Cəmiyyət

Unibank eyni müştərini iki dəfə niyə ALDATDI? – NARAZILIQ!

Bakı sakini İlqar Fərmanov müştərisi olduğu Unibank tərəfindən aldadılıb. İki dəfə oxşar hüquq pozuntusu ilə qarşılaşan vətəndaş istehlakçı hüquqlarının pozulması ilə bağlı Azad İstehlakçılar Birliyinə müraciət edərək kömək istəyib.

Bu barədə Bizim.Media-ya Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov məlumat verib.

Belə ki, Unibank yanvarın 22-də müştərisi İlqar Fərmanova SMS göndərib. SMS-də 31 yanvaradək yanacaq doldurma məntəqələrində xərclənmiş vəsaitə 5 % cashback (faizsiz və komissiyasız taksit imkanı) hesablanması qeyd olunub. Lakin bank verdiyi təklifi və vədi yerinə yetirməyib. Vəsait müştərinin hesabından dərhal silinsə də 5% cashback qaytarılmayıb.

İlqar Fərmanov bu barədə banka rəsmi müraciət etsə də, ona verilən cavabdan təəccüblənib.

Bank İlqar Fərmanova hesablaşmanın gec getdiyini səbəb göstərib və 5 % cashback hesablanmayacağını bildirib. Müştəri banka aldadıldığını və bu barədə ona heç bir məlumatın verilmədiyini irad kimi bildirsə də, bank “bizim qaydalar belədir” deyə cavabını verib.

Şikayətçinin sözlərinə görə bu azmış kimi bank tərəfindən ikinci dəfə aldadılıb. Bu dəfə bank tərəfindən müştəriyə martın 22-də rəsmi məlumat gəlib. Məzmunda 31 martadək ApplePay ilə marketlərdə ödənilən hər 5 manata görə 1 manat cashbackin verilməsi qeyd olunub. Müştərinin marketlərdə böyük məbləğdə vəsaitlər xərcləməsinə baxmayaraq yalnız onun 1 hissəsi, daha dəqiq desək 20 manatı cashback kimi hesablanıb.

Yenidən banka müraciət edən İlqar Fərmanov birincidə olduğu kimi yenə eyni cavabı alıb. Ona bankdan bildirilib ki, maksimum 20 manat qaytarılır və bu şərt barədə bankın saytında məlumat yerləşdirilib.

Müştəri bu barədə ona şəxsi mesaj vaitəsilə bildirilməli olduğunu bildirsə də, bank yenə heç bir tədbir görməyib.

Unibank tərəfindən iki dəfə oxşar hüquq pozuntusu ilə qarşılaşan müştəri Unibank tərəfindən ona hesablanmalı olan 15, 50 AZN cashbacklərin geri qaytarılmasını tələb edir.

“Unibank”ın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova Bizim.Media-ya açıqlamasında məsələni bankın şikayət bölməsinə yönləndirdiyini bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir