Dünya

“Rusiyanın imperial ətalətdən qurtulacağını gözləməyin” – E.Qədirli Rusiyanı BELƏ XARAKTERİZƏ ETDİ

Rusiyanın demokratikləşməsi çox çətin məsələdir, yaxın gələcəkdə bunun baş verməsi mümkün deyil.

Redaktor.az bildirir ki, siyasi şərhçi Erkin Qədirli Rusiyada gedən proseslərin demokratiyanın bərqərar olmasına səbəb olub-olmayacağına aydınlıq gətirib.

E. Qədirli hesab edir ki, Rusiyanın demokratikləşməsi probleminin dərin kökləri var:

“Rusiya üç böyük mədəniyyətin varisidir: Bizans (Kiyev rusu), Türk (Moskva rusu) və Avropa (Sankt-Peterburq rusu). Bu mədəniyyətlərin təsiri bugün də güclüdür. Bizans və Türk mədəniyyətlərinin mirasları bir-birinə daha yaxındır, hətta bir-birini tamamlayırlar. Heç birisi də demokratik deyil. Bununla belə, ikisi də Rusiyada özlərinə nisbətən rahat yer tapa biliblər. Avropa mədəniyyəti isə nisbətən yenidir, dərin deyildir, üstəlik, zorla yeridilib. Bizans mirası, Kiyev rusu çökəndən sonra, rus kilsəsinin şəxsində yaşadı. Rus kilsəsinin rus dövlətilə uzunmüddətli birliyi nəticəsində Bizans mirası Rus dövlətinə də güclü təsir göstərə bildi. Bu təsir o dərəcədə güclü oldu ki, Rusiyada kilsənin təqib olunduğu dönəmlərdə də dövlətin dünyaya Bizans baxışı yoxa çıxmadı”.

E. Qədirli bildirib ki, türk mirası Moskva çarlığının inkişafında aydın görünür:

“Moskvanın yüksəlişi az qala tamamilə Qızıl Ordanın yürütdüyü siyasətin nəticəsində oldu. Öz gücünə yüksəliş üçün Moskvanın yerləşməsindən tutmuş başqa göstəricilərinə qədər, heç bir səbəbi olmayıb. Moskvadan daha qədim, daha zəngin və daha güclü rus dövlətləri olub – Novqorod, Pskov, Smolensk, Ryazan. Hamısı da, dönəminə uyğun, respublika olub. Hamısında parlament (Duma), referendum (Veçe), icra hakimiyyəti (Knyaz) təsisatları səmərəli çalışıb. Novqorod hətta indiki Avropa Birliyinin prototipi sayılan və Şimali Avropanın yüzə yaxın şəhərini birləşdirən Hanza (ticarət) Birliyinin imtiyazlı ortağı olub, üzvlüyə də hazırlaşırdı. Moskva isə, eyni adlı çayın içində yerləşən kiçik bir adanın üzərində taxta çəpərlə əhatəyə alınmış bir kənd olub. Qızıl Orda Moskva knyazı Birinci İvana yarlıq haqqını yığmaq səlahiyyətini verməsəydi, Moskva yüksələ bilməyəcəkdi. Birinci İvan, başqa rus knyazlarından Orda Xanı üçün yarlıq haqqı yığarkən, pulun bir hissəsini özünə götürürdü. Birinci İvan başqa knyazları pulda aldadırdı, Xanın tələb etdiyindən çox yığırdı, fərqi də cibinə qoyurdu. Buna görə Birinci İvanın tarixdə adı “İvan Kalita” qaldı. “Kalita” erkən rus dilində “pul kisəsi” deməkdir (indiki “кошелек”). Beləliklə, Moskva rüşvət, “şapka”, “otkat” hesabına yüksəlməyə başladı, varlandı, böyüdü və gücləndi. Moskva bu günün özündə də Rusiyanın korrupsiya mərkəzidir. Bu şəhərin idarəetməsi də xanlıq şəklini aldı, başqa Rus dövlətlərində olan seçkili təsisatlar orada inkişaf edə bilmədi. Moskva gücləndikcə, başqa Rus dövlətlərini tutdu və oradakı seçkili təsisatları dağıtdı”.

E. Qədirli qeyd edib ki, mərkəzi Moskva olmuş güclü rus dövləti gec-tez geriliyini anladı, Avropadan mütüxəssislər çağıraraq, islahatalara girişdi:

“Bu yola birinci İvan Qroznıy (Dördüncü İvan) çıxdı. İvan Qroznıy Hollandiyadan, Fransadan və İngiltərədən çoxlu mütəxəssis gətirdi. Dördüncü İvan xaricilərin məsləhətilə ölkəni idarə edirdi. Fransanı, İngiltərəni yamsılamağa çalışırdı. Alınmadı. Bir yandan Rus elitalarının (boyarların və kilsənin) güclü müqaviməti, o biri yandan da böyük geopolitik düşmənlə (Polşayla) uzun və ağır müharibə yekunda islahatların dayanmasıyla nəticələndi. Dördüncü İvandan sonra qısa müddət hakimiyyətdə olmuş Boris Qodunov hətta Avropaya tələbə göndərib. Bu, Rusiya tarixində dövlət hesabına xaricdə təhsil proqramının ilk örnəyi olub. Ancaq Avropada təhsil almış gənclərin heç birisi Rusiyaya qayıtmadı. Avropalaşma dayandı. Rusiyada Avropalaşmaya ikinci dəfə ciddi girişən Birinci Pyotr oldu. Pyotra qarşı da güclü müqavimət vardı (boyarlar+kilsə). Pyotr anladı ki, Moskvada Avropalaşma alınmayacaq, ona görə də yeni bir paytaxt qurdu. Sankt-Peterburq gerçəkdən Avropa şəhəri oldu. Çox qısa zamanda Sankt-Peterburq Moskvanı üstələdi. Ancaq Moskvanı üstələməklə də Rusiyanı avropalaşdırmaq alınmadı. Sankt-Peterburqda formalaşmış yeni rus elitası rus xalqından çox uzaqlaşmışdı. Rus elitasının tənhalığı və çarəsizliyi rus ədəbiyyatında aydın göstərilib. Rus liberallarının (bugünün özündə belə) əsas problemi- ideyaların prinsipiallığı fonunda prinsiplərin özülsüzlüydür”.

E. Qədirli vurğulayıb ki, I Pyotr və II Yekaterina Rusiyanı Qərbləşdirmək cəhdlərində çox amansız olub:

“Rusiyanı üçüncü dəfə Qərbləşdirmək cəhdini bolşeviklər etdilər. Tamam fərqli (liberalizmin yerinə sosializm) ideoloji əsaslarla olsa da, bolşeviklərin yürütdüyü siyasi layihə Qərbləşmə olub. Marskizmin də Qərb ideologiyası olması bir yana, bolşeviklərin elitası uzun müddət Avropada yaşayıb, xarici dillər bilib, Avropa intellektualları ilə danışıb, yazışıb, Qərbin texnoloji üstünlüyünü və ondan doğan siyasi nəticələri anlayıb. Bolşeviklər də çox qəddar olublar, milyonlarla adam qırıblar. Stalin, öz növbəsində öncə bolşeviklərin elitasını, sonra isə başqa təbəqələrdən olanları qırdı, ölkəni qapatdı, Avropadan üz döndərdi, axırda da özü Avropanın yarısını tutdu. Avropalaşma yenə alınmadı”.

E. Qədirli qeyd edib ki, SSRİ çökənə qədər Rusiyada geopolitik önəm daşıya biləcək heç bir böyük mədəni layihə olmadı:

“Yeltsinin dönəmində isə Rusiya çox zəif idi. Putin hakimiyyətə gələndən bu yana, Rusiya yenə Avropadan uzaqlaşmağa başladı və uzaqlaşmağa davam edir. Putinin dönəmində formalaşmış yeni liberal nəsil, bəzi fərqləri nəzərə almasaq, əvvəlki liberal nəsillərin yanlışlarını təkrarlayır. Dünyagörüşlərində eyni təməl problemi qalır – ideyaların prinsipiallığı fonunda prinsiplərin özülsüzlüyü… Rusiya bəlkə gec-tez demokratik ola bildi, amma onun liberallaşacağını, imperial ətalətdən qurtulacağını gözləməyin”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir