Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.
Həmin əmlakların siyahısını əldə edilib. İstintaq orqanı tərəfindən həbs qoyulmuş sözügedən əmlakların siyahısını təqdim edirik:
-Bakı şəhərində yerləşən mənzil;
-Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;
-Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;
-Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş “Rance Rover” markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.
Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Məhkəmə əmlakların dövlət nəfinə müsadirə edilib-edilməməsinə qərar verəcək.Son 1 ildə bir çox məmur təqsirkar bilinərək əmlakına müsadirə qoyulub.
Zirveyolu.info cebhe.info-ya istinadla son bir ildə əmlakına müsadirə qoyulan məmurların siyahısını təqdim edir:
*Ötən ilin 21 sentyabr tarixində “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun əmlakına həbs qoyulub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, istintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.
Vidadi Muradov 2021-ci il noyabrın 5-də vəfat edib. Hazırda məhkəmədə hüquqi varis kimi onun həyat yoldaşı çıxış edir.
Bu ilin yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib.
*2021-ci ilin noyabr ayının 22-də Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinərək, özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər müsadirə olunub.
Qoca Səmədovun müsadirə edilən əmlakları bunlardır:
-Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;
-Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;
-Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;
-Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;
-Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;
-Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;
-Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq “Su səsi” restoranı;
-Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;
-Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası.
Habelə Qoca Səmədovun 30 min manat nağd pulu da müsadirə olunub.
Məhkəmədə Yevlax Rayon İcra Hakimiyyəti 1 milyon 546 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST” İş Mərkəzi isə 58 min manatlıq mülki iddia qaldırıb. Şəki Ağır Cinayətlər Məhkəməsi bu iddiaları təmin edib. Hökmə əsasən, keçmiş icra başçısı və yaxınlarının müsadirə olunan mülkiyyətinin bir hissəsi adları çəkilən qurumlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. Qalan hissə isə dövlət nəfinə keçiriləcək.
O cümlədən, tikintisi yarımçıq qalmış uşaq bağçasının da dövlət nəfinə köçürülməsinə qərar verilib.
12 yanvar Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.
*Ötən ilin 21 dekabr tarixində daha öncə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin əmlakları müsadirə edilib.
Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmdə bildirilib.
Qeyd olunub ki, onun Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.
KİV-ə Dəstək Fondunun 24.2 milyon yeyintiyə görə saxlanılan icraçı direktoru Vüqar Səfərlinin bu əmlakları müsadirə edilib:
-“Mercedens Benz ML 350”, “Volksvagen Tuareg” və “Toyota Land Cruser” markalı avtomobilləri
-Xətai, Binəqədi və İsmayıllı rayonlarında toplam 10-dan çox yaşayış və torpaq sahələri (8000 kv m-dən çox)
-Banklarda toplam 1 000 000 AZN depoziti.
Məhkəmənin hökmünə əsasən, Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum olunub.
*Ötən ilin 28 dekabrında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bacanağının müsadirə edilən əmlaklarının siyahısı açıqlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.
Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.
*Bu ilin yanvarın 21-də məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:
Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;
-Nəsimi rayonunda yerləşən mənzil;
-Nərimanov rayonunda yerləşən mağaza;
-Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;
-Xətai rayonunda yerləşən fərdi yaşayış evi;
-Monteneqroda yerləşən mənzil.
Qeyd edək ki, məhkəmənin hökmü ilə E. Həsənov 10 il azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyinin dəymiş ziyanla bağlı qaldırdığı 18 milyon 500 min manatlıq iddia təmin edilib.
Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.
Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
*Cari il yanvarın 31-də Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından sonra Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevin bank hesabında saxlanılan milyonlarla funt-sterlinqi müsadirə edilib.
maliyyə müstəntiqləri Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi haqqında sərəncam imzalayıblar.
Məlumatda qeyd edilib ki, geniş araşdırmadan sonra onun həyat yoldaşı Pərvanə Feyziyeva, övladlarından biri Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirin adına olan hesablara görə altı hesabın dondurulması Sərəncamı verilib.
Müstəntiqlər bu hesablardakı vəsaitlərin Azərbaycanda çirkli pullarla əldə olunduğundan və bu səbəbdən də geri qaytarıla bilən əmlak olduğundan şübhələnirdilər.
Çirkli pul Estoniya və Latviyada bank hesablarını idarə edən mürəkkəb şirkətlər şəbəkəsi vasitəsilə daşınacaqdı ki, bu da layların yığılması kimi tanınan prosesdir. Bu köçürmələrin bəziləri qanuni və çox əhəmiyyətli biznes əməliyyatlarını dəstəkləmək məqsədi daşıyan sənədlər, o cümlədən, hesab-fakturalar və müqavilələrlə müşayiət olunurdu.
“Westminster Magistrates” Məhkəməsində üç həftəlik mübahisəli müsadirə dinləməsindən sonra, Dairə Hakimi Con Zani bu sənədlərin tamamilə uydurma olduğuna və hesabları təşkil edənlərin əsas çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandığına dair çoxlu sübutların olması ilə bağlı qərar verib.
İlkin olaraq bank hesablarında dondurulmuş 15,3 milyon funt-sterlinqdən müsadirə üçün sifariş edilmiş ümumi məbləğ 5,630,994,19 funt-sterlinq təşkil edib.
*Bu ilin fevralın 11-də ləğv prosesində olan “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun əmlakları müsadirə olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun əmlakları zərərin ödənilməsinə yönəldiləcək.
Belə ki, təqsirləndirilən şəxsin Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43, Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi, Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi, Bakıda yerləşən daha bir mənzil, ailə üzvləriin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, başqa bir yaşayış evi, “Jeep Wrangler”, “Mersedes-Benz S500”, “Bentley Continental” və “Mersedes-Benz G63 AMG” markalı maşınlar müsadirə edilib.
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdur. O, N.İsmayılovdan 5 milyon manat tələb edir. Onun zərəri ödənilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, 2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlu 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Bundan başqa, N.İsmayılov 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq edərək bilə-bilə saxta sənədlərdən istifadə edib.
İş üzrə toplanan sübutlar əsasında N.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
*2022-ci ilin mart ayının 18-də məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.
Bakının Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan 1 milyon 34 min manatlıq əmlaklar da müsadirə olunub.
Üzərinə həbs qoyulan əmlakların siyahısı aşağıdakı kimidir:
-Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;
-“Audi” markalı avtomobil;
-Bakı şəhərində yerləşən daha bir mənzil.
Bundan başqa, “DOST” İş Mərkəzi tərəfindən qaldırılmış 125 min manatlıq və Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən qaldırılan 3 milyon manatlıq mülki iddialar təmin olunub.
Qeyd edək ki, Mahir Quliyev məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.