Təhsil

“21-ci əsr”in işğalı: Məktəb bina sakinlərinin həyatını iflic edib – NARAZILIQ!

“21-ci əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi binamızın həyətini zəbt edib. Orada yaşayan və avtomobil sahibləri olan sakinlər çox böyük çətinliklərlə qarşılaşır”.

Zirveyolu.info xəbər verir ki, Bakı şəhəri N. Nərimanov prospekti bina 201, 203 və 205 ünvanında yaşayan sakinlər Bakupost.az -a şikayətlə müraciət ediblər.
Bildiriblər ki, hazırda yaşadıqları ünvanlarda həyət sahəsində çox bərbad vəziyyət yaranıb. Buna əsas səbəb, həmin ərazidə fəaliyyət göstərən “21-ci əsr” məktəbidir:

“Son bir neçə il ərzində məktəb əlavə binalar tikərək öz ərazisini xeyli genişləndirib. Genişlənmə binalara məxsus həyət sahələrinin zəbt olunması hesabına həyata keçirilib. Qeyd edilib ki, genişlənmə zamanı bir çox ağaclar da qeyri-qanuni məhv edilib. Faktiki olaraq məktəb və yaşayış binaları arasında qanunvericilikdə müəyyən olunmuş məsafə nəzərə alınmayıb. Bundan əlavə, məktəbin rəhbərliyi, çox saylı əməkdaşları və şagirdlərin valideynləri həyəti avtomobil dayanacağı kimi istifadə edirlər. Sakinlər tərəfindən dəfələrlə məktəb rəhbərliyinə müraciət olunub ki, dərslər başlayan və bitən vaxtlarda yaranan vəziyyətə – tıxaca, güclü səs-küyə, pandemiya dövründə insanların sosial məsafə saxlamamasına – ciddi nəzarət edilsin. Lakin bütün müraciətləri cavabsız qalıb. Nəticədə, qeyd edilən ünvanda yaşayan və avtomobil sahibləri olan sakinlər çox böyük çətinliklərlə qarşılaşır. Belə ki, səhərlər maşın çoxluğu səbəbindən sakinlər çıxa bilmir, axşamlar isə evə qayıdarkən maşın saxlamaq üçün yer tapa bilmirlər. Hətta məktəbə uşaqları gətirən valideynlər və sürücülər tərəfindən yerli sakinlərə qarşı kobud davranış halları baş verib. Üstəlik, məktəbə gedib-gələnlər daimi həyətin ərazisini avtomobil yolu kimi istifadə edilməsi həyətdə oynayan uşaqlar üçün təhlükə yaradır”.
Sakinlərin məktəb rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, hər hansı bir tədbir görülmədiyini qeyd edirlər:
“Bu acınacaqlı vəziyyətin qarşısını almaq və həyətdə avtomobillərin hərəkətini nizamlamaq məqsədiylə, 08.11.2021 tarixində Bakı Nəqliyyat Agentliyinin yazılı razılığı ilə sakinlərin öz hesabına həyətdə şlaqbaum quraşdırılıb. Bu barədə məktəb rəhbərliyi əvvəlcədən xəbərdar olunub, lakin 30.11.2021 tarixində Fövqəladə Hallar Nazirliyi nümayəndəsi tərəfindən şlaqbaum sökülməsinə cəhd edilib. Buna səbəb kimi, “21-ci əsr” məktəb tərəfindən şlaqbaum haqqında daxil olan şikayət qeyd olunub, halbuki şlaqbaumun quraşdırılması hər hansı bir təhlükə yaratmayıb və zəruri hallarda istər Təcilli Tibbi yardım, istərsə də FHN maşınlarının həyətə problemsiz daxil olması üçün tədbirlər görülmüşdü. Nəhayət, 06.12.2021 tarixində Yasamal rayon icra hakimiyyəti, FHN, polis və MKİS işçiləri tərəfindən şlaqbaum sökülüb”.

Bina sakinləri Nəriman Nərimanov prospekti 201, 203 və 205 ünvanlarındakı həyət sahələrinin qorunması, həyətdə təhlükəsiz hərəkət edilməsi, avtomobil sahibi olan sakinlərin rahat şəkildə öz nəqliyyat vasitələrinin saxlanması üçün və həyət sahələrinin aidiyyəti olmayan avtomobillər tərəfindən yol kimi istifadə edilməsinin qarşısnın alınmasını xahiş edirlər.
Məsələ ilə bağlı “21-ci əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ilə əlaqə saxladıq.
Mərkəzin icraçı direktoru Müzəffər İsmayılın sözlərinə görə, məhəlləyə avtomobillərin giriş-çıxışı problem artıq öz həllini tapıb:
“Orada əsas məsələ bu idi ki, valideynlər dərslərin başlama və bitmə saatlarında sıxlıq yaradır və sakinlər həyətlərə rahat girib-çıxa bilmirdilər. Bununla bağlı sakinlər iradlarını oktyabr ayında bildirmişdilər. Biz də dərhal bununla bağlı BNA, Bakı Şəhər Polis İdarəsinə müraciət etdik. Yeni layihə hazırlandı və yolda istiqamət dəyişdirildi. Artıq əraziyə daxil olan şəxslərin məhəllə arasına girmək zərurəti ortadan qalxdı. Hazırda müşahidə edə bilərsiniz ki, orada rahat giriş və çıxış var. O da bizdən asılı olan səbəb deyildi. Həmin yerdə 2017-2018-ci illərdə mərkəzi parkın təmiri zamanı yol çəkilib və məhəlləyə giriş bir istiqamətdən verilib. O da istər-istəməz orada olan bütün yaşayış binalarına, bizim məktəbə və digər obyektlərə giriş-çıxışını çətinləşdirirdi. Qeyd edim ki, biz bu məsələ ilə bağlı 2018-ci ildən müvafiq qurumlara müraciət etmişdik. Nəhayət, dekabr və yanvar ayları ərzində həll edə bildik”.

M.İsmayılov sakinlərin digər iddialarına da aydınlıq gətirib:
“Məktəb 2001-ci ildə tikilib. Ona görə də sakinlərin digər iddiaları tikinti normalarının pozulması, məsafənin saxlanılmaması və yaxud başqa obyektlər tikilib, torpaq zəbt olunması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Çünki müvafiq qurumlar, bu işə nəzarət edən orqanlar var. Onlar da gəlib baxış keçiriblər. Orada digər bir məsələ var idi. Sakinlər həmin həyətə şlaqbaun qoymuşdular ki, əraziyə giriş-çıxış olmasın. Onu da müvafiq qurumlar gəlib söküblər. Bu bizə aid olan məsələ deyil, sakinlərin özlərinin səlahiyyətində olan bir işdir. Bunu müvafiq qurumlarla razılaşdırmalıdırlar. Bu yaxınlarda sakinlərin rəsmi şikayəti əsasında müvafiq qurumlardan nümayəndələr gəldi, yerində baxış keçirildi, sənədlərlə tanış olundu, müşahidə aparıldı. Orada sakinləri bizim tərəfdən narahat edən məsələ artıq yoxdur”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir