“Rəyasət Heyəti Aprel ayının 27-də keçiriləcək yığıncağında AMEA-nın elmi bölmələrinin hesabatları dinləniləcək, akademiyaya prezident seçilməsi məsələsinin hansı tarixdə müzakirəyə çıxarılması isə məlum deyil.”
Bu fikirləri Aprel ayının 27-də AMEA-nın keçiriləcək ümumi yığıncağında akademiyaya seçiləcək yeni prezident məsələsinin müzakirəyə çıxarılacağına dair mətbuatda yayılan xəbərə cavab olaraq, Rəyasət Heyətinin mətbuat xidməti bildirib.
Zirveyolu.info -ın xəbərinə görə, Faktinfo.az saytının əldə etdiyi məlumata əsasən bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyasına yaxın iki ayda yeni prezident seçkisi gözlənilmir. Yeni prezidentin AMEA-nın bir neçə institutunda aparılacaq yoxlamalardan sonra seçiləcəyi gözlənilir. Həmçinin, yeni simanın AMEA Rəyasət Heyəti üzvləri arasından seçilməklə, fizik və ya kimyaçı olacağı ehtimalı üzərində dayanılır.
Əgər AMEA-ya prezident Rəyasət Heyəti üzvlərindən kənar şəxs seçilməyəcəksə, onda vəziyyət daha çox bu şəxslərin – Arif Həşimov, Adil Qəribov, Fuad Əliyevin üzərində dayanmağı şərtləndirir. Çünki, hər üç şəxs dünya alimlərinin istinad edə biləcəyi səviyyədə elmi əsərlərə sahibdirlər. AMEA-nın özündə isə əksəriyyət bu posta 1-ci vitseprezident, texnika elmləri doktoru, fizik, akademik Arif Həşimovun layiq olduğu qənaətindədir. Amma hansısa istinanın ola biləcəyini düşünənlər də az deyil. Nəzərə alsaq ki, proqnozlaşdırılan və bəzən hamının gözləntilərinə rəğmən özünü doğrultmayan yüzlərlə nümunə var, bu təqdirdə, Arif Həşimovun növbəti prezident olmayacağına yüz faiz əmin olanların fikirlərinə də haqq qazandırmaq mümkündür.
Bu təqdirdə, nəzərlər digər alimlər – Adil Qəribov və Fuad Əliyevə yönəlir. Rəyasət Heyətində təmsil olunan, elm sahəsində çəkili sima hesab edilən Adil Qəribov kimya elmləri doktoru, professor, radiasiya kimyasını dərindən bilən, uzun illər nüvə enerjisinin enerji tutumlu neft-kimya proseslərində tətbiqi imkanlarını araşdıran, Radiasiya Problemləri İnstitutuna rəhbərlik etmiş şəxsdir.
Eləcə də, AMEA Gəncə bölməsinin rəhbəri, həm də Rəyasət Heyətində yer alan kimya elmləri doktoru, akademik Fuad Əliyevin də potensialına güvəniləcək alim kimi vurğulanır. İlk dəfə onun elmi naliyyətlərindən bu gün ölkəmiz üçün əsas iqtisadi sütun hesab edilən neft-kimyası sahəsində istifadə edilir.
Kadr hazırlığına, elmi əsərlərinə, beynəlxalq aləmdə çap olunan əsərlərinin ümumi sayına və sanbalına görə, hər üç şəxs Rəyasət Heyətində elm tutumlu alimlər hesab olunurlar.
Akademik Arif Həşimovun AMEA prezidenti olması yolunda hansısa bir fors-major hadisəsi baş verməsə, bu digər alimlərin üzərində dayanmağı şərtləndirir.