Cəmiyyət

Yarım milyonluq mənimsəmə ilə bağlı niyə cinayət işi açılmır? – TƏFƏRRÜAT

Şəmkir rayonunda yerləşən “Zirvə” supermarketində yarım milyon manatdan çox pulun mənimsənilməsi ilə bağlı araşdırma bir ildən çoxdur davam edir. Sahibkar Ramin Əliyev işlə əlaqədar süründürməçilik olduğunu iddia edərək bu məzmunda bir neçə dəfə şikayət etsə də, cinayət işinin başladılmasından imtina edildiyini bildirir. Zirveyolu.info ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən Ramin Əliyev qeyd edib ki, marketində kassir işləyən Laura Əliyevanın bu pulu mənimsədiyindən şübhələnir və bununla bağlı sübutları da prokurorluğa təqdim edib: “2021-ci il fevralında şikayətim əsasında araşdırma başladı, amma prokurorluq işə səthi yanaşdı. Şikayətçi olduğum və videosübutlarla pulumu mənimsədiyini bildirdiyim Laura Əliyevanın izahatına əsaslanaraq cinayət işinin başlanılması rədd edildi. Bizim təqdim etdiyimiz iki audit hesabatı, Ədliyyə Nazirliyinin verdiyi iki ekspert rəyi, şahid ifadələri və videogörüntülərlə audioyazılara heç bir əhəmiyyət verilmədi.

Şikayətlərimizdən və məsələ ictimailəşdikdən sonra sentyabrda iş yenidən araşdırılmağa başlandı. Dekabrda Məhkəmə Mühasibatlıq Ekspertizası rəy verərək 451 min manat pulun mənimsənildiyini qeyd etdi. Bundan sonra da prokurorluq cinayət işi başlamaqdan boyun qaçıraraq təkrar ekspertiza keçirmək istədiyini bildirdi. Bunu Baş Prokurorluğun Mətbuat xidməti də ictimaiyyətə açıqlamışdı. Qeyd olunmuşdu ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində ekspert tərəfindən qoyulmuş suallara tam və ətraflı cavab verilmədiyindən, əlavə ekspertiza təyin olunub”.

R.Əliyevin sözlərinə görə, artıq bir aydır ki, ikinci ekspert rəyi də verilib: “Ədliyyə Nazirliyi bu dəfə də marketdən 451 min manat pulun mənimsənildiyini təsdiqlədi və prokurorluğun əlavə suallarını da cavablandırdı. Müstəntiq Nicat Məmmədli məni çağırıb rəyin nəticə hissəsi ilə tanış etdi. Bu müddət ərzində hələ də işdə heç bir irəliləyiş yoxdur, istintaq hərəkəti aparılmır. Bir aydır ki, müstəntiq məni aldadır. Əvvəlcə dedi rəyi dəftərxanadan götürməmişəm. Sonra rayon prokuroru məni qəbul etdi, o da dedi ki, bu işdən detallı məlumatı olmayıb və cinayət işi başladacağını bildirdi. Ondan sonra da müxtəlif bəhanələr gətirirlər. Nicat Məmmədli bir dəfə dedi ki, Baş Prokurorluqdan qonaqlarımız var, cinayət işi aça bilmirik. Sonra dedilər prokurorluqda yoxlama var, gözlə, bitsin. Ardınca dedilər Novruz bayramıdır, gözlə, onu da gözlədim. Bayramdan sonra dedilər Baş Prokurorluq materialları götürüb, araşdırma aparır. Mən Baş Prokurorluğa da müraciət etdim, dedilər belə bir şey yoxdur, materiallar götürülməyib”.

Sahibkar iddia edir ki, bu işlə bağlı şikayətlərindən sonra vəkili də işdən uzaqlaşdırılır: “Bizim müraciətlərimizdən sonra müstəntiq Nicat Məmmədli məni çağırıb dedi ki, “vəkilinə denən mənə zəng etməsin”, onu “qara siyahı”ya salıb, əlaqə saxlamasına mane olur. Vəkilimi işlərdən uzaq tutaraq mənim müdafiə hüququmu pozur. Əlimizdə 2 audit hesabatı, dövlətin verdiyi 2 ekspert rəyi var. Laura Əliyevanın kassası üzərində qeydə alınan videogörüntülər əsasında hesablanmış audit çıxarışı ilə 4 ay ərzində 86 min manat mənimsəmə sübut olundu. Amma prokurorla müstəntiq Nicat Məmmədlinin əlində qalmışıq, cinayət işi başlamaqdan imtina edirlər. Hər dəfə də işi müxtəlif bəhanələrlə uzadırlar. Baş prokuror Kamran Əliyevdən xahiş edirəm ki, iş Şəmkir Rayon Prokrorluğundan alınıb Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verilsin”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən məsələ ilə bağlı hazırda Şəmkir Rayon Prokurorluğunda araşdırma davam edir: “Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin olunacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir