zəncirlərinə mənfi təsir göstərib. Əvvəllər təhcizat zəncirləri koronavirus pandemiyası səbəbindən əziyyət çəkdi və indi yeni bir bədbəxtlik yarandı.

Müxtəlif sənaye sahələri zərbə ala bilər – avtomobil sənayesindən kənd təsərrüfatına qədər. Belə ki, Rusiya və Ukrayna qlobal buğda, eləcə də günəbaxan yağı, qarğıdalı və gübrə ixracatçılarıdır.

Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir və pandemiya ölkələr arasında ticarətə təsir etsə də, pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşmaq mümkün olmuşdu. Belə ki, biz kənd təsərrüfatı məhsullarının ən böyük hissəsini Rusiyaya satırdıq.

Belə olan halda Rusiyada baş verənlər Azərbaycanın qeyri-neft sektoruna necə təsir edəcək?

Zirveyolu.info-ın məlumatına görə, UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəribli AYNA-ya deyib ki, Ukrayna ilə Rusiya arasında müharibə Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək: “Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir. Bir çox ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə orada iqtisadi artım ləngiyəcək, iqtisadi vəziyyət daha da pisləşəcək. Bu ölkədə xeyli sayda azərbaycanlı yaşayır, onların iqtisadi vəziyyəti pisləşsə, vətənlərinə daha az pul köçürəcəklər”.

“Ümumiyyətlə, biz bədbinliyə qapılmamalıyıq, əksinə iqtisadiyyatımızı yenidən istiqamətləndirməliyik. Digər tərəfdən, vəziyyəti öz xeyrimizə çevirə bilərik. Rusiya sanksiyalara görə bizdən daha çox mal almalı olacaq və biz bazarı, onun ehtiyaclarını öyrənməliyik. Daha əvvəl başqa ölkələrdən aldığı malları ona çatdırmaqla bundan yararlana bilərik”, – deyə mütəxəssis bildirib.

İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya şərhində Rusiyaya qarçl sanksiyaların Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb: “Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmur və bu, düzgün addımdır. Bizim tərəfimizdən Rusiya mallarının alınmasında və bizim malların Rusiyaya satılmasında heç bir problem olmamalıdır. Bununla belə, ödənişlə bağlı texniki problemlər ola bilər, çünki Rusiyanın SWIFT ilə əlaqəsinin kəsiləcəyi təhlükəsi var. Xatırladaq ki, bu gün əlaqənin kəsilməsi bir neçə Rusiya bankını təhdid edir. İndi vacib məsələ bank köçürmələrinin aparılması, ticarət əməliyyatlarının ödənilməsi imkanlarıdır”.

“Bizim kənd təsərrüfatı məhsullarının demək olar ki, 80%-i Rusiyaya gedir. Bu, ölkəmiz üçün böyük və vacib bazardır. Amma Rusiyada yüksək inflyasiya gözlənilir və buna görə də əhalinin alıcılıq səviyyəsi aşağı düşəcək. Nəticədə Azərbaycan malları, Rusiya Federasiyasına böyük həcmdə gətirilən eyni pomidorlar rublla bahalaşa, dollarla isə əvvəlki məbləğdən xeyli aşağı düşə bilər. Tutaq ki, əvvəllər orta qiymət təxminən 1,30 dollar idisə, indi 1,00 dollardan aşağı düşə bilər”, – deyə həmsöhbətimiz söyləyib.

Onun fikrincə, bu vəziyyət Rusiyaya ixracı yerli fermerlər üçün o qədər də sərfəli etməyəcək: “İstənilən halda biz həm məhsullarımızı satmaq, həm də bəzi Rusiya məhsullarını başqa ölkələrin məhsulları ilə əvəz etmək üçün alternativ bazarlar axtarmalıyı. Kənd təsərrüfatı məhsullarımızla Avropaya çıxmaq bizim üçün çətindir, Asiya bazarları var, eyni Qazaxıstan, Tacikistan, Türkmənistan, eləcə də ərəb ölkələri”.

“Hər halda nəsə etmək lazımdır. Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracında Rusiyadan bu qədər asılı olmamalıdır. Biz bu barədə illərdir danışırıq. Dərhal başqa bazarlara yönləndirmək mümkün olmayacaq və məsələ məhsullarımızın nə qədər rəqabətədavamlı olmasında deyil, fermerlərimizin və biznesimizin başqa ölkələrlə işləməyə öyrəşməməsindədir. Ətalətlə, SSRİ dövründən Rusiya bazarı bizim üçün prioritet olub. Digər bazarlarla işə başlamaq üçün vaxt lazımdır, paketlər, standartlar, sertifikatlarla məşğul olmaq lazımdır. Bu, böyük işdir”, – deyə Cəfərli fikrini yekunlaşdırıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir