Rusiya prezidenti Putinin göstərişi ilə ev dustaqlığına çıxarılan iki kəşfiyyatçının əməliyyat vəsaitlərini mənimsədiyi iddia edilsə də, Qərb mediası bunun sadəcə bir bəhanə olduğunu bildirir.
Qərb mediası iddia edir ki, Putini kəşfiyyat qurumu uğursuzluğa düçar edib. Bu məqamda ev dustaqlığında olan Rusiya Federal Təhlükəsizlik Xidməti Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri Sergey Beseda Putinin Kiyevdəki uğursuzluğunun bir nömrəli mənbəyi kimi görünür.
Keçən həftə mediada Putinin Ukrayna müharibəsinin uğursuz kəşfiyyat və zəif strategiyaya görə məyus olması səbəbilə 8 generalı vəzifəsindən uzaqlaşdırdığına dair məlumatlar yayıldı.
PUTİN ONU “Günah keçisi” SEÇİB
İndi bütün dünyaya məlumdur ki, Rusiya tərəfi müharibənin ilk iki həftəsində aşkar səhvlərə yol verib. Bəs, bu aşkar səhvlərə görə kim günahlandırılacaq?
Britaniyanın “Teleqraf” qəzetinin təhlilinə görə, Putin artıq “günah keçisi” seçib. Əvvəlki bir çox xəbərlərdə Putinin çox qəzəbli olduğu və Ukrayna ilə müharibədə uğursuzluğa görə Rusiya Federal Təhlükəsizlik Xidmətini (FSB) hədəfə aldığı məlum idi. Bu yaxınlarda yayılan xəbər bütün iddiaları təsdiqlədi.
İddia olunurdu ki, kəşfiyyat orqanının iki kritik xadiminin ev dustaqlığına buraxılmasına səbəb 2014-cü ildən bəri ayrılan əməliyyat vəsaitlərinin mənimsənilməsi olub.
Bununla bərabər, “Teleqraf” qəzeti araşdırmanın Besedanın həbsi üçün sadəcə bir bəhanə olduğunu və əsl səbəbin onun Ukraynadakı rolu olduğunu iddia edir.
Prezidentə eşitmək istədiklərini söyləyib…
FSB mahiyyətcə daxili təhlükəsizlik qurumu olsa da, onun operativ məlumat departamenti xüsusən də qonşu ölkələrdə xarici əməliyyatlar aparır. Belə olan halda Beseda Kiyevdəki siyasi vəziyyətlə bağlı Putinin əsas mənbələrindən biri kimi görünür.
Xarici məblələrdə bildirilir ki, Putinin Ukraynaya müdaxiləyə qərar verərkən oxuduğu xəbərləri hazırlayan Besada prezidentə eşidilməsi lazım olanı deyil, onun eşitmək istədiklərini söyləyib.
Digər tərəfdən, iyirmi ildir Rusiya məxfi xidmətini izləyən Andrey Soldatov “The Times”a təşkilatın yaxşı kəşfiyyat məlumatı topladığını iddia etsə də, bunu Putinə söyləməyin çətin olduğunu deyib: “Problem ondadır ki, Rusiyada Putinə eşitmək istəmədiyi şeyləri söyləmək çox risklidir. Ona görə də onu sakitləşdirmək üçün hesabatları dəyişdirdilər”, – deyə Soldatov açıqlamasında bildirib.