Cəmiyyət

Sülhə razılıq, yoxsa İrəvanın son “oyunu”? – GƏLİŞMƏ

Ermənistan dövlətlərarası sülhə nail olmaq üçün Azərbaycanın təqdim etdiyi beş prinsipdən ibarət sənədi qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 6-da keçirilmiş görüşündən sonra həm Avropa Birliyi, həm də Rusiya sözügedən sülh gündəliyinin icarasına dəstək verməyə hazır olduğunu bəyan edib. Bu məqsədlə Brüsseldə əldə olunmuş razılaşdırmaya uyğun olaraq, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılacağı gözlənilir.

Eyni zamanda, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın təsis edilməsi nəzərdə tutulub. Sərhədlərin müəyyənləşməsinə dair həm ötən il noyabrın 26-da imzalanmış Soçi Bəyannaməsində, həm də aprelin 6-da Brüsseldə öz əksini tapmış razılaşmaların həyata keçirilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya hökumətlərarası işçi qrupunun iclasının keçiriləcəyi bildirilir. Brüssel görüşünün nəticələrinə dair bəyanatda Birgə Sərhəd Komissiyasının iclasının aprel ayının sonuna qədər keçiriləcəyi qeyd edilir. Azərbaycan və Rusiya prezidentləri arasında aprelin 10-da baş tutan telefon danışığında da işçi qrupunun növbəti fəaliyyəti müzakirə olunub. Dövlət başçıları bu formatda nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın növbəti təmaslar barədə də söhbət aparıb. Hətta Ermənistan mediası Baş nazir Nikol Paşinyanın aprelin sonunda Moskvaya gözlənilən səfəri zamanı Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycanla növbəti danışıqalrın baş tutacağı barədə xəbər yayıb. Həmin müzakirələrdə yeni sənədin imzalanacağı istisna edilmir. Yəni söhbət Azərbaycanın təklif etdiyi sülh prinsiplərinin Ermənistan tərəfindən qəbul edilməsinə dair sənədin rəsmiləşdirlməsindən gedir.

Azərbaycan irəli sürdüyü baza prinsiplərini Ermənistanın qəbul edəcəyi təqdirdə, sülh danışıqlarına başlaya biləcəyini bildirib. “İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər”,-deyə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanır.

Qeyd edək ki, Azərbaycan XİN Ermənistana beş bənddən ibarət sülh təkliflərini mart ayının 14-də göndərib. Həmin vaxt Ermənistan hökuməti təklifləri qəbul etməyə razı olduğunu bildirsə də, Azərbaycanın qarşısında adekvat şərt irəli sürmüşdü. Rəsmi İrəvan Qarabağ ermənilərinə status verilməsini sülhün prosesi ilə ATƏT-in Minsk qrupunun məşğul olması ideyasını irəli sürdü. Ermənistanın bu təklifi ortaya atması Minsk Qrupunun fəaliyyətini yenidən bərpa etməyə hesablanmışdı. Əsas məqsəd isə status məsələsini beynəlxalq səviyyədə yenidən gündəmə gətirmək, Türkiyəni prosesdən kənarlaşdırmaqla ermənilərin Azərbaycana qarşı ərazi iddiasını reallaşdırmaq idi. Lakin Ukrayna müharibəsi fonunda baş verən geosiyasi proseslərin Cənubi Qafqaza təsiri Ermənistanın planlarını gözlənilmədən pozub. Yəni ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunda Rusiya ilə əmkdaşlıqdan imtina etməsi bu formatın dağılması ilə nəticələndi. Bu isə Minsk qrupunun mövcudluğunda Qərbin artıq maraqlı olmadığını göstərir.

Status məsələsində Azərbaycanı ABŞ-ın və Fransanın təzyiqi ilə güzəştə vadar edəcəyinə ümid edən Ermənistan faktiki olaraq, oyundankənar vəziyyətə düşdü. Tərəflər arasında sülh əldə olunarsa, Rusiyan hərbi kontingentinin Azərbaycan ərazisində sülhməramlı fəaliyyətinə ehtiyac qalmaz. Avropa Birliyinin Brüssel görüşündə tərəflər arasında razılaşmaların əldə olunmasına da bu kontekstdən baxmaq lazımdır. Lakin Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təkliflərini qəbul etdiyini desə də, növbəti dəfə yayındırıcı elementlər ortaya atmaqla diplomatik masada özünü məğlub deyil, bərabərhüquqlu tərəf kimi göstərməyə çalışır. Belə ki, Azərbaycanın martın 14-də təqdim etdiyi beş bəndlik təkliflə sonuncu variant arasında xeyli fərq müşahidə olunur. Birinci təkliflər paketi konkret şərtləri özündə ehtiva etdiyi halda yeni mətndə bunların ümumiləşdirilməsi və ya çıxarılması müşahidə olunur.

Martın 14-də təqdim edilmiş sülh şərtləri belə olub:

1.Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, o cümlədən Qarabağa hər hansı iddiadan imtina edilməsi;
2.Ermənistan qoşunlarının anklavlardan çıxarılması; (Kərki və Qazaxın 7 kəndi nəzərdə tutulur). 3.Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının 1970-ci il Sovet xəritəsi əsasında aparılması;
4.“Zəngəzur dəhlizi”nə xüsusi statusun verilməsi də daxil olmaqla, nəqliyyat əlaqələrinin blokdan çıxarılması;
5.Azərbaycanlı qaçqınların Ermənistana qayıtması və ya onlara dəyən maddi ziyanın ödənilməsi imkanlarının müzakirə edilməsi”.

Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sülh təkliflərinin yeni mətni isə belə göstərilir:

1.Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Göründüyü ki, paketdən “Ermənistanın Qarabağa iddiadan imtina etməsi” ifadəsi çıxarılıb və “Dövlətlərin bir-birinə qarşı ərazi iddialatının olmaması” kimi yazılıb. Halbuki, Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur. Ona görə də Azərbaycanın Ermənistan qarşısında hər hansı siyasi və hüquqi öhdəlik götürməsi mümkün deyil. İkincisi, Ermənistan açıq mətnlə Qarabağa ərazi iddiasının olmadığını təsdiq etməli olduğu halda bundan boyun qaçırır.

Qazax rayonunun yeddi kəndi və Sədərək rayonunun Kərki kəndi işğal olunmuş ərazilərdir və qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Ermənistan işğal olunmuş kəndlərin qaytarılmasını sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin tərkib hissəsi sayır. Lakin sərhədlərin müəyyənləşməsi on illərlə sürtə bilər. Bu halda Azərbaycanın kəndlərinin on illərlə işğal altında qalması heç bir məntiqə sığmır. Yeni mətndə sərhədlərin delimitasiya və demarkasiya prosesinin 1970-ci il xəritəsi əsasında aparılması təklifi də yoxdur. Bu isə Ermənistanın həmin şərtdən imtina etdiyi anlamına gələ bilər.

Halbuki, həmin dövrə aid xəritənin tətbiqi Sovet dövründə qanunsuz olaraq Azərbaycan SSR-in Ermənistana peşkəş edilmiş minlərlə hektar torpaqlarının qaytarılmasına imkan verə bilər. Həmçinin, Ermənistan sonuncu variantda Zəngəzur dəhlizinə xüsusi status verməkdən imtina edərək onu sadəcə olaraq, “nəqliyyat və kommunkasiyaların açılışı” razılaşması kimi qəbul edib. Nəhayət, yeni mətndə azərbaycanlı qaçqınların Ermənistana qayıtması və onlara təzminatın ödənilməsi yoxdur. Yəni Ermənistan bundan tamamilə imtina edir. Belə olan halda, Ermənistanın sülhə razılaşdığı, yoxsa növbəti siyasi spekulyasiyaya cəhd etdiyi tam aydın olmur.
Cebhe.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir