Siyasət

Bayramovun Quterreşə məktubu qurumun rəsmi sənədi kimi yayılıb

 

Xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Baş katibi Antonio Quterreşə işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi və Füzuli şəhərində kütləvi məzarlıqların aşkar edilməsi barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məktubda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məsələsinə bir daha diqqət çəkilib. Bildirilib ki, şahidlərin ifadələri əsasında aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində Azərbaycanın işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilib. 1990-cı illərdən bəri itkin düşmüş 6 və ya 7 azərbaycanlıya məxsus olduğu ehtimal edilən meyit qalıqları tibbi-genetik müayinədən keçirilməsi məqsədilə tədqiqat qrupu tərəfindən ekshumasiya edilərək toplanılıb. Erməni əsirliyində olmuş Azərbaycan vətəndaşları və hərbçiləri ifadələrində bildiriblər ki, onlarla azərbaycanlının cəsədləri işgəncəyə, təhqirə və qeyri-insani hərəkətlərə məruz qalaraq hərbi yük maşınlarında daşınıb və qeyd olunan ərazidə basdırılıb.

Müvafiq dövlət orqanları şahidlərin verdikləri ifadələr və digər axtarış materialları əsasında təxmin edirlər ki, aşkar olunmuş meyit qalıqları qeyd olunan ərazidə dəfn edilmiş şəxslərin yalnız cüzi bir hissəsini təşkil edir və beləliklə hazırda digər məzar yerlərinin axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Diqqətə çatdırılıb ki, əsir-girovluqda olmuş azərbaycanlıların məcburi şəkildə daşınması və meyitlərin basdırılması özü-özlüyündə Ermənistan silahlı qüvvələrinin və onların əlaltılarının törətdikləri cinayətlərin qəddarlığından və amansızlığından xəbər verir. Cinayətkarlar əsir-girovluqda olmuş onlarla insanın ölümü ilə nəticələnən qəddar hərəkətlər və işgəncələrlə yanaşı, digər ciddi müharibə cinayətləri də törədiblər ki, bu da münaqişə zamanı cəsədlərin ləyaqətlə dəfn olunması, məzarlarına hörmətlə yanaşılması, müvafiq şəkildə saxlanılması və işarələnməsi ilə bağlı beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır.

Vurğulanıb ki, belə faktların artdığı ərəfədə cinayətkarlar hələ də cəzalandırılmayıb, Ermənistan, onun agentləri və əlaltıları tərəfindən törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin araşdırılması istiqamətində hələ də heç bir addım atılmayıb. Narahatlıq doğuran məqam həm də ondan ibarətdir ki, Azərbaycanın bununla bağlı çağırışları və Ermənistan tərəfi ilə, o cümlədən ən yüksək səviyyədə davamlı müzakirələrin aparılmasına baxmayaraq, rəsmi Yerevan məzarların, kütləvi qəbiristanlıqların yerinin müəyyən olunması və ya itkin düşmüş azərbaycanlıların taleyinin ayıdınlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirəcək hər hansı informasiyanın təmin olunması ilə bağlı əməkdaşlıq etməkdən boyun qaçırır.

Nazir Ceyhun Bayramov itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsinin həm qanunun aliliyi, ədalət, həm də münaqişə sonrası münasibətlərin normallaşmaşı baxımından önəmini nəzərə alaraq, beynəlxalq ictimaiyyətin bu məsələdə rolunun vacib xarakter daşıdığını vurğulayıb.

Məktubda, həmçinin 1990-cı illərin əvvəllərində itkin düşmüş minlərlə azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün Ermənistanın əlində olan bütün məlumatları verməyə məcbur edilməsinə dair BMT Baş katibinə çağırış edilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir