Cəmiyyət

““Karaca” 3 aydır qaytardığım məhsulun pulunu vermir” – NARAZILIQ!

“Ötən il dekabrın 27-si satıcının məhsul haqqında verdiyi səhv məlumata görə “Karaca Azərbaycan”dan (28 Mall filialı) yanlış məhsul aldım. Məhsul qiyməti 40.80 manat olan bokal idi. Alandan sonra heç mağazadan çıxmadan öyrəndim ki, səhv məhsul almışam. Məhsulu o vaxtdan qaytarsam da, pulumu geri ala bilmirəm”.
Şirkətin müştərisi Könül Məmmədova bildirib ki, hər dəfə növbəti ayda ödənişin hesaba oturacağı deyilsə də, həmin vaxtdan 3 aydan çox müddət keçib: “Aldığım məhsulu qaytarmaq istəsəm də, əvvəlcə boyun qaçırmaq istədilər. Bildirdilər ki, kartla alanda məbləğ gec – təxminən 1 aya qayıdır. Razılaşdım, lakin mənə qaytarma ilə bağlı heç bir qəbz vermədilər. Qaytarma prosesinin necə olduğundan xəbərdar olmadığımdan tələb də etməmişəm. Sonradan öyrəndim ki, əgər məhsul həmin gün qaytarılırsa, 14 gün gözləməyə ehtiyac yoxdur, məbləğ də həmin günə qayıtmalıdır. Məhsulu qaytarma səbəbimlə bağlı bir anket doldurdum və mənə ödənişi etdiyimə dair qəbz verib yola saldılar. 1 ayın tamamında pulumun qaytarılmadığını görüb şirkətə yaxınlaşdım, dedilər hamıda gecikmə olub, fevralın axırı pul hesabıma oturacaq. Lakin 3 aydır, hələ də pulumu geri ala bilmirəm. Sonuncu dəfə isə bildiriblər ki, ödənişim martın sonunda qaytarılacaq. Mən müxtəlif aidiyyəti orqanlara da şikayət eləmişəm, amma belə başa düşürəm ki, şirkətin pulu qaytarmaq fikri yoxdur, vaxtı uzadıb pulu özlərinə saxlamaq istəyirlər”.

Maraqlıdır ki, sosial şəbəkələrdə “Karaca Azərbaycan” şirkətinin xidməti ilə bağlı xeyli bənzər şikayətlərə rast gəlinir. Digər müştərilər də müəyyən səbəblərdən məhsulları geri qaytarmaq istədikdə çətinliklə üzləşdiklərini iddia edirlər. Feysbukda “Müştəriyəm, şikayətim var” adlı qrupun üzvü olan digər bir müştəri Nərgiz Ağayeva da 7 yanvar tarixində aldığı məhsulu bir gün sonra, yanvarın 8-də geri qaytardığını qeyd edib. Onun sözlərinə görə, şirkət 15 gün sonra ödənişi geri qaytaracağını vəd versə də, üzərindən 2 aydan çox keçib. Amma hələ də ödəniş qaytarılmayıb.

“Karaca Azərbaycan” şirkətindən bildirildi ki, dekabrın 27-dən vergi orqanı tərəfindən şirkətin bütün hesablarına sərəncam qoyulub. Buna görə də, mart ayının 12-nə qədər şirkətin hesabları bağlı olub: “Biz müştərilərin hər birinə əvvəlcədən məlumat vermişik ki, bizim hesabda sərəncam var. Əgər qaytarmaq və ya dəyişmək fikirləri olacaqsa, nağd ödəniş etsinlər. Onlar da razı olublar ki, nə vaxt olsa, onda qaytarılar. Biz müştərilərlə bağlı ərizələri banklara təqdim etsək də, verginin qoyduğu sərəncama görə bank heç bir əməliyyatı icra edə bilmir”.

Şirkət rəsmisi həmçinin əlavə edib ki, hazırda şirkətə qoyulan sərəncam götürülüb və banka göndərilən ərizələr yenidən, yeni tarixlə göndərilir. Bu da müəyyən qədər vaxt aparır və bu cür şikayətlər ortaya çıxır. //Qafqazinfo.az//

““Karaca” 3 aydır qaytardığım məhsulun pulunu vermir”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir