Manşet

Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilsin.

Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır:

Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

Təşkilat Komitəsi müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək, müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaradacaq və Azərbaycan gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin edəcək, müsabiqənin keçirilməsi qaydalarını təsdiq edəcək.

İşçi qrup müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən edəcək.

Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Gənclər və İdman Nazirliyi müəyyən edilir.

Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir