Cəmiyyət

AQTA sədrinə verilən yeni səlahiyyətlər nələri dəyişəcək?

Ekspert: “Azərbaycana idxal olunan Türkiyə kənd təsərrüfatı məhsullarının təhlükəsizlik göstəriciləri daha çevik şəkildə izlənəcək”

Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın üzvləri siyahısına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri də əlavə olunub. Bununla da AQTA sədrinə yeni vəzifə və səlahiyyət verilib. Bu sərəncamın qəbulundan sonra ictimaiyyət arasında müxtəlif suallar verilməyə başlandı. Bu, qida təhlükəsizliyi sahəsində dəyişikliklərə səbəb olacaqmı?

“Qida təhlükəsizliyi haqqında” Qanun qəbul olunduqdan sonra istehlakçıların qida təhlükəsizliyi sahəsində hüquqlarının müdafiəsinin daha da gücləndiriləcəyi bildirilir. Həmin qanun “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində bir sıra münasibətləri tənzimləyir. AQTA-dan bildirilmişdi ki, qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısı alınacaq. Eyni zamanda istehlakçıları aldatmaqla barəsində saxta və (və ya) yalan məlumat verilən qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsinin qarşısı alınacaq. Bundan başqa, yeni qanun qida məhsullarının istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınmasını da nəzərdə tutur.

“Qida təhlükəsizliyi haqqında” Qanun ölkə ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisin son keçirilən iclasında çıxışı zamanı deyib ki, “Qida Təhlükəsizliyi haqqında” Qanunun qəbul edilməsi ilə agentliyə heç bir əlavə səlahiyyət verilmir. O qeyd edib ki, qanunun qəbulu AQTA-nın həyata keçirdiyi səlahiyyətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Təhməzov əlavə edib ki, bu qanunun qəbulundan sonra qida məhsullarının müxtəlif minerallarla zənginləşdirilməsi mümkün olacaq.

“Bir sıra minerallar qida məhsullarında azlıq təşkil edəndə bəzi xəstəliklər ortaya çıxır. Qida məhsullarında dəmirin, D vitamininin çatışmazlığı insan orqanizmində bəzi problemlərə yol açır”, – deyə o əlavə edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a şərhində qeyd edib: “Türkiyə ilə Azərbaycan iqtisadi əməkdaşlığında mühüm rollardan birini ərzaq sahəsində iqtisadi əməkdaşlıq tutur. Bu məsələdə əslində Qoşqar Təhməzlinin həmin iqtisadi komissiyada təmsil olunması ilə şübhəsiz ki, Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının, eləcə də Azərbaycana idxal olunan Türkiyə kənd təsərrüfatı məhsullarının təhlükəzislik göstəricilərinin izlənməsi daha mükəmməl və çevik olacaq, məsələnin daha yüksək səviyyədə qaldırılmasında böyük rol oynayacaq. Qida Təhlükəsizliyi Agentliyinin birinci şəxsinin orada olması çox vacib məsələlərdən biridir. Çünki iqtisadi əməkdaşlığımızın mühüm seqmentlərindən biri qida məhsulları sahəsindəki iqtisadi əməkdaşlıqdır. Düşünürəm ki, bu əməkdaşlıq Azərbaycan cəmiyyətinə, biznesinə çox böyük töhfə verəcək”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir