Son günlər Xətai rayonu 165 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun ölüm səbəbi ilə bağlı anasının açıqlaması cəmiyyətdə ciddi reaksiyalar doğurub.
Doğrudan da, yazılanları oxuyanda adam dəhşətə gəlir. Adi qanaxmadan yeniyetmə dünyasını dəyişir.
Təsəvvür edirsiniz, XXI əsrdə, tibb elminin bu qədər inkişaf etdiyi bir vaxtda Azərbaycanda yeniyetmə burun qanaxmasından ölür.
Biz “Gündəlik-Bakı” olaraq ölkə səhiyyəsinin real durumu barədə, həkimlərin xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsməsi, kor bağırsaq əvəzinə nazik bağırsağını əməliyyat etməsi və s barədə kifayət qədər yazılar dərc etmişik.
Hazırda yayılan xəbər isə daha dəhşətlidir. Çünki xəstənin anası Mədinə Osmanova deyir ki, 2 xəstəxananın qəbul etmədiyi səbəbdən ölən məktəbli oğlum, həkimlərin səhlənkarlığından və biganəliyindən ölüb.
Ana fəryad edir ki, hər iki xəstəxanada can verən oğlumun üzünə baxmadılar.
Bundan ağır və dəhşətli nə ola bilər..?
Ramal Osmanovun anası bildirir ki, oğluna K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) və Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının həkimləri heç bir yardım göstərmədi.
Bu məqamda bir şeyi qeyd etməliyik ki, müharibə zamanı hətta qarşı tərəf düşmənin əsgərinə, əsirinə humanitar və səhiyyə yardımı göstərir, onu ölümdən xilas edir. Amma Azərbaycan səhiyyəsi, daha doğrusu, Səkinə Sadıqovanın müdir olduğu Sumqayıt şəhər səhiyyə şöbəsi, sabah Qarabağda döyüşəcək yeniyetmənin xilas olması üçün bu qədər laqeydlik göstərir.
Xəstəni qəbul etməyən tibbi ocaqlarının mətbuat xidmətlərinin açıqlamasını oxuyanda adam dəhşətə gəlir. Guya yeniyetmə xəstəxanaya çatdırılanda o artıq dünyasını dəyişmişdi.
Yeniyetmənin anası bununla razılaşmayıb və deyib ki, 2 nömrəli Kliniki Uşaq Xəstəxanasının həkimləri oğlunu 2 saat təcili tibbi yardım maşınında saxlayıb və qəbul etməyib:
“Bu müddət ərzində də uşağın vəziyyəti ağırlaşdı və həkim üzərinə götürmədiyinə görə qorxudan şoka düşdü. Amma nəbzini yoxladılar, uşaq sağ olub. Sonradan başqa bir həkim yaxınlaşaraq Ramala baxacağını deyib. Uşağı liftlə qaldıranda ürəyi partladı və orada keçindi. Əgər təcili tibbi yardımda dünyasını dəyişmişdisə, niyə digər həkim boynuna götürdü? Uşağın ölümü həkim səhlənkarlığından olub və mən bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyəm”, – deyə ana əlavə edib.
Yuxarıda qeyd etdiyimiz kimi yeniyetmə sadəcə burun qanaxmasından dünyasını dəyişib. Yəni adi bir xəstəlikdən.
Təsəvvür edirsiniz, Sumqayıtda fəaliyyət göstərən “Unikal” klinikasına gətirilən Ramal Osmanovun burun qanaxmasının aradan qaldırılması üçün yerli “yandırma” metodu tətbiq edilmişdir və bu ümumi anesteziya altında keçirilmişdir.
“Gündəlik-Bakı”ya açıqlama verən millət vəkili Müşviq Məmmədli bildirib ki, ümumi anesteziyanın həyata keçirilməsi üçün xəstənin vəziyyəti ona imkan verməlidir:
“Ancaq qan tablosuna baxdıqda görürük ki, hemoqlabin 80 qr/lt, eritrosit 3.5×10 12/lt, rəng göstəricisi 0.7, laxtalanma müddəti isə 2 dəq. başlayır, 6 dəq. bitir qeyd edilmişdir. Bu onu göstərir ki, aktiv şəkildə qanaxma vardır. Xəstəyə tibbi müdaxilənin olması risklidir. Buna baxmayaraq xəstəyə müdaxilə olmuş və xəstədə ağırlaşma baş vermişdir. Bundan sonra dövlət səhiyyə müəssisələrindəki təlimatlara uyğun olmayan, yanlış proseslər baş vermişdir. Unikal klinikasında təcili tibbi yardım maşını nasaz vəziyyətdə olduğu üçün dövlət tibb müəssisəsindən təcli yardım maşını çağırılmış, ağır vəziyyətdə olan xəstə heç bir razılaşma olmadan, heç bir müvafiq təlimatlara uyğun olmadan aparılmışdır”.
Millət vəkili sonra müxbirimizə bildirib ki, köçürülmədən öncə həmin xəstəxanaya məlumat verilməli, xəstənin sənədləri ora göndərilməlidr, təcili yardım “taksi xidməti” deyil.
Millət vəkili Müşfiq Məmmədli müxbirimizə onu da bildirib ki, təcili tibbi yardım maşını reanimasyon xidmət üçün uyğun deyilmiş, defibrillator nasaz vəziyyətdə, maşında oksigen balon olmamışdır. Heç bir tibbi yardım göstərilmədən, sadəcə “taksi” xidməti kimi razılaşma olmadan bu cür ağır vəziyyətdə olan xəstə Bakı şəhərinə göndərilmişdir. Təxliyyədə önəmli məsələ təxliyyə prinsiplərinin səhiyyə idarəetmə pillələrinə uyğun şəkildə müvafiq qurumun rəhbəri tərəfindən idarə edilməlidir. Amma biz nəyi görürük? Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin heç bu prosesdən xəbəri yox imiş. İlkin səhiyyə xidmətini təşkil edən alt strukturlar belə, bu prosesdən xəstə dünyasını dəyişdikdən sonra məlumatı olmuşdur. Sumqayıt kimi böyük şəhərdə, reanimasiyon xidmətin kifayət qədər olmasına baxmayaraq özbaşına qərar qəbul edilmiş və bu da ağır vəziyyətdə olan insanın qanaxmadan həyatını itirməsi ilə nəticələnmişdir. Xəstənin qan müayinələri onu göstərir ki, qanaxma aktiv şəkildə davam etmişdir. Hətta “yandırma” dediyimiz metod qanaxmanı dayandırmamış, əksinə ümumi anesteziya altında olan xəsətədə vəziyyət ağırlaşmış, arqonal vəziyyətdə olan, köçürülməməli xəstə, tibbi yardımın Sumqayıt Tibb Mərkəzi tərəfindən təşkil olunması tələb olunan xəstə uzun bir yol qət edərək, müxtəlif tibb mərəkəzlərini gəzərək daha da ağırlaşmış və bu da xəstənin ölümünə səbəb olmuşdur. Qanunvericiliyə görə tibbi təxliyyə bir başa Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinin səlahiyyətində olan məsələdir. Ona görə də bir gəncin, gələcəkdə Azərbaycan əsgəri olacaq şəxsin vəfat etməsinin günahı onların üzərindədir, ciddi şəklildə həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən AZAD edilməlidir”.
Bəli, biz “Gündəlik-Bakı” olaraq az qala 1 ildir ki, Sumqayıt Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıqovanın əməllərindən yazırıq.
Onun Təcili Yardım Stansiaysına ayrılan benzini, sürtkü yağlarını, avtomobil ehtiyyat hissələrini satması barədə silsilə yazılar dərc etmişik.
Bəli, Səkinə Sadıqova “şəriki”, avtoqarajın müdiri Kamrana deyir ki, qoy şoferlər benzini, “zapçastı” öz ciblərindən alsınlar…Hətta Səkinə Sadıqovanın möhürü həmişə Kamranın cibində olur.
Biz bütün bunları 1 ildir yazırıq, niyə bir dövlət qurumu bizdən soruşmur ki, Səkinədən nə istəyirsiniz..?
Niyə bizim yazdıqlarımızı hansısa dövlət qurumu araşdırmır..?
Bəli, bu da nəticəsi..?
Səkinənin təcili yardım maşınında nə yanacaq var, nə oksigen balonu…maşın da nasaz…
Və ortada bir yeniyetmə həyatla vidalaşdı…
Elə bilirsiniz bu proses dayanacaq..?
Nə qədər ki, Səkinə Sadıqova kimilər rəhbər vəzifədədir, hələ çox gənclərimiz adi burun qanaxmasından dünyasını dəyişəcək.
Yeri gəlmişkən, biz də təklif edərdik ki, bu məsələyə Milli Məclisin Səhiyyə Komitəsində baxsınlar.
Məsələ ilə bağlı MM-in Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanovla əlaqə saxlasaq da, o Türkiyədən olan nümayəndə heyəti ilə görüşdə olduğu üçün danışa bilmədiyini bildirdi. Sonra MM-in aktiv millət vəkillərinə müraciət etdik. Sumqayıtdan seçilmiş millət vəkili Hicran Hüseynova bildirdi ki, məsələ ilə bağlı ciddi araşdırmalar vacibdir, yəqin ki, məsələyə hüquqi qiymət veriləcək.
Millət vəkili Tahir Mirkişili isə bildirdi ki, məsələdən məlumatlı deyildir. Həmişə aktivliyi ilə seçilən Qənirə Paşayeva isə Masallıda tədbirdə olduğunu və sualın watsapp vasitəsilə ona gondərilməsini istədi. Təbib rəhbəri Vüqar Qurbanov isə bildirdi ki, mən vətəndaş qəbulundayam, bizim mətbuat xidmətimiz var Samirə xanım onunla əlaqə saxlayın.
Biz isə Gündəlik Bakı qəzeti olaraq, ölkə başçımız, cənab İlham Əliyevə, Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya üzümüzü tutaraq xahiş edirik ki, bu məsələ ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilsin və xəstələrə səhlənkar yanaşan həkimlərin cəzalandırılması üçün müvafiq orqanlar hərəkətə keçsinlər.
Əldə etdiyimiz son məlumatlara görə, Sumqayıt səhiyyəsinin rəhbəri Səkinə Sadıqova hadisə vaxtı nasaz olan təcili yardım maşınını və maşında olan həkimin adını dəyişdirərək saxtakarlıq etmək istəyir. Biz isə xatırladırıq ki, təcili yardım maşınının dövlət nömrə nişanı 99-JH-839 və həkimin soyadı isə Baxışovadır. (pediatr deyil) Tibb bacısı Hacıəzizova, sürücü isə Taleh adlı şəxs olub. Əldə etdiyimiz məlumata görə, təcili yardım maşını Sumqayıtdan Bakıya 100 manata gedib. Bizim bir qəzet olaraq operativliyimiz həmişə rüşvətxor məmurları narahat edir, amma biz atdığımız hər bir addımı dövlətimiz, dövlətçiliyimiz üçün edirik. //gundelik-baku.com//